Son illər Azərbaycan gənclərinin
müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı,
Avropa kuboku, beynəlxalq turnir və olimpiya
yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın
yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir.
Ölkəmizdə idmanın digər sahələrində olduğu kimi,
qaydasız döyüş növü üzrə də güclü idmançılar yetişir. Bu
idmançılardan biri də Bakıdakı 175 nömrəli tam orta
məktəbin X sinif şagirdi Kamran Qəmbərovdur. Kamran 23
sentyabr 1999-cu ildə Bakıda anadan olub. Kiçik
yaşlarından idmana böyük sevgisi olan, yaşıdlarından
həmişə qeyri-adi istedadı ilə fərqlənən Kamran 9
yaşından müxtəlif idman növləri ilə məşğul olub. O,
daha çox "Pankration (Qaydasız döyüş)" idman növünə
üstünlük verib. Tanınmış idmançı Aqşin Babayevdən bu
idman növünün sirlərini öyrənməyə başlayıb. Əvvəlcə
ölkədaxili yarışlarda iştirak edən və qələbələr qazanan
Kamran sonradan beynəlxalq yarışlara və çempionatlara da
qatılıb və yüksək yerlər tutub. Ən böyük uğuru isə
ötən il iyun ayının 27-də Rumıniyanın paytaxtı Buxarest
şəhərində 15-ə yaxın ölkənin idmançılarının iştirakı ilə
keçirilən Avropa çempionatında 47 kq çəki dərəcəsində I
yerin sahibi olmasıdır. Gənc idmançı qazanmış olduğu
bütün qələbələrinin, nailiyyətlərinin onu öyrədən,
təlim-tərbiyəsi ilə məşğul olan Aqşin müəllimin
zəhməti hesabına başa gəldiyini söyləyir. Bütün
bunları Kamranın dilindən eşidəndən sonra ona bir neçə
sual da verirəm.
- Kamran Qəmbərovun bu idman növünə həvəsi haradan
yaranıb?
- Ailəmizdə hamı idmanı çox sevir. Məhəlləmizdə
yaradılan mini-futbol meydançasında futbol
oynayırdım, qaçırdım, turniklə məşğul olurdum. İdmana
sevgi elə bilin mənim qanımdan, canımdan yaranıb. Hələ
balaca yaşlarımdan ən böyük arzularımdan biri tanınmış,
güclü və təcrübəli bir idmançı olmaq idi. Bu yolu
qarşıma məqsəd kimi qoymuşam. Valideynlərimin dediyinə
görə, babamın atası da güclü idmançı imiş. O, əsl
pəhləvan olub. Qonşu uşaqlar idmanla məşğul olduğumu
və idmana olan sevgimi görüb mənə dedilər ki, gəl
səni də özümüzlə idmana aparaq. Mən uşaqlarla
getdim və uşaqların məşğul olduğu idman növünü
seçdim. Aqşin müəllim məni qəbul etdi və bütün yay
tətilini demək olar ki, idmanla məşğul oldum.
- Bu idman növünü seçməkdə və davam etdirməkdə
məqsədiniz nədir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə idmana
böyük diqqət və qayğı göstərir. Ölkəmiz başqa sahələrlə
yanaşı, idman sahəsində də sürətlə inkişaf edir. İdman,
onunla məşğul olan hər kəsə özünü, kimliyini, vətənini
dünyanın hər yerində tanıtdıran sahədir. Mən də bu idman
növü ilə ölkəmizi beynəlxalq arenalarda tanıtmaq və
Vətənimizə layiqli idmançı olmaq istəyirəm. Gələcək
arzularımdan biri də odur ki, orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasına daxil olum və ali təhsil aldıqdan sonra
müəllimlərim kimi ölkəmizdə gənc idmançılar yetişdirim.
İndi bütün məktəblərdə uşaqların çoxu idmanla
məşğul olur. Məktəbimizə gəldikdə isə bizim fizika
müəllimimiz həm də məktəbimizin direktorudur. O,
həmişə şagirdlərə idmanın müsbət təsirləri barədə
məlumat verir. Şagirdlərə dərslərini yaxşı oxumaları ilə
yanaşı, idmanı da çox sevməyi tövsiyə edir. Mən
müəllimlərimi çox istəyirəm. Həm məktəb müəllimlərim,
həm idman müəllimim çox layiqli vətənpərvər
insanlardır. Mən onlara daim minnətdaram.
Bəs görəsən, idmançı kimi nailiyyətləri olan Kamranın
təhsili ilə bağlı vəziyyət necədir? Onun müəllimi, həm
də 175 nömrəli tam orta məktəbin direktoru Qələndər
Qələndərova bu sualla müraciət etdik.
- Əvvəlcə bir şeyi vurğulamaq istərdim ki, ötən əsrin
sonlarında öz müstəqilliyini bərpa etmiş müasir
Azərbaycanın hər sahədə inkişafı göz qabağındadır.
Ölkəmizdə sosial-iqtisadi həyatın bir çox sahələrini
əhatə edən tərəqqi tendensiyası idman sahəsindən də yan
keçmir. Prezident İlham Əliyev idmançıların uğur
qazanması üçün mümkün olan hər bir şərait yaratmışdır.
Respublikamızın ayrı-ayrı bölgələrində olimpiya
kompleksləri istifadəyə verilmiş, yeni-yeni idman
klubları və cəmiyyətləri yaradılmışdır.
Azərbaycan idmançıları idmanın müxtəlif növləri üzrə
Avropa birinciliklərində, dünya çempionatlarında, digər
beynəlxalq idman yarışlarında iştirak edib böyük uğurlar
qazanmışlar. Bu ənənə bu gün də uğurla davam etdirilir.
Məktəbimizin 10-cu sinif şagirdi Kamran Qəmbərov da bu
ənənələrə əməl edən idmançılardandır. O,
nizam-intizamı, özünü aparmağı, böyüyə-kiçiyə hörməti
ilə məktəbin nümunəvi şagirdləri sırasındadır. İdmanda
əldə etdiyi nailiyyətlərlə yanaşı dərslərini də yaxşı
oxuyur. Zəhməti sevən, yaşının az olmasına baxmayaraq
atdığı addımlara böyüklər kimi nəzarət edən şagirddir.
İnanıram ki, o, Vətənimizə, xalqımıza layiqli bir
vətəndaş və idmançı kimi tanınacaq. Ona bu işində
uğurlar arzulayıram. |