Fevralın
12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru,
professor Səməd Seyidov doktorant və dissertantlarla
görüşüb.
Görüşdə çıxış edən Səməd Seyidov ali təhsil
müəssisələrinin məqsədinin ali bilikləri mənimsəmək
arzusunda olan gənclərə bu yolda öz fəaliyyətini ən
yüksək səviyyədə nümayiş etdirmələri üçün şərait
yaratmaq olduğunu söyləyib. Doktorantların maraqlı,
çətin, şərəfli sahə olan elmi araşdırmalara yenicə qədəm
qoyduqlarını deyən rektor tədqiqatların aparılmasında
elmi rəhbərlərlə məsləhətləşməyin önəmli olduğunu qeyd
edib. Bildirilib ki, universitetdə elmi araşdırmaları
yüksək səviyyədə aparmaq iqtidarında olan ordu yaranıb
və bu elmi orduya köməklik göstərilir. ADU-da gedən
tədris proseslərinin dövlətimiz tərəfindən yüksək
qiymətləndirildiyini və bunun nəticəsi olaraq
universitet əməkdaşlarının yüksək vəzifələrə təyin
olunduğunu söyləyən rektor Səməd Seyidov professor Azad
Məmmədovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
direktoru kimi fəaliyyətini davam etdirdiyini qeyd edib.
Universitet əməkdaşlarının beynəlxalq uğurlarından
danışan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin
xarici əlaqələrinin uğurla inkişaf etdiyini deyib.
Rektor elmin inkişafına töhfə olaraq ADU-nun elmi
tədqiqatçılarının məqalələrinin impakt faktorlu
beynəlxalq jurnallarda nəşrinin, müxtəlif beynəlxalq
tədbirlərdə və konfranslarda doktorant və
dissertantların iştirakının, yerli təşkilatlarla
əməkdaşlıqda yeni elmi ideyaların həyata keçirilməsində
universitetin maddi dəstək göstərməyə hazır olduğunu
bildirdi. Səməd Seyidov öz gələcəyini məhz elmlə
bağlayan insanlara bu yolda uğurlar arzulayıb və təbrik
edib.
Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor
Dünyamin Yunusov doktorantura təhsilinin prosedur
qaydaları haqqında məlumat verib.
Sonda doktorantların təklif və iradları dinlənilib,
onları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr departamenti |