Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Şahmat üzrə Azərbaycan çempionu

 

Bakının "Central" Park hotelində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatı beynəlxalq dərəsəli qrossmeyster Zeynəb Məmmədyarovanın inamlı qələbəsi ilə başa çatıb.

Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, respublikamızın ən güclü 20 qadın şahmatçısının qələbə uğrunda mübarizə apardığı yarışda Z.Məmmədyarova 9 oyundan 7 xal toplayaraq növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Zeynəb Məmmədyarova bu titulu ilk dəfə 2001-ci ildə qazana bilmiş, 2007-ci ildə isə bir daha Azərbaycanın ən güclü qadın şahmatçısı olduğunu sübut etmişdir.

Rauf Hacılının baş hakim olduğu, İsveçrə sistemi üzrə keçirilən respublika çempionatında hər biri 6 xal toplamış gənc şahmatçılar Nərmin Kazımova 2-ci, Nərmin Məmmədova isə 3-cü yeri tutublar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov respublika çempionatının qaliblərini federasiya adından medallarla təltif edib, onlara turnirin mükafatlarını verib.

Yarışı uğurla başa vuraraq, 2015-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmış qalib üçlük həm də Azərbaycanın Gənclər və İdman Nazirliyinin xüsusi diplomları ilə təltif olunublar.

Azərbaycan şahmat məktəbinin tanınmış qadın nümayəndəsi, Avropa və dünya çempionu Zeynəb Məmmədyarova Sumqayıtın məşhur şahmatçılar ailəsinin - Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla hələ 10 yaşında ikən atası Həbib müəllimin rəhbərliyi ilə məşğul olmağa başlamış, ilk dəfə 2000-ci ildə 18 yaşlı qızlar arasında İspaniyada keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək yaşıdları arasında dünyanın ən güclü şahmatçısı olduğunu sübut edib. Həmin il eyni zamanda Beynəlxalq Şahmat Olimpiadasının gümüş medalına layiq görülüb. 2002-ci ildə 20 yaşadək şahmatçı qızlar arasında keçirilən Avropa çempionatının qızıl medalını qazanmağa nail olub.

Z.Məmmədyarova daha sonra Beynəlxalq Şahmat Olimpiadasının qalibi kimi də diqqəti cəlb etmişdir.

Məlum olduğu kimi, Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər.

Zeynəb Məmmədyarova hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli yığma komandasının kapitanıdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov