Fevralın
12-də Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV
Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
"Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq
ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF
- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
təşkil olunur. Builki müsabiqədə 204 şagird 106 elmi
layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si
kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı,
ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin
şagirdləri layihələr təqdim edib.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif
Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam
Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi
direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel
korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin digər dövlət
qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların
təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları,
təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri
qatılıblar.
Mərasimdə
çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki,
"Sabahın alimləri" IV Respublika müsabiqəsinin
Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər
zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər
Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi
deyil. Ölkəmizdə təhsil islahatlarının həyata
keçirilməsi, kadr və intellektual potensialın
möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil
quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyeva tərəfindən uğurla davam
etdirilir.
Nazir "Sabahın alimləri" IV Respublika müsabiqəsinin
keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə
elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin
aşılanmasından ibarət olduğunu bildirib. Təhsil naziri
innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə
müxtəlif problemlərin elmi həll yollarını axtarıb
tapmağa kömək edəcəyini nəzərə çatdırıb.
AMEA-nın prezidenti Akif Əlizadə təcrübəli alimlərin
gənc alimlərlə əməkdaşlığının elmin inkişafına əlavə
töhfə olacağına əminliyini vurğulayıb. Akademiyanın
institutlarının müasir avadanlıqlarla təmin olunduğunu
qeyd edən Akif Əlizadə gənc alimlərə tədqiqat işlərində
kömək etməyə hazır olduqlarını deyib.
Mərasimdə
çıxış edən gənclər və idman nazirinin müavini İntiqam
Babayev şagirdlərin beynəlxalq elm yarışlarında
qazandıqları hər bir uğurun bütövlükdə ölkəmiz üçün
mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun fikrincə,
bu müsabiqəni gələcək alimlərin ilk addımı kimi
dəyərləndirmək olar.
Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil
Kərimli çıxışında Azərbaycan elminə gənc nəslin
gəlişinin vacibliyini vurğulayaraq, bu cür müsabiqələrin
məktəblilərin elmə marağının artırılması, onların
istedad, bacarıq və elmi potensialının üzə çıxarılması
baxımından gərəkli olduğunu qeyd edib. A.Kərimli
"Sabahın alimləri" müsabiqəsi qaliblərinin bu ilin
mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel ISEF
sərgisində ölkəmizi uğurla təmsil edəcəklərinə
inandığını deyib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov təhsil
infrastrukturunun müasir tələblərə uyğun qurulmasının,
təhsilin məzmununun yeniləşdirilməsinin, təhsil
müəssisələrinin informasiya-kommunikasiya
texnologiyaları ilə təmin edilməsinin və çoxsaylı digər
layihələrin, tədbirlərin sabahın alimlərinin yetişməsi
üçün etibarlı zəmin yaratdığını deyib.
İntel
korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva Beynəlxalq Elm və Mühəndislik Sərgisinin
şagirdlərin elmə və yeni biliklərə marağının
artmasındakı rolunu qeyd edərək, müsabiqə
iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar layihələrin
nümayiş olunduğu stendlərlə tanış olublar.
Müsabiqə üç gün davam edəcək. Sonuncu gün "Açıq qapı"
saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin
media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı
yaradılacaq.
"Sabahın alimləri" IV Respublika müsabiqəsinin
qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və
mükafat təqdim olunacaq.
www.edu.gov.az |