Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

14 yaşlı Rüfətin küçə həyatı

 

Rüfanə GÜNƏŞ,
 "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
 

Siz də, mən də şəhərin küçələrində, xüsusilə mərkəzində onlara tez-tez rast gəlirik. Amma nədənsə həmin günə qədər bir çoxları kimi mən də  bu uşaqların açılan əllərinə pul qoyub yanlarından keçməklə kifayətlənmişəm. Küçədə yaşayan bu uşaqların bəziləri kimsəsizlikdən, bəziləri isə valideynlərinin, yaxud onları qazanc məqsədilə himayə edən insanların  təkidi ilə dilənir, küçələrdə, binaların girişində yatırlar.   Bu dəfə mən  o uşaqlardan biri ilə söhbətləşməliydim. İşdən sonra rəfiqəmi də yanıma alıb şəhəri dolaşmağa başlayıram. "İçərişəhər" metrostansiyasının qarşısından İstiqlaliyyət küçəsi ilə üzüaşağı düşəndə yanında qız uşağı dilənən bir xanıma gözüm sataşır. Ona yaxınlaşıb kim olduğumu, məqsədimi deyirəm. Amma qadın razılaşmır, qızının dilənmədiyini, məktəbdə, III sinifdə oxuduğunu deyir.   Sağollaşıb şəhərimizin məşhur "Tarqovı"sına yollanırıq. Gözümüzə bir yerə toplaşan, hər hallarından küçədə yaşadıqları bəlli olan bir neçə qız və oğlan dəyir. Yaxınlaşıram, gözəl bir qız uşağını yanıma çağırıram. Mənimlə getməyə və danışmağa razılaşsa da, anasının onun şəklini hardasa görəcəyindən qorxur. Amma ondan bir neçə cümlə də olsa kim olduğunu öyrənə bilirəm:  

- Gülnara Abbasova, 14 yaşım var. Anam var, atam yoxdur. Atam rəhmətə gedib. Bir bacım, bir qardaşım var. İkisi də məndən böyükdür. Anam xəstədir. Məni qonşularımızla dilənməyə göndərir. Ona görə də heç vaxt məktəbə getməmişəm.

Bu qorxu təkcə anası ilə də bağlı deyil.  Balaca qızdan qonşusu olduğunu öyrəndiyim və ondan xeyli böyük olan bir qız gəlib onun qolundan tutub aparır. İstəmir ki, bizimlə danışsın.

Bu zaman yanımıza iki oğlan yaxınlaşır. Biri mənə çox tanış gəlir. Mən səni hardasa görmüşəm deyirəm:

- Gülərək cavab verir ki, internetdə. "Happy Baku"ya çəkilən oğlanam.

Səni də danışdıracağam,- deyirəm.

Rüfət Səlimov, bu oğlan heç bir tərəddüd etmədən bizimlə danışmağa razılıq verir. Yanında bir yerdə dayana bilməyən, adını soruşanda gülə-gülə, Hüseyn, - deyən bir oğlan da var.

- Uşaqlar, parkda oturub, danışaq? - deyirəm.

Rüfət, çox səmimi şəkildə:

- Heç bir problem yoxdur, - deyir.

Şəhər əhalisinin içərisində Malakan bağı adı ilə tanınan yerə gedirik. Deyirəm ki, şəkillərinizi də çəkəcəyəm. Hüseyn qəti etiraz edir. Sərt səslə deyir ki, mənim şəklimi çəksən bir də o telefonu görməyəcəksən.

Rüfət onu sakitləşdirir:

- Narahat olma, heç nə etməyəcək, youtube-a qoyacaq (hər ikimiz də gülürük).

- Hüseyn, sənin neçə yaşın var?

- 13 yaş.

Hüseyni də, Rüfəti də götürüb Malakan bağında bir oturacaqda əyləşirik. Bu an bayaq qorxub qaçan, dəstənin digər üzvləri də başımıza toplanır. Amma lap balaca, təxminən 3-4 yaşlarında bir qız deyir ki:

- Ay bacı, pulu ver də.

- Hansı pulu?

- Yol pulunu.

- Bəs siz bütün günü yol pulunu yığmamısınız?

Uşaq sualıma nə cavab verəcəyini bilmir və qəribə baxışlarla məni izləyir.

Bilmirəm niyə, amma mən diktofonu Rüfətə uzadıram:

- Səlimov Rüfət. 14 yaşım var.

- Valideynlərin hardadır?

- İkisi də rəhmətə gedib. Təxminən 8-9 yaşım var idi onda.

- Sonra harda yaşadın?

- Uşaq evində.

Hüseyn isə ətrafımızda fırlanaraq durmadan qəribə səslər çıxarır, qəribə hərəkətlər edir.

