Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müvafiq əmrinə əsasən Bərdə rayonu
akademik Zərifə Əliyeva adına şəhər orta məktəbi adı
altında 10 sentyabr 2004-cü il tarixindən fəaliyyətə
başlamışdır. Təhsil Nazirliyinin 21 iyul 2008-ci il
tarixli 939 nömrəli əmri ilə məktəb texniki fənlər
təmayüllü məktəb-liseyə çevrilmişdir. Məktəbin
açılışında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev iştirak etmişdir. Dövlət başçısı İlham
Əliyev 2004-cü il sentyabrın 10-da yeni dərs ilinin
başlanması ilə əlaqədar olaraq Bərdə şəhər akademik
Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəbdə
olmuşdur. Prezident məktəbin qarşısındakı Zərifə xanım
Əliyevanın büstü önünə gül dəstələri qoymuş, müəllim
kollektivi, şagirdlər və valideynlərlə görüşmüş, onların
qarşısında çıxış etmişdir. Ölkə Prezidenti məktəbin fənn
kabinetləri və laboratoriyalarını gəzmiş, kompüter zalı
və linqofon kabineti ilə yaxından tanış olmuş və təhsil
ocağı haqqında xoş fikirlər söyləmişdir.
Maddi-texniki bazası
Məktəb-lisey 1,8 hektar ərazidə yerləşir. Üçmərtəbəli
tədris binasının ümumi sahəsi 5200 m2-dir. Şagirdlərin
hər bir fənni daha dərindən mənimsəmələri üçün məktəbdə
hər cür şərait yaradılmış, tədris ocağı müasir
avadanlıq, cihaz və vasitələrlə təchiz olunmuşdur.
Burada 14 xüsusi təlim otağı və laboratoriya, müxtəlif
ədəbiyyatlarla zəngin olan kitabxana, fənn kabinetləri
ilə birlikdə 31 sinif otağı var. Sinif otaqlarında
səsli və görüntülü kameralar quraşdırılmışdır. Liseydə
şagirdlərin sağlam böyüməsi üçün də hər cür şərait
yaradılmışdır. Belə ki, liseydə bütün lazımi idman
avadanlıqları ilə təchiz olunmuş örtülü gimnastika və əl
oyunları zalları, voleybol və basketbol meydançaları
şagirdlərin ixtiyarına verilmişdir.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində "Elektron məktəb" pilot layihəsində iştirak
edən 20 məktəb sırasında Bərdə şəhər akademik Zərifə
Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey də
vardır. Bununla əlaqədar liseyə yüksək optik ötürücülüyə
malik kabellə sürətli internet xətti çəkilmiş, 28 sinif
otağı, 2 kompüter zalı, direktor və müavinlərin
otaqları, qəbul otağı internet xəttinə qoşulmuşdur. "Elektron
məktəb" sisteminin tam tətbiqi üçün liseyin müəllimləri
ilə xüsusi treninqlər keçirilmişdir. Kabinet və
laboratoriyaların qarşısında həmin fənnə aid stendlər
asılmışdır ki, bu da şagirdlərin bu fənnə aid əlavə
məlumatlar almasına kömək edir.
Məktəb-liseyin kitabxanasında 17637 nüsxədə kitab var ki,
bunlardan 14632-si dərsliklərdir. Bununla bərabər,
liseydə geniş qiraət zalı da mövcuddur. Tədris zamanı
istifadə olunan 47 ədəd kompüter, 11 ədəd noutbuk, 21
ədəd proyektor, 3 ədəd printer, 3 ədəd surətçıxaran
aparatı və 2 ədəd skayner vardır.
Tədris
ocağında Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini
əks etdirən fotoşəkillərdən və kitablardan ibarət guşə
yaradılmışdır ki, bu da şagirdlərin görkəmli alim
haqqında daha geniş məlumat əldə etmələrinə kömək
göstərir.
Tədrisin təşkili
Hazırda liseydə 1409 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 129 müəllim məşğuldur. "Təhsil
haqqında" Qanuna uyğun olaraq, məktəb-liseydə ümumi
təhsil üç pillədən ibarətdir: ibtidai təhsil pilləsi -
I-IV siniflər, ümumi orta təhsil pilləsi - V-IX
siniflər, tam orta təhsil pilləsi- X-XI siniflər. VIIbc,
VIIIa c, IXbç, Xac, XIac sinilfəri isə lisey
siniflərdir. Təhsil müəssisəsinin I sinfinə şagird
qəbulu müsahibə (şifahi sorğu) yolu ilə, II-X siniflərə
isə müsabiqə (yazılı testlə) əsasında aparılır. Bu
məqsədlə "Şagird qəbulu üzrə müsabiqə komissiyası"
yaradılır və bir tədris ili müddətində fəaliyyət
göstərir. Müsabiqə Təhsil Nazirliyinin müəyyən etdiyi
müddətdə keçirilir. Ümumi təhsilin hər üç pilləsində
şagird şəxsiyyətinin formalaşdırılması "Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərinin Nümunəvi
Əsasnaməsi"nə uyğun aparılır. Liseyin I-VII siniflərində
tədris prosesi ümumi əsaslarla, VIII-XI siniflərdə isə
təmayüllü siniflərdə aparılır. Təlimin keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə məktəb-liseydə müntəzəm olaraq
"dəyirmi masa"lar, seminarlar, müsahibələr, "açıq
dərs"lər, bilik yarışları keçirilir.
Müəllimlər
dərslərində yeni təlim texnologiyalarından istifadə
edirlər.
Nailiyyətləri
Məktəb-lisey iki dəfə, 2008 və 2013-cü illərdə keçirilən
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olmuşdur. Tədris ocağı fəaliyyətə başladığı 2004-cü
ildən ali məktəblərə qəbulun nəticələri ilbəil
artmışdır. Belə ki, təhsil müəssisəsini bitirən
məzunlardan 2005-ci ildə 6 nəfər, 2006-cı ildə 9 nəfər,
2007-ci ildə 16 nəfər, 2008-ci ildə 24 nəfər, 2009-cu
ildə 32 nəfər, 2010-cu ildə 49 nəfər, 2011-ci ildə 51
nəfər, 2012-ci ildə 57 nəfər, 2013-cü ildə 61 nəfər,
2014- cü ildə isə 63 nəfəri respublikamızın və müxtəlif
ölkələrin nüfuzlu ali məktəblərinə daxil olmuşdur.
Məzunlardan Pərvaz İbrahimli 2007-ci ildə, Nəriman
Knyazlı isə 2012-ci ildə Prezident təqaüdünə layiq
görülüb. 2014-cü ildə isə respublikamızın təhsil
tarixində ilk dəfə olaraq bir sinifdən 3 nəfər - Səbinə
İsmayılova, Mədinə Şükürlü və Kənan Eminov bir ildə
Prezident təqaüdünə layiq görülüblər. Təkcə 2014-cü
ildə tədris ocağını bitirən 68 nəfər məzundan 63-ü
tələbə adını qazanıb. Bunlardan 22 nəfəri 500-dən, 12
nəfəri isə 600-dən çox bal toplayıb. Hazırda Azərbaycan
Tibb Universitetində məktəb-liseyi müxtəlif illərdə
bitirən 32 tələbə təhsil alır. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının ali və orta ixtisas məktəblərinə
tələbə qəbulunun nəticələri ilə bağlı apardığı elmi
statistik təhlildə liseyin məzunlarının nəticələri
yüksək qiymətləndirilmişdir.
Məktəb-liseyin
şagirdləri respublikamızda və beynəlxalq miqyasda
keçirilən bir çox müsabiqə və yarışlarda uğurla iştirak
etmişdir. Belə ki, təhsil müəssisəsinin dörd nəfər
şagirdi ulu öndər Heydər Əliyevin anadan olması
ildönümləri ilə bağlı müxtəlif illərdə keçirilən
inşa-yazı müsabiqələrinin Respublika turunda
müvəffəqiyyətlə iştirak edərək uğurlu nəticələr əldə
etmişdir. Bundan başqa, məktəbin məzunu Pərvaz
İbrahimli 2007-ci ildə keçirilən Televiziya Muğam
Müsabiqəsinin qalibi olmuşdur. Pərvaz həmçinin "Biz
qayıdacağıq" bədii filmində baş rolda oynamışdır. Bundan
başqa, məzunlardan Yaşar Qasımov 2006-cı ildə Latviyada
keçirilmiş sərbəst güləş üzrə Avropa çempionatında
gümüş medal qazanmışdır. Məktəbin şagirdləri beynəlxalq
rəsm müsabiqələrində də fəal iştirak edirlər. Belə ki,
2010-cu ildə Çexiyada 36 dövlətin məktəblilərinin
iştirakı ilə keçirilən rəsm müsabiqəsində tədris
ocağının şagirdi Fərhad Məhərrəmov I yeri tutaraq qızıl
medal almış, Rauf Baxşəliyev isə həvəsləndirici diplomla
mükafatlandırılmışdır.
Məktəb-liseyin pedaqoji kollektivi tədris ocağının
uğurlarının təminatçısıdır. Tədris ocağının müəllimləri
daim öz üzərlərində çalışaraq müasir texnologiyalardan
və təlim üsullarından bacarıqla istifadə edirlər. Bütün
bunların nəticəsidir ki, məktəb-liseyin bir çox müəllimi
müxtəlif mükafatlar əldə etmişlər. Məktəbin keçmiş
direktoru Rzaqulu Şərifov, coğrafiya müəllimi Rəna
Həsənova, ibtidai sinif müəllimi Püstə Mehdiyeva
müxtəlif illərdə "Əməkdar müəllim" fəxri adına, Mehriban
Hacıyeva isə "Tərəqqi" medalına layiq görülmüşlər.
Bundan başqa, məktəbin müəllimlərindən Könül Kazımova,
Rəna Həsənova, Püstə Mehdiyeva, Flora Əliyeva, Mehriban
Hacıyeva, Adib Salmanov, İradə Baxşəliyeva müxtəlif
illərdə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri olmuşlar. Məktəbin ibtidai sinif müəllimi
Püstə Mehdiyeva 2012-ci ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil"
respublika müsabiqəsində iştirak edərək II nominasiya
üzrə ölkə birincisi olmuşdur.
Kiçik Akademiya
Məktəb-liseydə xüsusi istedada malik şagirdləri aşkara
çıxarmaq, onlarda sadə tədqiqatçılıq bacarıq və
vərdişləri formalaşdırmaq, istedadlarını düzgün
istiqamətləndirmək məqsədi ilə "Kiçik Akademiya" (KA)
fəaliyyət göstərir. KA-ya məktəb-liseyin tədris işləri
üzrə direktor müavini Firdovsi Məmmədov rəhbərlik edir.
Fənn metodbirləşmə rəhbərləri KA-nın münsiflər heyətinin
üzvləridirlər. KA-nın üzvləri liseyin psixoloqu və uşaq
birliyi rəhbəri tərəfindən seçilir və ayrı-ayrı fənlər
üzrə mövzuların siyahısı oktyabr ayında elan guşəsindən
asılır. Şagirdlər işləmək istədikləri mövzunu sərbəst
seçir, həmin mövzunu daha geniş və əhatəli araşdırmaq
üçün fənn metodbirləşmə rəhbərlərindən məsləhət və
tövsiyələr alır. Sonra müxtəlif elmi ədəbiyyatlardan və
internet resurslarından istifadə edərək həmin mövzular
üzərində tədqiqat işləri aparırlar. Fənn metodbirləşmə
rəhbərləri isə öz fənninə aid mövzuları işləmək üçün
şagirdlərə elmi rəhbər kimi müxtəlif elmi və metodiki
köməkliklər göstərirlər. Şagirdlər ayrı-ayrı fənlər üzrə
referatlar və məruzələrlə KA-da münsiflər heyəti
qarşısında çıxış edirlər. "Kiçik Akademiya"nın yekun
iclası may ayının ilk öngünlüyündə keçirilir. Ən yaxşı
referat və məruzələr KA rəhbərinin təqdimatı ilə liseyin
direktoru tərəfindən fəxri fərmanla və qiymətli
hədiyyələrlə mükafatlandırılır. Bu, şagirdlərə KA-nın
xətti ilə daha məzmunlu və yaradıcılıqla işlənmiş
referatlar hazırlamaq üçün bir stimul yaradır.
Məktəbdə
şagird özünüidarə orqanı yaradılıb. Belə ki, hər bir
sinifdə dövləti təmsil edəcək vəzifələr - Prezident, baş
nazir və nazirlər təyin olunub. Hüquq sistemi, prokuror
və məhkəmə üzvləri yaradılıb ki, bunlar şagirdlərdə
məsuliyyət hissini, dövlətçiliyə erkən yaşlarında marağı
daha da artırır.
Məktəb-liseyin bir sinifdən olan 3
Prezident təqaüdçüsünün təəssüratları
Səbinə İsmayılova,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının I kurs tələbəsi:
- Mən 692 balla DİA-ya qəbul olmuşam. Adımın Prezident
təqaüdçüləri sırasında görməyimin sevincini indi də
yaşayıram. Bu uğurum üçün Bərdə şəhər akademik Z.Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-liseyə, onun bütün
müəllim heyətinə sonsuz minnətdaram. Bu məktəbi bitirsəm
də bütün dərsləri, tədbirləri ömrüm boyu unutmayacağam.
Çünki biz elmi biliklərə yiyələnməyi, fəal ictimaiyətçi
və əsl vətəndaş olmağı burada öyrəndik. Bir sinifdən 3
nəfər Prezident təqaüdçüsü olmağı şəxsən mənim sevincimi
ikiyə qatladı. Düşünürəm ki, bu, ölkəmizdə ilk dəfə olan
bir hadisədir.
Mədinə Şükürlü,
Ali Neft Məktəbinin I kurs tələbəsi:
- Mən 690 balla Prezident təqaüdünə layiq görüləndə
oxuduğum Bərdə şəhər akademik Z.Əliyeva adına texniki
fənlər təmayüllü məktəb-liseyə qaçdım. Çünki bu tək
mənim yox, doğma məktəbimin uğuru idi. Müəllimlərim məni
inandırmışdı ki, sən hökmən 700 bal toplamalısan. Biz
bir sinifdə 3 Prezident təqaüdçüsüyük. Bu bizim daim
sinifdə birgə oxumağımızın, birgə dərslərdə, elmi
müzakirələrdə istədiyimiz sualın cavabını axtardığımızın
nəticəsi idi. Liseyimizin bütün müəllim və rəhbər
heyətinə minnətdarlığımı bildirirəm.
Kənan
Eminov,
ATU-nun I kurs tələbəsi:
- Səbinə və Mədinədən sonra adımın Prezident
təqaüdçüləri sırasında olması məni də sevindirdi. 680
balla ATU-ya qəbul olundum. Bu uğura görə bütün
müəllimlərimə və sinif yoldaşlarıma minnətdaram. Çünki
biz birgə çalışdıq, birgə öyrəndik. Bu şəraiti bizə
doğma liseyimiz, adını fəxrlə daşıdığımız Bərdə şəhər
akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü
məktəb-liseyin müəllimləri yaratmışdır. Liseyimiz mənim
üçün bir ziyarətgah, məbəddir.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |