Bahar İSMAYILOVA,
Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının
riyaziyyat-informatika müəllimi,
əməkdar müəllim
Müasir dövrdə ibtidai təhsil səviyyəsində
informatikanın tədrisi zamanı istifadə olunan oyunlar
uşaqların yaradıcı fəaliyyəti, intellektual inkişafı
üçün geniş imkanlar açır, dərs prosesini əyləncəli
etməklə bərabər tərbiyəvi, maarifləndirici
funksiyaları yerinə yetirir. İbtidai sinif şagirdləri
informatikanın tədrisi zamanı çoxlu yeni anlayışlarla
tanış olurlar. Bu yaşda olan uşaqlar kifayət
qədər böyük informasiyanı dərk etmədən yadda saxlaya,
öyrənə bilirlər. Materialın bu cür öyrənilməsinin
qarşısını almaq üçün əyləncəli tapşırıqlar, tapmacalar,
rollu oyunlardan istifadə etmək, mövzuya uyğun esse
yazmaq, səhnəciklər hazırlamaq çox gözəl nəticə
verir. Uşaqlar özləri çox maraqlı səhnəcik uydurur,
sevdikləri oyun qəhrəmanı rolunda çıxış edir,
fantaziyalarına görə ssenarilər, nağıllar
hazırlayırlar. Ev tapşırıqlarının bu istiqamətdə
verilməsi uşaqların yaradıcı təfəkkürünün inkişafına
çox kömək edir. İntellektual oyunlardan, rebus,
krossvordlardan istifadə isə özünəməxsus
xüsusiyyətlərə malikdir. Dərslərin növünə görə
krossvordu tematik (hər hansı mövzuya görə)
ümumiləşdirici və s. kimi tərtib etmək olar.
Krossvord dərsdə istifadə etmək üçün əyləncəli
materiallardan olub şagirdlərin diqqətini cəlb
edərək dərs prosesini rəngarəng qurmağa kömək edir,
mövzuya aid konkret biliklərin yoxlanılmasına imkan
yaradır. Eyni zamanda krossvord inkişafetdirici
funksiyaları da yerinə yetirir:
* Krossvord verilmiş sualı analiz etməyi, konkret sual
və ya tapmacaya görə dərs materialını seçməyi öyrədir;
* Məntiqi mühakimə aparmağı, yaddaşı, savadlılığı,
diqqəti, oxuma səriştəliliyini, təsəvvür etməni
inkişaf etdirir;
* Qrup daxilində qarşılıqlı fəaliyyət göstərməyi
öyrədir, öz işinə görə məsuliyyət daşımağı,
müstəqilliyi inkişaf etdirir;
* Fənnə, öyrənməyə marağı artırır;
* Sərbəst krossvord hazırlayarkən təhsilalanın
yazılı nitqlə bağlı yaradıcı təfəkkürünü,
qabiliyyətlərini inkişaf etdirir;
* Məlumatlılıq dərəcəsini, söz ehtiyatını artırır
və s.
Ümumtəhsil məktəblərində dərs prosesində
krossvordlardan istifadə şagirdlərin intellektual
inkişafına səbəb olan mühüm amillərdəndir.
Şagirdlərə əvvəlcə qısa suallarla, 5-6 sözdən ibarət
krossvordları kollektiv şəkildə həll etməyi
tapşırmaq olar. Sonrakı mərhələlərdə sözlərin
sayını artırmaq, fərdi tapşırıqlar verməklə
cavabları kollektiv şəkildə yoxlamaq, fərdi
tapşırıqlar verməklə qiymətləndirmə aparmaq,
krossvord tərtib etmə qaydaları ilə şagirdləri
tanış etmək, müəllimin rəhbərliyi ilə kollektiv
şəkildə krossvordlar tərtib etmək, verilmiş
sözlərdən istifadə etməklə fərdi şəkildə
krossvordların tərtib edilməsini, dərslikdəki
müəyyən mövzuya görə krossvordların fərdi şəkildə
tərtib edilməsini təmin etməklə, şagirdlərin
hazırladıqları krossvordların dərslərdə istifadə
olunması ilə, şagirdləri krossvordların müxtəlif
növləri ilə tanış etməklə keyfiyyətli nəticələr
almaq olar.
İlk dərslərdə krossvordlarla kollektiv şəkildə iş
şagirdlərin özünəinamsızlığının aradan
qaldırılmasına, dərslikdə olan mövzular üzrə
yönlənməyə kömək edir. Növbəti mərhələlərdə
şagirdlərin marağı artır və bəzi şagirdlər artıq
müstəqil işləməyə, krossvord tərtib etmə
qaydalarını öyrənməyə çalışırlar. Bu metodikanı
tədris apardığım siniflərdə tətbiq etdikdə aldığım
nəticələr məni sevindirdi. İlk günlərdə özünə
inamsız, zəif şagirdlərin hamısı bir neçə gündən
sonra potensialına uyğun formada çox
aktivləşmişdi, sadə də olsa krossvord tərtib
etməyə çalışırdı. Maraqlı o idi ki, yaxşı krossvord
tərtib edən şagirdlərin arasında zəif oxuyan,
dərslərini öyrənməyə tənbəllik edən şagirdlər də var idi.
Davamlı olaraq krossvord tərtib etmə, həll etmə həmin
şagirdin yaxşı oxuyanlar sırasına keçməsinə səbəb oldu.
Krossvord yaradılmasında, həllində müxtəlif təyinatlı
sualların hazırlanması, istifadə olunması əsas
məsələlərdən biridir. Krossvord tərtib etməyə çalışan
şagird mövzunu oxuyur, məzmuna uyğun faktoloji,
müqayisəedici, ümumiləşdirici, dəyərləndirici suallar
hazırlayır, bu sualların cavabını tapır və nəticədə
məzmunu anlamış və öyrənmiş olur. Buna görə də
şagirdlərin oxuyub-anlama bacarığının inkişaf
etdirilməsində krossvord hazırlanması həlli ən vacib
vasitələrdən biri kimi istifadə oluna bilər.
Oyunlardan istifadə etməklə öyrətmək və oynayaraq
öyrənmək o qədər də sadə məsələ deyil, amma dərs
prosesi ilə əyləncəni birləşdirərək hər bir dərsdə
bayram əhvali-ruhiyyəsi yaratmaqla dərsin
unikallığını artırmaq olar. Buna görə də şagirdlərin
biliklərinin ümumiləşdirilməsi və sistemləşdirilməsi
formalarından biri kimi intellektual oyunlardan,
krossvorddan istifadə olunması həmişə müsbət nəticə
verir. |