Bakı
Avropa Liseyi Yaponiyanın "TokyoCinema" studiyası ilə
birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino
məktəbi layihəsinə başlayıb.
Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema"
beynəlxalq uşaq kino məktəbinin açılışı münasibətilə
tədbir keçirilib.
Tədbirdə Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova çıxış edərək bildirib ki, kino məktəbin
yaradılmasının əsas məqsədi uşaq və yeniyetmələrdə
kinematoqrafiya sənətinə marağı artırmaq, istedadlı
uşaqları üzə çıxarmaqdır. Gələcəkdə liseyin
şagirdləri ilə yanaşı, digər məktəblərin də şagirdləri
layihədə iştirak edəcəklər. Qeyd edilib ki, kino məktəbə
uşaqlar birinci sinifdən qəbul olunacaqlar. Burada
Azərbaycanın tanınmış kino xadimləri, kinematoqrafçıları
ilə yanaşı, yaponiyalı mütəxəssislər də balacalara
kinonun sirlərini öyrədəcək, yeni ideyalar verəcək, kino
haqqında məlumatlarını genişləndirəcəklər.
Sonra tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor
Fərəh Əliyeva rəhbərlik etdiyi ali məktəbin dəstəyi ilə
həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb.
Rektor bildirib ki, layihə çərçivəsində açılan
beynəlxalq uşaq kino məktəbi səmərəli fəaliyyəti ilə
məktəblilərin zövqünün, dünyagörüşlərinin
formalaşmasında əhəmiyyətli rol oynayacaq. Bu kino
məktəbə ADMİU-nun kino sahəsi üzrə böyük təcrübəsi olan
müəllimləri cəlb olunacaq və şagirdlərə ustad dərsləri
keçəcəklər. Layihəyə azərbaycanlı mütəxəssislərlə
bərabər xarici mütəxəssislər də cəlb olunacaqlar.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının
icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev
Azərbaycanda belə bir məktəbin yaradılması təşəbbüsünü
yüksək qiymətləndirib. Qeyd edib ki, kinematoqrafiya
plastik sənətdir, gəncləri erkən yaşdan bu sənətə
yönəltmək, onlarda bu sahəyə məhəbbət aşılamaq olduqca
təqdirəlayiq haldır.
Çıxış edənlər kino məktəbin fəaliyyətinə uğurlar
arzulayıblar və Azərbaycan kinosunu beynəlxalq miqyasda
tanıdacaq kinematoqrafçıların yetişəcəyinə
əminliklərini ifadə ediblər.
Sonda məktəblilərin kino haqqında fikir və düşüncələri,
mahnılar dinlənilib, liseyin şagirdləri barədə videoçarx
nümayiş olunub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |