Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Humanist pedaqogikanın prinsipləri əsasında qurulan qeyri-standart dərslər

 

Şəfəq FAZİLOVA,
Şabran şəhəri  Tofiq  Abbasov adına 1 nömrəli tam orta məktəbin  riyaziyyat müəllimi
 

Böyütmək üçün seçinMüəllim şagirdin mənəvi-əxlaqi dünyasına nüfuz edə bilən ən güclü şəxsiyyətdir. Bütün dövrlərdə o öyrədən, həm də özü öyrənən, tərbiyə edən, cəmiyyət üçün layiqli vətəndaş yetirən şəxsiyyət olmuşdur. Müəllimin gərgin əməyi hesabına şagirdin diqqəti, yaddaşı, təfəkkürü inkişaf edərək formalaşır.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ötən il dekabrın əvvəllərində Bakıda təşkil etdiyi  dünyada humanist pedaqogikanın yaradıcısı kimi tanınan Rusiya Elmlər Akademiyasının akademiki, psixologiya elmləri doktoru, professor Ş.Amonaşvilinin iştirakı ilə keçirilən "Təhsil prosesində şagirdlərə şəxsiyyətyönümlü - humanist yanaşmanın əsasları" mövzusunda  müəllif seminarının iştirakçısı olmuşam.

Novator pedaqoq olan Ş.Amonaşvilini çoxdan tanıyıram, onun neçə-neçə pedaqoji kitablarını oxumuş, internetdən söhbət və məsləhətlərini  dinləmişəm. Rəğbət bəslədiyin bir insanı real həyatda görüb, müvəffəqiyyət və çətinliklərindən söhbət etmək,  onunla  diskussiyada olmaq, ustad dərslərində iştirak etmək,  yəqin ki, hər bir müəllim üçün fərəhli haldır.  Belə müəllimlərdən biri də mənəm.

Təlimin təşkili formalarından biri də qeyri-standart dərslərdir. Belə dərslər  mahiyyət etibarilə standart struktura malik olmurlar. Başqa sözlə, qeyri-standart dərslər strukturu olmayan improvizə edilmiş tədris məşğələləridir (dərs-ekskursiya, dərs-oyun, dərs-konfrans, kompüter-dərs, dərs-nağıl,  dərs-yarış, dərs-kosmos və s.).  Bu tədris məşğələlərinin yaranması təhsilin demokratik əsasda qurulmasının nəticəsidir. Ş.Amonaşvilinin Bakı məktəbliləri ilə apardığı belə dərsləri gördüm. Bir daha inandım ki,  müəllim dərsin strukturunu müəyyənləşdirməkdə sərbəstdir. Bu zaman şagirdlərin inkişaf səviyyəsini, onların meyil və marağını əsas götürür. Şagirdləri öyrənməyə həvəsləndirmək üçün forma və struktur müəyyənləşdirir, seçdiyi vasitə və üsullarla onu zənginləşdirir. Əvvəllər mən belə dərsləri təşkil edərkən narahat olurdum ki, metodikada belə üsul və struktur yoxdur. Daha doğrusu,  bundan narazı olan kolleqalarım da az deyildi. Halbuki, konkret təlim standartlarının reallaşmasına yönəlmiş bu dərs nümunələrinin hər birinin ayrılıqda xüsusi təlim məqsədlərinin həyata keçirilməsinə xidmət etdiyinin şahidi olduqdan sonra belə dərslərin keçilməsinə həvəsim daha da artdı.

İnformasiyaların çoxaldığı, uşaqların məlumatının artdığı hazırkı şəraitdə dərsləri daha mütəhərrik və dinamik şəkildə qurmaq, onu maraqlı fəaliyyət obyektinə çevirmək tələb olunur. Bu baxımdan qeyri-standart dərslərin imkanları böyükdür.

Yanvarın 29-da  5-ci sinifdə  riyaziyyatdan "Onluq kəsrin natural ədədə vurulması" mövzusunda  harmonik şəxsiyyətin inkişafını təbliğ edən "açıq dərs" keçdim.

Fəal təlimin mərhələləri ilə keçilən dərsdə ənənəvi olmayan elementlər çox idi.   Dərsdə  şagirdlər iştirak edirdilər və onların valideynləri ilə yanaşı, məktəbin müəllimləri, dəvət olunmuş qonaqlar da var idi.

Dərsin iş forması cütlərlə işi şagirdlərdən deyil, şagird və valideynindən təşkil etdim.  Şərtə görə, valideynlər öz övladlarına çalışmaların həllində məsləhətlər  verməli, əyani  tapşırığı yerinə yetirməkdə köməklik etməli idilər.  Bu zaman mən həm də valideynlərin evdə öz övladlarına riyaziyyatdan  necə kömək etmələrini bilmək istəyirdim.

Dərs kompüterlərin köməyi ilə təqdimat formasında slaydlarla keçirildi. Motivasiya olaraq   "yeddi" və "bir" sözləri "gizlədilmiş"  "Yeddi dəfə ölç, bir dəfə biç"  atalar sözündən istifadə etdim. Şagirdlər kiçik diskussiyadan sonra qərara gəldilər  ki,   onlar  əvvəl fikirləşib sonra cavab verməlidirlər.

Məntiqi, əyləncəli, oyun xarakterli  əvvəlki dərslərə aid olan çalışmaları şagirdlər özləri kompüterdən proyektor vasitəsi ilə  göstərir, həllini valideynləri ilə birgə axtarırdılar.

Şagirdlərə arxasında valideynlər üçün  "Evinizdə beşinci sinif şagirdi varmı?"  adlı psixoloji məsləhətlər olan işçi vərəqələr (A4) və işıqfor düzəltmək üçün üçrəngli sahəsinin ölçüləri arxasında yazılmış dairəcik  payladım. Rəngli  dairəciklər işçi vərəqələrinə yapışdırılmışdı. Sonra problem sualı qoyuldu: vərəqənin rənglənməyən hissəsinin sahəsi tapılmalıdır (rəngli  dairəciklərin birinin sahəsi 3,19 sm2,   işçi vərəqənin ölçüləri isə 21x29 sm şərt kimi verilmişdi).

Eyni  toplananlarin cəminin (rəngli  dairəciklərin sahələrinin cəmi),  onların sayının (3) birinin sahəsinə (3,19sm2) olan hasili ilə əvəz edilərək tapılmasının daha asan üsul olduğunu  başa düşən şagirdlər dərsin növbəti mərhələsində tədqiqatları müzakirə edərək nəticə çıxardılar. Mən şagirdlərlə yanaşı valideynlərinin onlara necə kömək etmələrini də izləyir, çaşqınlıqla qarşılaşanda  isə onların köməyinə gəlirdim. Şagird və valideynlər dərsin bu mərhələsində həzin klassik musiqinin sədaları altında işləyirdilər.

Növbəti mərhələdə  şagirdlərdən yorğun olub-olmadıqlarını soruşdum. Gözlər üçün bədən tərbiyəsi dəqiqəsi adlanan hissədə şagirdlər gözləri yumulu halda dediklərimə qulaq asdılar (Gözlərinizi yumaraq ulduzlu səmanı təsvir edin. Qaranlıq səma. Ətraf sakitlikdir. Kiçik parıldayan bir nöqtə yaxınlaşaraq böyüyür, böyüyür və Yer kürəsinə çevrilir.  Bu zaman ikinci bir nöqtə əmələ gəlir. Bu nöqtə isə böyüyürək Sizə çevrilir. Siz Yer planetinin üzərində uçursunuz. Siz sakitsiniz, yüngülsünüz. Ətrafınızda çoxlu sayrışan ulduzlar parıldayır. Siz gözlərinizi açırsınız. Təzə enerji  və qüvvə ilə dərsin yeni mərhələsinə başlayırsınız).

Dərsin nəticə və ümumiləşmə mərhələsində şagirdlərin öz fotoşəkillərindən düzəldilmiş kollajı göstərərək tərtib etdiyim məsələni ekranda onlara təqdim etdim. Məsələ belə idi: C vitamini insanın 1 kq-lıq kütləsi üçün 0,0015q hesablanmışdır. Sizin hər birinizə ... gün, həftə, ay ərzində nə qədər vitamin qəbul  etmək lazımdır? Nöqtələrin yerinə şagirdlərin fotoları göründükcə hər kəs öz valideynləri ilə birgə özünə tələb olunan vitaminin   miqdarını hesablamağa başladı.

Refleksiya mərhələsində şagirdlər ekranda gördükləri mövzunun qiymətləndirilməsi mərhələsinə aid olan  yarımçıq cümlələri tamamladılar.

(1.Mən dərsi ... başa düşdüm. 

2.Mən bu dərsdə ... öyrəndim.

3.Belə dərs forması mənim ...).

Ev tapşırığı olaraq şagirdlərə dərslikdən  və metodiki vəsaitdən tapşırıqlar verdim.

Valideynlərə verilən ev tapşırığı isə övladlarına  M.Lomonosovun dediyi aforizmi izah etmək oldu: "Riyaziyyat ağlı sahmana salır".

Keçdiyim dərs  şagirdlərimin ürəyindən olduğundan  öz işimə yaradıcı yanaşaraq belə qeyri-standart dərslər keçməkdə israrlıyam. Belə dərslərin keçilməsinə isə məni ilhamlandıran, dəstək olan Ş.Amonaşvilidir.  Ona və bu seminarı təşkil edən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutuna təşəkkürümü bildirirəm.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov