Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek
növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi davam
edir. Azərbaycan Velosiped İdmanı Federasiyasının
məlumatına görə, planetin 46 ölkəsindən olan
idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2
velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə
təmsil olunur.
İlk yarış günü idmançılarımız 2 növdə çıxış ediblər.
Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən
kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında
mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda
qalıb. 32 nəfər arasında yarışan velosipedçimiz təsnifat
mərhələsində 5-ci olub və 1/16 finala vəsiqə qazanıb.
Yarışın bu mərhələsində Hollandiya, 1/8 finalda isə
Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran Olqa
İsmayılova 1/4 finalda Honkonq təmsilçisinə uduzub.
Belədə 5-ci yer uğrunda yarışmalı olan idmançımız Böyük
Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini
qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci
pillədə bitirib.
Beləliklə, Dünya Kubokunun 3 mərhələsinin yekununa
əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint
yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233
xalla 6-cı nəticə göstərib. Velosipedçimizin geridə
qoyduğu idmançılar arasında almaniyalı Olimpiya çempionu
Kristina Foqel də var. Bu isə Dünya Kuboku kimi məsul
yarışda ilk dəfə çıxış edən idmançımız üçün kifayət
qədər yüksək nəticədir. Sergey Omelçenkoya gəlincə, o
keyrin növündə 3 mərhələnin yekununda 50 nəfər arasında
124 xalla 16-cı olub. |