Latviyada maraqlı aksiya
Məmurlar şagirdlərə kitab bağışlayıblar
Latviyanın paytaxtı Riqada orta məktəb şagirdləri üçün
maraqlı aksiya keçirilib. "Dost çağırışı" adlı aksiya
çərçivəsində ölkə prezidenti Andris Berzinış, Riqanın
vitse-meri Andris Amerikis, çoxsaylı iş adamları,
aktyorlar, jurnalistlər, ictimai xadimlər və digər
tanınmış şəxslər paytaxt məktəblilərinə kitablar hədiyyə
ediblər. Prezident Andris Berzinış qeyd edib ki, "Dost
çağırışı" artıq 80 ildir insanların öz məktəb
illərinin xatırlanmasına xidmət edir. "Əsrlər dəyişir,
oxucu vərdişləri dəyişir, yeni texnologiyalar yaranır,
kitab isə dəyişməz olaraq qalır",- deyə dövlət başçısı
bildirib. Onun sözlərinə görə, məktəb şagirdlərin yeni
biliklər aldığı, klassiklərin və müasir müəlliflərin
kitablarını oxumaqla öz təfəkkürlərini inkişaf
etdirdikləri məkandır.
Qeyd olunub ki, aksiya ölkə əhalisi arasında kitab
oxumanı populyarlaşdırır. Uşaqlar üçün qiymətli
hədiyyə olan bu aksiya bundan sonra da davam
etdiriləcək. Məktəblərin dəstəklənməsinə xidmət edən bu
aksiya 1935-ci il yanvarın 28-dən keçirilir. Aksiyanın
əsasında təhsilin keyfiyyətini artırmaq məqsədilə
məktəblərə yardım göstərilməsi ideyası durur. Aksiya
gedişində hər bir ölkə vətəndaşı məzunu olduğu məktəbi
xatırlayır və təhsil ocağına dərsliklər, kitablar,
tədris vəsaitləri və digər qiymətli əşyalar hədiyyə edir.
"Süni
intellektin inkişafı təhlükəlidir"
Bill Geyts narahatdır
Məşhur Microsoft korporasiyasının qurucusu Bill Geyts
süni intellektin inkişafından narahatdır. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, keçirdiyi onlayn mətbuat
konfransında B.Geyts qeyd edib ki, süni intellekt
texnologiyalarının inkişafı bəşəriyyəti narahat
etməlidir.
"Super intellektin inkişafı perspektivi məni narahat
edir. Əvvəlcə maşınlar insanların əvəzinə onların bir
çox işlərini yerinə yetirəcək. Onları idarə edə bilsək,
yaxşı olardı. Bir neçə on ildən sonra süni intellekt
bizim üçün kifayət qədər narahatçılıq yaradan əsas
olacaq" deyən Bill Geyts bir çoxlarının bu problemə
diqqət yetirməməsinin anlaşılmaz olduğunu deyib.
B.Geytsin narahatçılığını məşhur ingilis fiziki Stiv
Hokin də bölüşür. S.Hokin qeyd edib ki, süni
intellektin inkişafı bəşəriyyət üçün təhlükədir. Yaxın
gələcəkdə elə maşınlar yaradılacaq ki, onlar insanları
üstələyəcək.
Tacikistanın
70 yaşlı sakini universitetə daxil olub
Oxumaq heç vaxt gec deyil
70
yaşlı Qulamheydər İsgəndərov yerli universitetlərdən
birinin tacik filologiyası fakültəsinin qiyabi şöbəsinə
daxil
olub. İndi universitet auditoriyalarına daxil olan
yaşlı insanın müəllim və ya hansısa tələbənin valideyni
olmasını ayırd etmək çox çətindir. Lakin bu vəziyyət
ahıl qocanı qətiyyən narahat etmir. Universitetə o,
hamıdan tez gəlir. Məşğələyə qədər respublikanın ən
yaşlı tələbəsi hökmən kitabxanaya baş çəkir. O deyir
ki, gələcəyin filoloqu çox oxumalıdır. Yaşlı çağında
ali təhsil almaq arzusunu o belə izah edir:
"Televizora baxanda 74 yaşlı Rusiya vətəndaşının 6 ali
diplom aldığını gördüm. Qərara aldım ki, bunu mən də
bacararam", - deyə Q.İskəndərov bildirib. Qeyri-adi
tələbənin universitetə qəbul olmazdan əvvəl kooperasiya,
kənd təsərrüfatı texnikumlarını və hərbi məktəbi
bitirməsi onun müəllimlərini xeyli təəccübləndirib.
Tələbə yoldaşlarının bir çoxu üçün babası yaşında olan
Q.İsgəndərov onlardan heç də geridə qalmır, onu dərs
lövhəsi qarşısında daha çox görmək olar. "Öz qışlağımda
işləyəcəm, uşaqlara dərs deyəcəm.
Sağlıq olsa, universitetin rus filologiyasına da daxil
olacam" deyən qoca yaradıcılıqla məşğul olur, rus və
tacik dillərində povest və şeir də yazır.
Rusiyada birinci siniflərə ərizə qəbulu başlayıb
Qeydiyyat elektron formada aparılır
"Uçitelskaya
qazeta"nın məlumatına əsasən, gələcək birinci sinif
şagirdləri üçün heç bir imtahan keçirilmir.
Valideynlər sadəcə ərizə ilə bu və digər təhsil
müəssisəsinə müraciət etməlidirlər.
Fevralın 1-də başlamış qeydiyyat bu il iki mərhələdə
keçirilir. Məktəbə yaxın ərazidə yaşayan sakinlər üçün
qeydiyyat iyunun 30-dək, digərləri üçün isə məktəbdə
boş yer varsa, iyulun 1-dən sentyabrın 5-dək davam
edəcək. 2014-cü ilin yazında qüvvəyə minmiş yeni
qəbul qaydalarına əsasən, məktəbə həm şəxsən, həm də
elektron formada ərizə vermək olar. Paytaxt sakinləri
şəhərin birinci sinfinə uşaqların qəbulu üçün hələ
ötən il dekabrın 15-dən başlayaraq dövlət və bələdiyyə
xidmətlərinin portalında elektron ərizə verə
bilirdilər.
Portal özü uşağın yaşadığı ünvana görə təhkim edilmiş
məktəbləri seçir. Valideynlər bu məktəblərdən birini öz
uşaqlarının təhsili üçün seçə bilər. Adətən bu
məktəblərin sayı 3-ü keçmir.
Həmçinin başqa məktəbin də xeyrinə seçim etmək olar.
Lakin bu məktəbə, ilk növbədə, iddialı olanlar tam
təmin olunduqdan sonra digər uşaqlar qəbul oluna
bilər. Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat
xidmətinin məlumatına əsasən, regionlarda uşaqların
birinci sinfə qeydiyyatı köhnə qayda ilə, sadəcə məktəbə
getməklə aparılır. Məktəbə qeydiyyat üçün ərizədən
əlavə, uşağın doğum şəhadətnaməsi və yaşadığı yer üzrə
qeydiyyatın surəti tələb olunur. Valideynlərin arzusu
ilə uşaqların səhhəti haqqında arayış da məktəbə təqdim
oluna bilər.
Tədris
ingilis dilində aparılacaq
İtaliya təhsilində yenilik
İtaliyanın orta məktəblərində xarici dil kimi ingilis
dilinə üstünlük verilir. Artıq növbəti dərs ilindən isə
bütün ibtidai məktəblərdə ingilis dilində tədrisə
başlanılacaq.
Yenilik hökumət tərəfindən italyanların dil
vərdişlərinin yaxşılaşdırılması məqsədilə ümummilli
ideya kimi tətbiq olunacaq. İbtidai məktəblərdə hansı
fənlərin ingilis dilində tədris olunması məsələsi
hələlik dəqiqləşdirilir. Lakin yenilik yuxarı siniflər
üçün deyil, aşağı sinif şagirdləri üçün nəzərdə
tutulub.
Hazırda ingilis dilində tədris aparmağa razılıq vermiş
müəllimlər var, gələn ildən isə onların ştatı
artırılacaq. Qeyd olunur ki, İtaliya son illər ingilis
dilində tədris sahəsində ciddi irəliləyişlər əldə
edib. Hazırda hər bir uşaq orta məktəbdə ingilis dilini
öyrənir.
Dünyanın ən yaxşı biznes məktəbləri
Yeni reytinq cədvəli tərtib olunub
Böyük Britaniyanın "Financial Times" dərgisi dünyanın
ən yaxşı biznes məktəblərinin reytinq cədvəlini
(Global MBA Rankings -2015) tərtib edib. Reytinq
tərtib olunarkən əməkhaqları, gəlirlərin artımı, elmi
tədqiqatlar, müəllimlərin, doktor elmi dərəcəsinə malik
əməkdaşların sayı və digər kriteriyalar əsas götürülüb.
MBA proqramı təqdim edən 100 ən yaxşı biznes
məktəblərinin siyahısına 3 ildir ki, davamlı olaraq
Harvard Universitetinin biznes məktəbi (Harvard
Business School) başçılıq edir.
İlk 10-luqda aşağıdakı biznes məktəblər yer alıb:
1.Harvard Business School (ABŞ), 2.London Business
School (Böyük Britaniya), 3.University of Pennsylvania:
Wharton (ABŞ), 4.Stanford Graduate School of Business (ABŞ),
5.Insead (Fransa, Sinqapur ), 6.Columbia Business
School (ABŞ), 7.Iese Business School (İspaniya), 8.MIT:
Sloan (ABŞ), 9.University of Chicago: Booth (ABŞ),
10.University of California at Berkeley: Haas (ABŞ).
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |