Təhsil Problemləri İnstitutunda bir ay davam edən "Elektron
məktəb üçün elektron müəllim" kursunu müvəffəqiyyətlə
bitirmiş müəllimlərə sertifikatların təqdim olunması
mərasimi keçirilib.
Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın müvafiq maddəsinin
(yeni kurikulumlara və informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun
metodiki vəsaitlərin, didaktik materialların və təlim
vasitələrinin hazırlanmasını stimullaşdıran yeni
mexanizmlərin yaradılması; distant təhsil və s.)
məzmunu əsas götürülərək Təhsil Problemləri İnstitutunda
uyğun kurslara start verilib. Azərbaycanın bütün
bölgələrində təhsil sahəsində çalışanların əhatə
olunmasını nəzərdə tutan bu kurslarda iştirakçıların
sayı getdikcə artmaqdadır.
Mərasimdə kursa qatılan müdavimlərdən Bakı şəhəri Zərifə
Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn
Hüseynov, Samux rayonu Nizami Gəncəvi adına tam orta
məktəbin ibtidai sinif müəllimi Zöhrə Verdiyeva bir ay
ərzində kurs zamanı əldə etdikləri biliklərə dair
nümunəvi dərsin təqdimatını ediblər.
İlin ilk kursuna Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay,
İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad
rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi də
qatılıb.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və
informasiya şöbəsi |