- Uşaqlar, xahiş edirəm sakit olun,- deyirəm və Rüfətlə söhbətimi davam etdirirəm

- Sən valideynlərinlə yaşamamısan?

- Yox, kiçik yaşlarımdan nənəmlə qalmışam. Evin tək uşağı idim. Atam içki içirdi. Anamı da, məni də döyürdü. Elə onların ayrılığına da onun içki içməyi səbəb oldu. Mən də 4 yaşımdan nənəmlə yaşayırdım. Atam arada gəlib-görüb gedirdi.

- Səni kim uşaq evinə göndərdi?

- Valideynlərim öləndən sonra nənəm tək yaşayırdı, amma məni "detdom"a  (uşaq evinə) göndərdi. Orda qala bilmədim, qaçdım.

- Niyə?

- Çünki ürəyim sıxılırdı.

- Nənəni axtarmamısan, qohumların yoxdur?

- Yox, axtarmamışam. Bəlkə də var, mən bilmirəm.

- Sən təhsil almısan?

- Yox, məni məktəbə göndərməyiblər.

- Bəs savadsız oğlana oxşamırsan, axı?

- Oxuya bilirəm, yaza bilirəm.

- Harda öyrənmisən?

- Uşaq evində.

- Harda yaşayırsan?

- Parklarda, bloklarda.

Bayaq Gülnaranın qolundan tutub aparan qız, sakitcə, hətta bir az qorxaraq mənə yaxınlaşır.

- Bacı, mən üzr istəyirəm, bu nəyə lazımdır?

- Rüfət özü bilir,- deyirəm.

- Mənim də anam həbsdədir, küçələrdə yaşayıram,-deyir həmin qız. Açıq-aşkar nəsə istəyəcəyi bəllidir.

Amma yanımda Rüfət əyləşib, onunla olan söhbətimi yarımçıq saxlamaq fikrim yoxdur.

- Rüfət, maraqlıdır ki, sən özün mənə yaxınlaşdın, təklifimi rədd etmədin. Bu qədər əziyyət çəkirsən, amma insanlarla yaxşı ünsiyyəti necə qurursan?

- İnsanları deyəndə ki, baxır hansı insana. Sənə baxanda məndə adi insan təəssüratı yarandı. Anladım ki, səndən mənə pislik gəlməz.

- Bəs necə ayırd edirsən ki, hansı insandan sənə pislik gələr?

- Baxışından, xasiyyətindən. Ümumiyyətlə, insana baxanda bilirəm necə insandır.

- Rüfət, küçədəki uşaqların zərərli vərdişləri olur, səndə  də var o vərdişlər?

- Bir dəfə kley iyləmişəm.

- Nə hiss etmisən?

- Başım gicəllənib, yıxılmışam yerə.

- Bəs siqaret, ya da digər?

- Siqaret aradabir. Amma başqa heç bir zərərli vərdişlə məşğul deyiləm. Çünki ziyan olduğunu bilirəm.

- Rüfət, özün üçün nəsə etmək istəmirsən? Elə küçədə yaşayacaqsan?

- Köməklik olsa nəsə edərəm. İnanırsan, hələ özümə peşə seçməmişəm. Mənim əlimdən hər şey gəlir, hər şey bacarıram. Arzum kinoloq olmaqdır.

Təəccüblü baxışlarla rəfiqəmə baxıram və yenidən Rüfətə tərəf dönürəm.

- Kinoloq?

- Hə də. İtlərə baxan. ( red: Kinoloq- kynos (it) və loq (iş) sözlərindən götürülüb, itlərin təlim-tərbiyəsi ilə məşğul olan şəxsdir).

- Belə terminləri harda öyrənmisən?

- Çöllərdə.

Yenə Gülnaranı qolundan çəkib aparan qız Rüfətin qulağına nəsə pıçıldayır. Rüfət yenə yaxşı deyib, başını sallayır. Amma anlayıram qız ona deyir ki, məndən pul istəsin. Amma Rüfət bunu qəbul etmir.

- Rüfət, sənin gözlərində kədər var, niyə atmırsan o kədəri?

Üzünü digər tərəfə çevirir, gözlərinin dolduğu hər-halından bəllidir. Cavabı qısadır.

- Nə bilim.

- Küçələrdə yaşayırsan, nədənsə qorxursan?

- Heç nə, soyuqdan ölməkdən çox qorxuram.

- Donmusan?

- Hə, o qədər, bu yaxınlarda qar yağırdı, bloklarda titrəyə-titrəyə yaşadım.

- Rüfət, kimisə qoruduğun zamanlar olub?

- Hə, o qədər.

- Məsələn, elə bu bağda çox olur. Hansısa bir qız əyləşir. Kimsə gəlib sataşanda, tez gəlirəm. Həmin adama ağzıma gələni deyirəm. Elə də olur ki, uşaqları yığıram başıma, gəlib o uşağı döyürük.

- Davalara qarışırsan?

- Hə. Düzü, haqlı olanın tərəfini tuturam.

- Amma kiməsə zərər verməzsən?

- Təbii ki, Allahın verdiyi canı mən niyə alım? Məndə elə şey yoxdur.

- Küçədə yaşadığın müddətdə oğurluq eləmisən?

- Yox. Niyə oğurluq edim? Mənə həbsxanada oturmaq lazımdır? Allah görür. Bəlkə biri o pulu min bir əziyyətlə qazanıb. Mən onun halal zəhmətini niyə götürüm?

- Oğurluq görmüsən?

- Görmüşəm. Həmin an da ordan uzaqlaşmışam.

- Rüfət, təhsilini davam etdirmək, işləmək fikrin yoxdur?

- O qədər istəmişəm, müraciət etmişəm ki. Deyirlər balacasan.

- Bəs niyə heç bir yerdə usta şagirdi olmamısan?

- Orda işləsəm, harda qalacağam? Hər gün belə təmiz vəziyyətdə olmuram.

- Bəs harda yuyunursan?

- Jurnalistlər olur, kömək edirlər. Gedib onların, ya da dostlarının evində yuyunuram. Feysbukda yazıram ki, evsizəm. Kiminsə evində yuyunmağa icazə var? Ordan köməklik edənlər olur.

- Feysbukdan necə istifadə edirsən?

- Arada-bir axşamlar gedib internet-klubda girirəm.

- Geyimləri hardan alırsan?

- Keçiddən (28 may stansiyasındakı ticarət yerini nəzərdə tutur), vosmoydan (8-ci kilometr bazarı). 28-in keçidində tək-tük verirlər. Amma vosmoyun bazarında tez-tez verirlər.

- Kitab oxuyursan?

- Hə, tapsam, maraqlı kitab olsa oxuyuram.

- Məsələn?

- Məsələn, zoologiya.

- Sən heyvanlara, bitkilərə bu qədər həvəskarsan?

- Həvəsim var. Özüm küçədəki sahibsiz itlərə də baxıram. Yemək verirəm, gəzdirirəm. Onları sevirəm.

- Sevdiyin yazar, film var?

- Nizami Gəncəvinin kitabı var idi məndə, onu oxumuşdum. "Arşın mal alan" filminə baxmışam.

- Rüfət, siz küçədə yaşayan uşaqlar üçün dostluq nədir?

- Heç nə (üzünü çevirir).

- Heç xoşuna gələn qız olub?

- O qədər olub ki (gülür).

- Rüfət, küçə uşaqlarının sevgisinə hə deyən qızlar olur?

- Çox az.

- Küçə uşaqlarından evlənib xoşbəxt olanlarını görmüsən?

- Hə, var.

- Sağlamlığını necə qoruyursan?

- Xəstə oluram, elə xəstə-xəstə də gəzirəm (əlimi alnına qoyuram, gülərək deyirəm ki, qızdırman yoxdur).

- Mehriban ailə görəndə nə hiss edirsən?

- Heç nə, pis vəziyyətə düşürəm. O qədər kənara çəkilib ağladığım vaxtlar olub ki. Camaatın ailəsinə baxıram. Görürəm ki, məndən yaxşı geyinib, gülürlər-danışırlar. Heç kimdən əskik deyiləm, amma...

- Təbii ki, heç kimdən əskik deyilsən. Mübarizə apar. Kimdənsə pul istəməklə həyat davam etməz.

- Necə mübarizə aparım? Harda işləyim. Yaşım azdır deyə heç bir yerdə işə götürmürlər.

- Niyə sığınacaqlarda qalmırsan?

- Öyrəşə bilmirəm. Amma ev şəraiti olsa elə yaxşı yaşayaram ki. Bu dəqiqə şansım olsa gedib oxuyaram.

- Rüfət, gələcək üçün başqa nə planların var?

- Belə davam etsə mənim gələcəyim olmayacaq. Arada olur ki, özüm-özümlə danışıram. Deyirəm, belə yolla hara gedəcəyəm. Əlimdə imkanım yox, bir şey yox.

Rüfətə təşəkkür edirəm və ayrılırıq.

Rəfiqəm deyir ki, necə yaxşı uşaqdır, o birilərindən çox fərqlənir. Təsdiqləyirəm.

- Gözəl gözləri var, ondan film qəhrəmanı da olar.

Olar. Niyə də olmasın. Amma təəssüf ki, o, kənardan küçə uşağı kimi tanınır. O hələ ki, küçə uşaqlarının qəhrəmanı ola bilər. Gerisini isə zaman göstərər.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov