Fevralın
2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında
"Ədəbiyyat məcmuəsi"nin gənc alimlər üçün xüsusi
buraxılışının təqdimat mərasimi keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri
giriş sözü ilə açaraq qeyd edib ki, ümummilli lider
Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək
qiymətləndirir, onların problemlərinin həlli
istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm
verirdi.
Bu gün də Azərbaycan rəhbərliyi tərəfindən gənclərin
problemlərinə xüsusi diqqət yetirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı
sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası" qəbul edilmişdir.
Akademik İsa Həbibbəyli Dövlət proqramlarından irəli
gələn vəzifələr işığında akademiyada aparılan
islahatların artıq uğurlu nəticələrə yol açdığını
bildirib. İnstitut rəhbəri akademiyanın qədəm qoyduğu
müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc
əməkdaşlarının da rolunun artdığını diqqətə çatdırıb,
elmi-tədqiqat müəssisəsində gənc alimlərin böyük fəallıq
göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını
qeyd edib. Akademik institutda nəşr edilən, Ali
Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər
sırasında yer alan "Ədəbiyyat məcmuəsi"nin növbəti
sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini
təsadüf deyil, zərurətdən yarandığını bildirib.
Mərasimdə akademik İsa Həbibbəyli "İlin gənc alimi"
nominasiyası üzrə mükafatların qaliblərinin adlarını da
açıqlayıb. 2014-cü ildəki elmi fəaliyyətlərinə görə "İlin
gənc alimi" nominasiyası üzrə qalib gəlmiş filologiya
üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova, filologiya
üzrə fəlsəfə doktoru Aygün Bağırlı və institutun elmi
işçisi Nərgiz Cabbarlıya mükafatlar təqdim edilib.
Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.
Sonra çıxış edənlər gənc alimlərə göstərilən diqqət və
qayğıdan danışıb, elmi nəşrlərin xüsusi buraxılışına və
verilən mükafatlara görə institut rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Ağahüseyn ŞÜKÜROV |