Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Elmi işlərimə iyirmi mindən çox istinad olub"

 

Böyük Britaniyada çalışan həmyerlimiz Qərib Mürşüdov rubrikamızın qonağıdır Böyütmək üçün seçin

Xarici  ölkələrin təhsil və elmi-tədqiqat müəssisələrində çalışan  həmvətənlərimiz haqqında yazıların dərcini davam etdiririk. Bu silsilədən növbəti yazımız Böyük Britaniyanın Kembric şəhərində yerləşən Molekulyar Biologiya Laboratoriyası (MBL) Tədqiqat İnstitutunun Hesablama Kristalloqrafiyası qrupunun rəhbəri Qərib Mürşüdov haqqındadır. 

"Niyyətin hara, mənzilin ora" 

Qərib müəllimin həyat hekayətini vərəqləməyə başlayanda ilk yada düşən bu atalar sözü oldu. Çünki "Necə oldu ki,  Böyük Britaniyaya getdiniz" sualını verəndə onun cavabı belə oldu: "Mən həmişə Böyük Britaniyada işləmək fikri ilə yaşayırdım". Məhz bu niyyət Qərib Mürşüdovu işləmək üçün  müxtəlif elmi mərkəzlərdən ona olan çoxlu təklifin içindən Böyük Britaniyanı, buradakı məşhur universitetin adı ilə tanınmış Kembric şəhərini seçməsinə səbəb olub. Bu barədə o özü belə deyir:

- Mən Böyük Britaniyanın Kembric şəhərində yaşayır və çalışıram. Asprianturanı qurtarıb, fizika-riyaziyyat elmləri namizədi (PhD) dərəcəsini aldıqdan sonra elmi-tədqiqatla məşğul olmaq üçün  Böyük Britaniyaya gəldim. Aspirantura vaxtı mən bir neçə beynəlxalq konfransda və kurslarda iştirak etmişdim və məni bizim sahədə məşğul olan dünya səviyyəli alimlər tanıyırdılar. Mənə bir neçə elmi mərkəzdən orada işləmək üçün təkliflər var idi. York Universitetinin kimya fakültəsindən olan təklif məni daha çox maraqlandırdı. Bunun əsas səbəbi o idi ki, 1990-cı illərdə York Universitetinin kimya fakültəsi riyaziyyatın və hesablama üsullarının eksperimental biologiyaya tətbiqi üzrə aparıcı universitetlərdən biri sayılırdı. 

Tərcümeyi-haldan sətirlər 

Qərib Mürşüdov 1962-ci ildə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olub. Özünün qeyd etdiyinə görə, onda riyaziyyat istiqamətinə marağın yaranmasında orta məktəb müəllimi Valeh müəllimin çox təsiri olub: "Onun özünəməxsus tədris üsulları var idi və bir neçə istedadlı uşaqla ayrı məşğul olurdu," - deyə Qərib müəllim xatırlayır.

1985-ci ildə tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Q.Mürşüdov AMEA-nın indiki Molekulyar Biologiya İnstitutunda (o vaxt bu, Fizika İnstitutunun nəzdində Biotexnologiya Mərkəzi idi və bu mərkəzin rəhbəri akademik Cəlal Əliyev idi) iki il işləyib. 1987-ci ildə Moskva şəhərindəki Kristalloqrafiya İnstitutuna ikiillik təcrübə keçmək üçün gedib. O vaxt artıq Qərib müəllim iki elmi işin həmmüəllifi idi. 1989-cu ildə həmin institutda aspiranturaya qəbul olub və 1993-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etdikdən sonra York Universitetinin kimya fakültəsinə elmi işçi kimi üçillik kontraktla işə qəbul olunub.

2001-ci ildə biologiya və tibb elmləri sahəsində Böyük Britaniyada ən prestijli qrantlardan birini - Wellcome Trust aparıcı elmi işçisi qrantını alan Qərib müəllim 2011-ci ilə qədər bu qrantdan istifadə edərək öz elmi qrupunu yaradıb. 2011-ci ildə ona dünyanın molekulyar biologiya sahəsində ən məşhur olan tədqiqat institutlarından birində - Tibb Tədqiqatları Şöbəsinin Molekulyar Biologiya Laboratoriyasında (MBL) qrup rəhbəri olmaq təklifi edilib. Hazırda institutda qrup rəhbəri kimi çalışır.   

Böyütmək üçün seçinİndiyədək Q.Mürşüdovun elmi işlərinə 20.000 dəfə istinad olunub  

"Mənim qrupumda 5 elmi işçı və iki doktorant çalışır", - deyə Qərib müəllim bizimlə söhbətini davam etdirir: "Mənim elmi qrupumun əsas işi riyaziyyat və hesablama üsullarının bir neçə bioloji eksperimentlərini analiz etmək üçün software inkişafından ibarətdir. Bizim işlərimizin nəticələrindən dünyanın struktur biologiya ilə məşğul olan elmi işçiləri istifadə edirlər. Bizim işlərə, adətən, çox istinadlar olur. Məsələn, google scholar-a görə, mənim işlərimə indiyədək 20.000-dən çox istinad olub".

Onun rəhbərlik etdiyi qrup dünyanın müxtəlif ölkələrində elmi kurslar hazırlayır və birhəftəlik elmi kurslar, əsasən, gənc alimlər və doktorantlar üçün nəzərdə tutulur. Bu kurslar Böyük Britaniyada, ABŞ-da, Yaponiyada və Cənubi Amerikada təşkil olunur. Qrupun planına əsasən müvafiq  kursların Hindistanda və Çində də həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, qrupun üzvləri elmi işlərin nəticələrinin müzakirəsi üçün hər il bir neçə konfranslara gedir.  Qərib müəllim  özü bu kurslar və konfranslar üçün 25-dən çox ölkədə səfərdə olub. 

"Böyük Britaniyada diplom ancaq  karyeranın birinci mərhələsi üçün lazım olur" 

"İxtisasınız üzrə işləmək üçün nə etmiş, hansı mərhələlərdən keçmisiniz" sualı ilə Qərib müəllimə müraciət etdikdə o dedi:

- Mən Böyük Britaniyaya öz elmi işimin davamı üçün getmişəm. Diplom və ya digər sənədlərin tanınması ilə bağlı heç bir problemim olmayıb. Ümumiyyətlə, Böyük Britaniyada diplomlar və digər sənədlər ancaq karyeranın birinci mərhələsi üçün lazımdır. İşə başladıqdan sonra ancaq elmi və idarəetmə nəticələri qiymətləndirilir. Bunu qeyd etmək lazımdır ki, elmi müəssisələrdə daim iş çox azdır. İşə davam etmək və yeni iş yeri tapmaq üçün daim tədqiqatlar aparıb elmi nəticələr almaq lazımdır. Elmi nəticələr isə beynəlxalq səviyyədə  tanınan alimlər tərəfindən qiymətləndirilir.

Mənim hazırda işlədiyim Molekulyar Biologiya Laboratoriyası dünyada aparıcı alimlərin sərbəst elmi işlə məşğul olması üçün yaradılan bir tədqiqat institutudur. Bu laboratoriyada  Nobel mukafatı alan 14 alim işləyib. Bundan əlavə, bu laboratoriyada təlim keçən alimlər hazırda dünyanın müxtəlif ölkələrində aparıcı institutlara və elmi laboratoriyalara rəhbərlik edirlər.  

Elmi axtarışların nəticələri: 70-dən çox elmi məqalə 

Qərib Mürşüdovun rəhbərlik etdiyi qrup riyaziyyat və kompüter elmlərini, kristalloqrafiya və elektron mikroskop, eksperimental verilənlərin analiz edilməsı üçün yeni üsulların və bu üsullara əsaslanan kompüter proqramlarının inkişafı ilə məşğuldur. Qrup dünyanın müxtəlif aparıcı tədqiqat institutlarında çalışan tanınmış  alimlərlə birgə işləyir. Laboratoriyanın əldə etdiyi üsullardan minlərlə laboratoriyada və dərman hazırlayan kompaniyalarda istifadə edilir.

Qrupun bu sahədəki fəaliyyətini məhsuldar hesab etmək olar. Belə ki, onun rəhbəri Qərib Mürşüdovun 70-dən çox elmi məqaləsi var. Qrupdan olan elmi işlərin sayı isə 100-dən çoxdur.

Qərib Mürşüdovun fəaliyyətinin bir istiqaməti də Azərbaycanda elmin inkişafına kömək etməklə bağlıdır. Bunun üçün  AMEA-nın Molekulyar Biologiya İnstitutunda Hesablama Biologiyası laboratoriyası açılmışdır.  Həmyerlimiz institutun gələcəkdə dünya səviyyəsində elmi nəticələr verməsini gözləyir.  Onun sözlərinə görə, ümumiyyətlə, dünya səviyyəli elmi nəticələr almaq üçün elmi işçilərin seçilməsi, onların təcrübə alması vacib şərtdir. Hazırda istedadlı gənclərin elmə cəlb edilməsində müəyyən çətinliklər olduğunu deyən tədqiqatçı bu çətinliklərin gələcəkdə aradan qaldırılmasının mümkün olacağına inanır. Bu istiqamətdə  artıq ciddi addımlar da atılır ki, onlardan da biri   Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması və fondun  bu istiqamətdə gördüyü işlərdir. Bu işləri ancaq alqışlamaq olar.

Söhbətimizdə Böyük Britaniyada müəllimlərin səviyyəsi məsələsinə də toxunan həmyerlimiz bu ölkədə müəllimlərin səviyyəsinin, onların öz üzərlərində daim işləməsinin məktəblərdən asılı olduğunu dedi. Bildirdi ki, məktəblərin səviyyəsi  onların harada yerləşməsindən asılıdır. Onun fikrincə, Britaniya təhsil sistemi  heç də ideal  deyil.

Böyük Britaniyada hər il məktəblərin nəticələri qiymətləndirilir. Bunu qiymətləndirmək üçün bir neçə üsullardan istifadə edilir:

1. Yüksək qiymət alan tələbələrin sayı. Qeyd etmək lazımdır ki, Böyük Britaniyada orta məktəbin son imtahanları əsas institutlara qəbul ilə sıx bağlıdır. Ona görə də məktəbi yüksək qiymətlə qurtaran şagirdlər, adətən, nüfuzlu universitetlərə qəbul olunurlar.

2. Digər bir üsul, şagirdlərin, tələbələrin nə qədər inkişaf etməsidir. 

Azərbaycançılıq ideyasının təbliği xaricdə çalışan hər bir azərbaycanlı üçün şərəf məsələsidir 

Müsahibimizin nöqteyi-nəzərincə, Azərbaycanın təbliğinə ən böyük töhfə xaricdə işləyən hər kəsin öz işini yaxşı görməsidir. "Bizim elmi sahəmizdə mənə müəyyən qədər hörmət var və mənim azəri olduğumu hamı bilir. Hansı bir mübahisə və ya söhbət olanda, əlbəttə ki, mən Azərbaycanın nöqteyi-nəzərini müdafiə edirəm. Yenə də qeyd etmək istərdim ki, əgər biz səsimizin eşidilməsini istəyiriksə onda öz sahələrimizdə yaxşı mütəxəssis, mümkündürsə hətta səviyyəli ekspertlər olmalıyıq. Adətən müvəffəqiyyət qazanan mütəxəssislərin səsini və sözünü diqqətlə dinləyirlər. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi",
əməkdar jurnalist,
Almaz HƏSRƏT,
Təhsil Problemləri İnstitutunun   şöbə müdiri,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov