Bakı Biznes Mərkəzində yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi üzrə fəaliyyətə həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbirin başlıca məqsədi ölkəmizin paytaxtında yol
hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı
Şəhər Baş Polis İdarəsinin rəhbərliyinin və şəxsi
heyətinin ötən il həyata keçirdiyi fəaliyyətə nəzər
salmaq, habelə xidmətdə fərqlənənləri təltif etmək
olmuşdur. Tədbirdə Milli Məclisin deputatları, Daxili
İşlər Nazirliyinin, Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin əməkdaşları, KİV təmsilçiləri, həmçinin 46
nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Yol
polisinin gənc köməkçiləri" komandası iştirak etmişdir.
Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ən
zəruri istiqamətlərdən biri olduğuna görə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə
İşi Mərkəzi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət
Yol Polisinin birgə fəaliyyət planına uyğun mərkəzdə
müntəzəm məşğələlər keçirilir. Bu məşğələlərdə uşaqlar
müxtəlif forma və metodlardan istifadə edərək yol
hərəkəti qaydalarını öyrənirlər. Tədbirdə il ərzində
xidmətdə fərqlənən 14 polis əməkdaşı ilə yanaşı, 46
nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə
müdiri Fəridə Süleymanova da xüsusi diplom, yol hərəkəti
qaydalarının şərhindən ibarət olan kitablarla və
hədiyyələrlə təltif edilmişdir.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |