Alman tələbələri ADİU-nun kreditini qazanıblar
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
Azərbaycan Dövlət İqtisad
Universitetinin (ADİU) müəllimi Anar Rzayev fevralın
2-dən 6-dək, bir həftə müddətində Almaniyanın Zigen
Universitetində "Beynəlxalq nəqliyyat əməliyyatları"
fənnini tədris edib.
ADİU-nun beş, Zigen Universitetinin
isə on üç tələbəsinin iştirak etdiyi intensiv tədris
kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni
tələbələr özü seçib.
Dərsləri uğurla bitirən alman və
azərbaycanlı tələbələrə sertifikatlar təqdim olunub.
Onlara həmçinin ADİU-nun kreditləri veriləcək.
Biz də alman tələbələrin seçdiyi
müəllimi sizinlə tanış etmək istədik.
Anar Rzayev Xəzər Universitetinin
beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini
fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz
Universitetində təhsil alıb və orada "Dekanın şərəf
siyahısına" daxil edilib. Magistr dərəcəsini isə
fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis
Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə
fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars
dillərini bilir.
-
Almaniyaya getmək üçün hansı mərhələlərdən keçmisiniz?
- Səfərimiz ADİU-nun Zigen Universiteti ilə əməkdaşlığı
çərçivəsində həyata keçirilib. Universitetimiz
tərəfindən həmin ali məktəbə bir neçə fənn tədris
olunması üçün təklif edilib və Zigen Universiteti
beynəlxalq nəqliyyat əməliyyatları fənnini seçib. Sonra
isə fənnin sillabusu və mənim CV-ım alman tələbələrə
təqdim edilib. Bilirsiniz ki, alman tələbələri fənləri
seçməkdə azaddırlar və çoxlu sayda fənlərdən seçim
aparırlar. Onlardan 13-ü ADİU-nun təklif etdiyi fənni
seçib. Həmin tələbələrə və eyni zamanda ADİU-nun ingilis
dilində təhsil alan beş tələbəsinə bu fənn tədris olundu
və onlar ADİU-nun kreditlərini əldə etdilər. Zigen
Universiteti ADİU-nun verdiyi kreditləri öz tələbələri
üçün tanıyır.
-
Almaniyadakı fəaliyyətiniz nələri əhatə etdi?
- Bu səfərimiz yalnız tədrislə bağlı idi. Qeyd etmək
lazımdır ki, ADİU ilə Zigen Universiteti arasında birgə
elmi araşdırmalar aparmaq barədə danışıqlar olacaq və o
zaman inanıram ki, bu da baş tutacaq.
-
Almaniyadakı təhsil sistemi, tələbə həyatı ilə bizdəki
arasında hansı fərqləri müşahidə etdiniz?
- Əsas fərq ondan ibarətdir ki, tələbələr özləri öz
fənlərini seçirlər və universitetin tələb etdiyi
proqramı qrup formasında yox, fərdi qaydada yerinə
yetirirlər. Qruplar tələbələrin hansı fənni seçməsindən
asılı olaraq formalaşır. Tələbələrin davamiyyəti
yoxlanmır. Sadəcə olaraq imtahanı vermək o qədər
çətinləşdirilib ki, dərsə gəlmədən imtahanı vermək,
demək olar ki, mümkün deyil. Elmi iş yazan almanlar öz
elmi məsləhətçisinin assistenti olmaq məcburiyyətindədir
və buna görə yarım ştat maaş alırlar. Bu sistem elmi
rəhbərə öz tədris və elmi fəaliyyətini genişləndirməyə
və daha effektiv qurmağa şərait yaradır. Məsələn, keçən
il ADİU-da dərs demiş professor Petra Mooqun altı
assistenti var və o, onların elmi rəhbəridir.
Ümumiyyətlə, fərqlər barəsində çox danışmaq olar. Alman
tələbələri üçün ingilis dilini bilmək məcburidir. Bu da
müəllimlərə kitab tərcüməsini, ümumiyyətlə, ədəbiyyatla
bağlı bütün problemləri həll etməyə imkan yaradır. Onlar
heç düşünmədən ingilis dilində olan kitabı tələbəyə
verirlər. Təsəvvür edin, bu təhsilin keyfiyyətini nə
qədər artırır və universitetləri nə qədər əlavə xərcdən
azad edir.
-
Tədrisi hansı metodlarla aparırsınız?
- Tədrisi yalnız interaktiv metodlarla aparıram.
Ümumiyyətlə, ADİU-da ingilis dilində təhsil demək olar
ki, interaktiv metodlar üzərində qurulub. Burada əsas
məsələ seminarların qurulmasıdır. Seminarda tələbəni hər
hansı bir problemi müzakirə etməyə həvəsləndirməkdən
savayı onların özlərinin praktiki bir iş görərək bunu
mənimsəməsi çox mühümdür. Məsələn, beynəlxalq nəqliyyat
əməliyyatları fənnində tələbələrin beynəlxalq
daşımalarda istifadə edilən sənədlərin əllə
doldurulmasını öyrənmələri yüksək qiymət almaq üçün
şərtdir. Tələbələrin kiçik də olsa layihə işləri və onu
qrup şəklində təqdim etmələrinə çox böyük önəm verirəm.
Layihələr, onların təqdimatları, praktiki işlər və
tələbələrlə mühazirələrdə təmas qurmaq həvəsi onları
tədris edilən fənnin aləminə aparır və çox maraqlı bir
ahəng yaradır.
-
İştirak etdiyiniz proqramı necə dəyərləndirirsiniz?
- Bu proqramı çox yüksək dəyərləndirirəm. Hesab edirəm
ki, belə proqramlar son vaxtlar təhsil sistemimizdə
gedən islahatların məntiqi ilə uyğundur və
nəticələrindəndir. Əminəm ki, təhsil sistemimizdə çox
sayda xarici universitetlərdə dərs deyə biləcək
müəllimlərimiz var. Belə proqramların genişlənməsi
təhsil sistemimizin beynəlxalq arenada nüfuzuna müsbət
təsir göstərir. Bu proqram nəticəsində ADİU və Zigen
Universiteti arasında əməkdaşlığın daha da
genişlənməsinə yeni bir təkan ola və daha da yüksək
pillələrə qalxa bilər. |