Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
yüksək balla qəbul olunmuş 10 tələbə fakültənin dekanı,
professor Şamil Vəliyev və radio-televiziya
jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın
rəhbərliyi ilə Türkiyəyə səfər ediblər. Türk Əməkdaşlıq
və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya
ofisinin (TİKA) və BDU-nun birgə layihəsi çərçivəsində
baş tutan səfər zamanı tələbələr TİKA, TRT, Anadolu
Agentliyi, Başnazirlik, Mətbuat, Nəşriyyat, İnformasiya
Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsi
və bəzi media qurumlarında bir həftəlik təlim-təcrübə
proqramında iştirak edəcəklər.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov səfər öncəsi
tələbələri qəbul edərək onlara uğurlar arzulayıb. Rektor
bildirib ki, ötən ilin mart ayında TİKA əməkdaşları -
koordinator Mustafa Haşim Polat və koordinator müavini
İsmail Gürlek ilə görüşü zamanı jurnalistika
fakültəsinin infrastrukturunun və tədris proqramlarının
yenilənməsi məqsədilə bəzi məsələlər, o cümlədən
tələbələrin qardaş ölkənin media qurumlarında təcrübə
keçmələri müzakirə edilib.
Dekan Şamil Vəliyev qəbul üçün rektora təşəkkür edib.
Kafedra müdiri Aynur Kərimova bir həftəlik səfərin
tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.
Mətbuat və informasiya şöbəsi
|