Fevralın
11-də Təhsil Nazirliyi, "British Council" və "İnkişaf
Naminə İdman" İctimai Birliyi arasında əməkdaşlığa dair
niyyət protokolunun imzalanması mərasimi keçirilib.
Mərasimdə Təhsil Nazirliyinin rəsmiləri, "British
Council"un Azərbaycan üzrə rəhbəri və "İnkişaf Naminə
İdman" İctimai Birliyinin sədri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, birgə əməkdaşlıq
çərçivəsində "TOPs Proqramı - şagirdlərin fiziki
sağlamlığı, psixoloji dayanıqlılığı və təlim
nailiyyətlərinin yüksəldilməsi" üzrə nümunəvi layihə
hazırlanıb və "Bakcell" şirkətinin dəstəyi ilə 2015-ci
ilin əvvəlindən ilkin mərhələnin icrasına başlanıb.
"İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata
keçirilən layihənin məqsədi ümumi təhsil məktəblərində
fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn
üzrə müasir tədris metodikası - TOPs proqramı ilə təmin
etməkdir. Britaniyalı mütəxəssislər tərəfindən
yaradılmış və Birləşmiş Krallıqda geniş istifadə olunan
bu proqramın tətbiqi təhsil alanların hərəkət
bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin
yaradılmasına, təhsil aldıqları müddətdə onların
fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət
edəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki,
şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı
və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman
vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet
istiqamətlərdəndir. Bu layihə də "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na uyğun olaraq, müvafiq tədbirlər və
fəaliyyət istiqamətləri nəzərə alınaraq həyata
keçiriləcək.
"British Council" təşkilatının Azərbaycan üzrə rəhbəri
Elizabet Uayt təmsil etdiyi qurumun ölkəmizdə həyata
keçirdiyi layihələrdən və Təhsil Nazirliyi ilə yaranmış
işgüzar əməkdaşlıqdan danışıb.
Milli Olimpiya Komitəsinin üzvü, "İnkişaf Naminə İdman"
İctimai Birliyinin sədri Mehman Kərimov TOPs proqramının
tarixi və onun şagirdlərin hərəkət bacarıqlarının
inkişafı, fiziki-psixoloji sağlamlığının qorunmasına
dair faydalı cəhətləri haqda məlumat verib. Layihə
çərçivəsində TOPs metodikası vasitəsilə fiziki tərbiyə
dərslərinin və idman məşğələlərinin daha səmərəli və
innovativ formada tədrisi üçün müəllimlər üçün metodiki
vəsaitin hazırlanması nəzərdə tutulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Məhəbbət Vəliyeva bu layihə çərçivəsində fiziki tərbiyə
müəllimlərinin müasir tədris vəsaitləri ilə təmin
olunmasını müsbət dəyərləndirib. Yeni metodların fiziki
sağlamlığında problemi olan məktəblilər üçün əlavə
imkanlar yaratması da təqdirəlayiqdir.
Sonda Təhsil Nazirliyi, "British Council" və "İnkişaf
Naminə İdman" İctimai Birliyi arasında əməkdaşlığa dair
niyyət protokolu imzalanıb. |