Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin
təşkilatçılığı ilə mart ayı ərzində idarənin şəbəkəsinə
daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və
incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən
ibarət "Bizim olimpiada" adlı festival keçiriləcək.
Festivalın məqsədi "Bakı - 2015" ilk Avropa Oyunlarının
keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və
gənclərin aşkara çıxarılması, onların milli mənəvi
dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Festivalda
7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər. Qeyd
edək ki, rəsm işləri kağız, kətan və digər materiallar
üzərində olmalıdır. Festivalda müxtəlif texniki üsulda
(yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.)
çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl
işləri qəbul olunacaq.
Qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət
xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər
heyəti yaradılacaq. Münsiflər heyəti tərəfindən 10 nəfər
rəsm, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom
və mükafatlarla təltif ediləcəkdir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |