Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi
tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil
etmək, habelə onların elmi yaradıcılığını
stimullaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikası
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika
elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsi və Əsasnaməsi təsdiq
edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələrinin rektorları Doktorantların
və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il
28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali
təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
(Ə.Muradov):
4.1. Konfransın Azərbaycan Dövlət İqtisad
Universitetində yüksək səviyyədə keçirilməsi üçün lazımi
şərait yaratsın.
4.2. Konfransın proqramının nəşrini, materiallarının
nəşrə hazırlanmasını və nəşr edilməsini təmin etsin.
5. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) konfransın
keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri
həll etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) təqdim olunan
təsdiqedici sənədlər əsasında konfransın keçirilməsi
ilə bağlı xərclərin ödənilməsini təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə
birlikdə Nazirliyin internet səhifəsində
yerləşdirilməsini, "Azərbaycan müəllimi"qəzetində dərc
olunmasını, əmrin çoxaldılıb ali təhsil müəssisələrinə
göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 fevral 2015-ci il |