Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Ali təhsil, keyfiyyət və əmək bazarı

 

Əfqan ABDULLAYV,
T
əhsil Nazirliyi Hüquqi Ekspertiza və Lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi, professor

Böyütmək üçün seçinQloballaşan dünyada ölkələr arasında rəqabətin gündən-günə daha da güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Bu da qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması zərurətini gündəmə gətirmişdir.

Son illərdə təhsilə dair qəbul olunmuş bütün sənədlərdə ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan (2009-cu il) tutmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  (2013-cü il) da daxil olmaqla) təhsilin keyfiyyəti məsələsi prioritet bir məsələ kimi öz əksini tapmışdır. Məhz həmin sənədlərdə qeyd olunur ki, təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.

Eyni zamanda o da vurğulanır ki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Respublikamızın vahid Avropa məkanına inteqrasiyası bütün sahələrdə olduğu kimi ali təhsil sahəsində də inamla davam etdirilir. Avropa İttifaqı ilə geniş, qarşılıqlı əlaqələr, 2005-ci ildən Bolonya prosesinə qoşulma və digər addımlar onu deməyə əsas verir ki, atılmış addımlar yaxın gələcəkdə öz nəticələrini verəcəkdir. Bu da çox başa düşüləndir. Qloballaşan dünyada, internet dövründə təcrid olunaraq  tək yaşamaq, demək olar ki, mümkün deyil. Təcrid olunaraq yaşamaq həm təcrid olan üçün, həm də qlobal dünya üçün xeyir gətirmir. Hər iki tərəf (bəlkə də birinci tərəf daha çox) itirmiş olur.

Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri"  elan etmişdir. Bu məhz o zərurətdən irəli gəlib ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu inkaredilməzdir. Bu gün dünyanın ABŞ, Çin, Almaniya,  Cənubi Koreya, Yaponiya kimi inkişaf etmiş ölkələri öz güclü iqtisadiyyatlarına görə məhz təhsilə, xüsusilə ali təhsilə borcludurlar. İnkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi təxminən 70% təşkil edir. Burada ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir!" deyimi də bir daha yerinə düşür.

Bolonya bəyannaməsinin əsas hədəflərindən biri də hər bir ali məktəbdə təhsilin keyfiyyətinin təmini və ona nəzarət mexanizminin təşkilidir. Məhz bu hədəf vahid Avropa ali təhsil məkanının yaradılmasında Azərbaycan ali məktəbləri üçün təhsilin səviyyə və keyfiyyətini diqqətlə nəzərdən keçirmək üçün bir əsas olmalıdır. Bu, əlbəttə, çətin bir yol olsa da, dövlətin və Təhsil Nazirliyinin bu sahədəki strategiyasını yenidən öyrənməyi və dərk etməyi bizdən tələb edir.  Bu istiqamətdə atılan addım Azərbaycan reallıqları şəraitində Qərb sosial texnologiyalarının tətbiqi ilə, onu öz məzmunu ilə doldurmaqla Azərbaycan ali təhsilinə Avropa ali təhsil məkanına tam inteqrasiya imkanı verəcək.

Vahid Avropa ali təhsil məkanına inteqrasiyaya gedən yol mütləq keyfiyyətin təmin olunmasından, keyfiyyətin təminatına nəzarət mexanizminin yaradılmasından keçir. Bu günə kimi bu sahədə mövcud təcrübələrdən söhbət düşəndə, ilk növbədə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələrin keyfiyyətin təmin olunmasında istifadə etdikləri modellər daha çox diqqət çəkir. Böyük Britaniyada bu sahədə tətbiq olunan model əsasən akademik göstəricilərin universitetdaxili qiymətləndirilməsinə əsaslanır. Fransada tətbiq olunan modeldə isə universitetxarici qiymətləndirmə əsas kimi götürülür. ABŞ modelində isə təhsil müəssisəsinin və təhsil proqramlarının müstəqil akkreditasiya orqanları tərəfindən qiymətləndirilməsi nəzərdə tutulur.

Heç şübhəsiz ki, bu modellərlə yanaşı təhsilin keyfiyyətinin idarə olunması sisteminin yaradılması yeni idarəetmə texnologiyalarının tətbiqini də mütləq surətdə gündəmə gətirir. Əsas diqqət texnoloji proses kimi keyfiyyətin idarə olunması sisteminin tətbiqinə yönəldilir, məqsəd isə universitetin əsas iş proseslərində keyfiyyətli təhsilin təmin olunmasına şərait yaradan mexanizmin yaradılmasıdır.

Keyfiyyətin ümumi  idarəedilməsinin fəlsəfəsi bundan ibarətdir ki, bu yalnız effektli idarəetmə metodu deyildir. Bu, eyni zamanda, hər şeydən əvvəl, dünyagörüşü, insanlar arasında idarəetmə sistemidir, menecment elmidir. Burdan da belə qənaətə gəlirik ki, keyfiyyətin təmin olunması sisteminin tətbiqi yalnız ali təhsil müəssisəsinin bütün heyətinin bu prosesi anlamasından sonra öz nəticəsini göstərəcək. Əlbəttə, bu işdə vicdan amilini də heç şübhəsiz ki, yaddan çıxarmaq olmaz.

Keyfiyyətin təmin olunmasının əsasında keyfiyyətin ümumi idarəsinin ardıcıl hərəkəti prinsipi dayanır. Bu "planlaşdır-həyata keçir-öyrən-qiymətləndir-hərəkət et- təkmilləşdir" prinsipi deməkdir. Bunları ümumiləşdirərək keyfiyyətin idarə olunmasının ümumi prinsiplərini aşağıdakı kimi müəyyən edə bilərik:

1) Proseslərin menecmenti.

2) Cəmiyyət qarşısında cavabdehlik, məsuliyyət hissi.

3) İstehlakçı tərəfə meyillilik.

4) Nəticə və məqsədə doğru meyillilik.

5) Professor-müəllim heyətinin cəlb edilməsi, iştirakı və motivasiyası.

6) Korporativ əməkdaşlığın inkişaf etdirilməsi.

7) Heyətin daimi təlimi, innovasiyaların tətbiqi.

8) Qətiyyətli rəhbərlik-menecment.

Fikrimizcə, bu prinsiplər arasında prioritet olanlar "proseslərin menecmenti", "korporativ əməkdaşlığın inkişafı", "savadlı, səviyyəli-kompotent əməkdaşların cəlb olunması, iştirakı və motivasiyası", "istehlakçıya meyillilik" prinsipləridir. Elə isə keyfiyyətin ümumi idarəsinin əsas elementlərinə nələri aid etmək olar?

1) Bütün əməkdaşların prosesə cəlb olunması.

2) İdarə edən - idarə olunan arasında qarşılıqlı münasibətin yaranması.

3) Səlahiyyətin ierarxiyası, yuxarıdan aşağıya, güclü bənddən zəif bəndə ardıcıllıqla ötürülməsi.

4) İşə görə yeni mənəvi və maddi stimulun verilməsi.

5) Yeniliklərin qəbulu üçün psixoloji baryerlərin aradan qaldırılması.

Ali məktəb özü konkret olaraq öz işinə görə istər dövlət, istərsə də cəmiyyət qarşısında tam məsuliyyət daşıyır. Bu korporativlik universiteti xaricdən vadar edilən sərt dağıdıcı fəaliyyətlərdən də qoruyur. Hər bir ali məktəb - texniki, pedaqoji və ya klassik anlamda universitet keyfiyyətin ümumi idarə prinsiplərini öz spesifik şəraitlərinə və xüsusiyyətlərinə uyğunlaşdırmalıdır. Bu tamamilə doğrudur, belə ki, Qərbdə yaranan sosial texnologiyaları tətbiq edərkən Azərbaycan universitetləri, hər şeydən əvvəl, unikal ənənələri - onilliklər ərzində yaradılan təkrarolunmaz humanitar mühit və mənəvi atmosferi saxlamağa çalışmalıdır.

Təhsildə keyfiyyətin idarə olunması sistemi həmişə proseslərin strukturunun qurulması və texnologiyaların yaradılması ilə birbaşa bağlı olan bir prosesdir. Bu gün bu işə cəlb olunan ali məktəblərimizdə kollektivin sosial-psixoloji mühitində dəyişiklik aparmaqla yeni sosial texnologiyaların üzə çıxmasını gözləyə bilərik. Universitetin intellektual məhsulunun keyfiyyəti birbaşa olaraq onun buraxılması prosesində iştirak edənlərdən, universitetin bütün əməkdaşlarından asılıdır.

Bu gün ali təhsildə keyfiyyətin idarə olunması sahəsində mövcud vəziyyəti təhlil edərkən  ali məktəblərimizi təhsildə keyfiyyətin təmin  olunması texnologiyasının tətbiqinə görə bir necə qrupa bölmək olar.

1) Keyfiyyət (bəzən beynəlxalq keyfiyyət) sertifikatı alan ali məktəblər.

2) Keyfiyyət sistemini təsdiqləməyə hazırlaşan ali məktəblər.

3) Keyfiyyət sistemini yaradan, lakin onun təsdiqlənməsinə can atmayan ali məktəblər.

4) Keyfiyyət sisteminin ayrı-ayrı elementlərinin tətbiqinə başlayan ali məktəblər.

5) Keyfiyyət sisteminin tətbiqi prosesinə  başlamaq ərəfəsində olan  ali məktəblər.

Maraqlıdır ki, təsdiq edilmiş keyfiyyət sistemlərinin mövcudluğu həmişə onun ali məktəbdə doğrudan da fəaliyyət göstərməsini heç də təsdiq etmir. Bundan başqa, öz keyfiyyət sistemini təsdiq etmək və ya etməmək isə ali məktəbin öz işidir.

Təhsilin keyfiyyətindən danışdıqda onu şərtləndirən dörd əsas faktoru da yaddan çıxarmamalıyıq:

1) Təhsilə qoyulan sərmayənin həcmi.

2) Müəllimlərin professional səriştəliliyi - kompotentliliyi.

3) Abituriyentlərin hazırlıq səviyyəsi.

4) Təhsilin məzmunu.

Bu sahədə mövcud vəziyyətlə əlaqədar uzun-uzadı fikir söyləmək, təhlillər aparmaq olar. Amma bircə məsələ hamımıza gün kimi aydındır, mübahisəsiz olaraq deyə bilərik ki, cəmiyyətin mövcud intellektual və mənəvi potensialını özündə cəmləşdirən universitetlər təhsilin keyfiyyətini artırmaqla, keyfiyyəti təmin etməklə mövcud durumu dəyişdirə bilərlər. Burada keyfiyyətin idarəsi texnologiyalarından istifadə etmək çox vacibdir.

Keyfiyyətin təminatı sisteminin yaradılması istiqamətində işləyən bütün ali məktəblərin özünü də  əsasən iki qrupa bölmək olar.

1) Keyfiyyətin təminatı işinin təşkilinə cəhd göstərən ali məktəblərdə o qədər də çox iş görülməmişdir (bəzilərində isə heç bir iş görülməmişdir). Ən yaxşı halda keyfiyyətin təminatı adlı mərkəz açıblar, keyfiyyətə nəzarət edən sistemin özü isə yoxdur.

2) Keyfiyyətin təmin olunması texnologiyasını real tətbiq edən məktəblər.

Keyfiyyətin təmini sisteminin yaradılmasında mövcud olan təcrübədən çıxış edərək bəzi problemli məqamları da nəzərə çatdırmaq istərdik:

1) Yüksək təhsil idarəçilərinin (rektor, prorektor, dekanlar) keyfiyyətin təmin olunması sisteminin tətbiqində bugünkü reallıqları, rəqabət mühitini nəzərə almamaları.

2) Bu prosesə düçüncə tərzi fərqli olan (dövrə, zamana uyğun olan) kadrları cəlb eləmək zərurəti. Bu sistemin mahiyyəti aydın dərk olunmalıdır. Başa düşülməlidir ki, bu həm maddi xərc, həm də mənəvi sərf tələb edir (Əslində ikinci daha çətindir, çünki bu eyni zamanda dünyagörüşünün dəyişilməsi məsələsidir).

3) İdarəetmə üslubunun dəyişdirilməsi. Texnologiyaların tətbiqi, eyni zamanda ali məktəbin idarə üslubunun avtoritar elementlərinin texnoloji elementlərlə əvəz edilməsi deməkdir. Bir qayda olaraq ali məktəblərdə prosesi tənzimləmək işini qabaqcıl idarəetmə texnologiyalarını mənimsəyən insanlar başlayır.

4) Və əsas məqam - bu prosesi başlayanların keyfiyyət ideyasını, mahiyyətini dərk eləyənə qədər keyfiyyət sisteminin tətbiqi ilə məşğul olması məsləhət deyil. Bu ən vacib məsələdir. Keyfiyyətin təminatı sisteminin tətbiqinin əvvəlində yaxşı ideoloji işin yoxluğu bu proseslərin ali məktəblərdə illərlə zəif effektli olmasının əsas səbəbidir.

Unutmaq olmaz ki, ali təhsil sistemində rəqabətli mübarizəyə hazır ali məktəblərlə digərləri arasında sərhəd zaman-zaman daha aydın görünməkdədir. Bu gün ali təhsil idarəçiləri üçün ali təhsil problemini həll etmək sanki riyaziyyatçı üçün Ferma teoremidir - çətin, lakin hədsiz dərəcədə maraqlı bir iş! Vacib olan isə budur ki, gərək problemin həllinə düzgün yanaşasan, strategiya yaradasan və doğrudan da işlə məşğul olasan. Burda bir məsələ də yaddan çıxmamalıdır ki, ali təhsil haqqında müasir diplom statusunun dəyəri getdikcə düşür. Bu gün işəgötürən təcrübəsiz ali təhsil məzununu deyil, iş təcrübəsinə malik olan mütəxəssisi böyük məmnuniyyətlə işə dəvət edir.

Onda bəs necə etməli? Ali təhsildə keyfiyyəti necə qaldırmalı? Hazırda ali təhsil sistemi ilə (təkcə ali təhsil sistemilə yox) əmək bazarı arasında uyğunsuzluq genişlənir. Bu təkcə Azərbaycanın deyil, eləcə də Avropanın, Amerikanın, hətta Çinin də problemidir. O, inkişaf etmiş təhsil sisteminin də mövcud olduğu və iqtisadiyyatın strukturunun tez-tez dəyişdiyi hər yerdə yaranır. Səbəbi isə ondadır ki, əmək bazarı çox dinamik inkişaf edir, təhsilə nisbətən daha çevikdir,  yeni-yeni tələblər yaranır, hətta mütəxəssis anlayışı da dəyişir. Təhsilin təbiətində isə adətən bir mühafizəkarlıq var. Universitetlər, məktəblər öz ənənələrini, uzun illərdən bəri formalaşmış kültürlərini, standartlarını saxlamağa çalışırlar. Demək uyğunsuzluq qaçılmaz olur. Sadəcə onu dramatikləşdirməyə ehtiyac yoxdur. Bu gün ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Amma bu uyğunsuzluq çox böyükdürsə, onda problemlər başlanır, işəgötürən şikayətlənir, təhsilin paralel sistemləri  yaradılır - kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər yaranır, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur. Əsas məsələ isə təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. Bəlkə də fərdi təhsil trayektoriyasına keçməyin vaxtı artıq çatıbdır! Yəni tələbə ilk günlərdən harada işləyəcəyini (hansı sahədə), nə ilə məşğul olacağını, karyerasını necə quracağını nəzərə alaraq öz "təhsil trayektoriyasını" (təhsil dairəsini) müəyyənləşdirir. O, fənləri, seminarları özü seçir, alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu, əlbəttə ki, ideal vəziyyətdir, buna keçmək üçün isə biz çox yol getməliyik.

Bolonya prosesinin aşkar faydasına baxmayaraq, onun tələblərini tam qəbul etmək XX əsrin sonunda ali təhsil sisteminin əsaslandığı ənənələrin demək olar ki əksəriyyətindən əl çəkmək deməkdir. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, Bolonya prosesi qanun deyil, fəaliyyət üçün bələdçidir. Əgər Bolonya prosesinə rəsmi tələblər toplusu kimi baxsaq, belə tələbləri mexaniki olaraq tətbiq etsək, yaxşı heç nə əldə etmək mümkün olmayacaq. Bununla belə, Bolonya prosesi kifayət qədər demokratik bir prosesdir - hər bir ali məktəb özü üçün müəyyənləşdirməlidir ki, bu prosesdə hansı miqyasda və formada iştirak edəcək. Önəmli olan isə başqa məsələdir - XXI əsr təhsili XX əsr təhsilindən köklü surətdə fərqlənəcək!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov