Fevralın
4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq
yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı
İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Qafqaz
Universiteti Mədəniyyət şöbəsi dram dərnəyinin
hazırladığı "Qarabağnamə" tamaşasının nümayişi olub.
İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin motivləri
əsasında quruluş verilən tamaşanı Təhsil Nazirliyinin
rəsmiləri, ali məktəb rektorları, Qafqaz Universitetinin
müəllim-tələbə heyətinin üzvləri, təhsil
ictimaiyyətinin nümayəndələri və dəvət olunmuş digər
qonaqlar izləyiblər.
Qeyd edək ki, İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin
bir çoxunun süjeti Qarabağın həyatından, onun tarixi
keçmişindən götürülüb. Yazıçının "Hökmdar və qızı"
pyesində də Azərbaycan xanlıqlarının Rusiyaya
birləşdirilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin
yaranması mövzusuna toxunulur.
XVIII əsrin sonu -XIX əsrin əvvəllərində Qarabağ
hökmdarı olmuş İbrahim xan müharibələr və feodal
pərakəndəlik nəticəsində iqtisadi cəhətdən zəifləmiş
xanlığı birləşdirmək və onu İranın ekspansiyasından
müdafiə etmək üçün müdrik, fədakar və faciəli bir qərar
qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut
edir: təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır və
hər bir hökmdarın taleyi onun sahibi olduğu ölkənin
ixtiyarındadır. Qarabağın müstəqilliyini gələcək
nəsillərə saxlamaq üçün İbrahim xan İran hökmdarı Fətəli
şahın məsələni sülalə nikahı ilə tənzimləmək təklifi ilə
razılaşır və öz qızı Ağabəyim ağanı ona ərə verir.
İbrahim xanın ailəsini bir sıra təhlükələrdən qorumuş
qəhrəman sərkərdə Saday bəyi sevən Ağabəyim ağa öz
sevgisindən imtina etməli olur. Başa düşür ki, öz
seçimində sərbəst deyil və xoşbəxtliyini Vətəninə, onun
gələcəyinə qurban verməlidir. O, atasının hökmünə və
Vətən eşqinə böyun əyməli olur.
Əsərdə habelə Azərbaycan xanlıqlarını vahid bir dövlət
halında birləşdirmək üçün çalışan, lakin buna nail ila
bilməyən İbrahim xanın yaranmış vəziyyətdən çıxmaq üçün
Rusiyanın köməyinə bel bağlaması, böyük bir qoşunla
Azərbaycana gəlmiş və Gəncə xanı Cavad xanla müharibədə
onu öldürmüş general Sisianovla
müqavilə imzalaması, bununla da onun sevimli qızı, çıxış
yolunu Fətəli xanın köməyində görən Ağabəyim ağa
arasında olan fikir ayrılığı öz əksini tapıb. Tamaşa
boyu bütün bu hadisələrdən öz məkrli məqsədləri üçün
istifadə etməyə çalışan ermənilərin iç üzü, qızışdırıcı
rolu ifşa olunur.
Böyük uğurla keçən tamaşada tələbələrin nümayiş
etdirdikləri yüksək aktyorluq məharəti tamaşaçılar
tərəfindən dəfələrlə alqışlanıb. Tamaşa bitdikdən sonra
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
səhnəyə çıxaraq uğurlu çıxışlarına görə
tələbə-aktyorları təbrik edib, onlara, habelə tamaşanın
hazırlanması və nümayişində əməyi keçənlərə
minnətdarlığını bildirib.
Tamaşanın onu çox duyğulandırdığını söyləyən rektor,
onun əsas qayəsi olan bütöv, azad, müstəqil Azərbaycan
ideyasının artıq reallığa çevrildiyini, tarixi kökləri
bir neçə əsr əvvələ gedib çıxan və hazırda da xalqımız
üçün həyati əhəmiyyətli məsələ olan Qarabağ probeminin
həlli üçün ölkə Prezidenti İlham Əliyevin qətiyyətli
siyasət yeritdiyini diqqətə çatdırıb. Rektor çıxışının
sonunda dəvətlərini qəbul edib tamaşaya təşrif buyurmuş
qonaqlara təşəkkürünü bildirib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |