Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) xarici
ölkələrin tanınmış ali təhsil müəssisələri ilə
əlaqələrini genişləndirir. Universitetdə Böyük
Britaniyanın Aberstvis Universitetinin nümayəndə
heyətilə keçirilən görüşdə əməkdaşlıq məsələləri
müzakirə edilib. Görüşdə ADAU-nun rektoru, professor
İbrahim Cəfərov Azərbaycanın qədim və aqrar sahə üçün
ali təhsilli kadrlar hazırlayan yeganə universiteti və
onun potensial imkanları barədə qonaqlara ətraflı
məlumat verib.
Aberstvis Universitetinin elmi işlər üzrə prorektoru
Kris Tomas Azərbaycan Dövlət Aqrar Universiteti ilə
birgə elmi tədqiqatların aparılmasına, eləcə də kadr
mübadiləsinə maraq göstərdiklərini bildirib.
Qarşılıqlı fikir mübadiləsindən sonra iki universitet
arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Sonra britaniyalı qonaqlar Azərbaycan Dövlət Aqrar
Universitetinin tədris korpusları ilə yaxından tanış
olublar.
Daha sonra ali məktəbdə gənc müəllimlərlə görüş
keçirilib. Görüşdə 2015-ci ilin Azərbaycanda "Kənd
təsərrüfatı ili" elan edilməsi diqqətə çatdırılıb və
aqrar mütəxəssis hazırlığında gənc müəllimlərin rolu,
onların elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması,
sosial vəziyyətləri müzakirə edilib.
Vurğulanıb ki, universitetdə gənc müəllimlərin
elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə
müntəzəm olaraq onların əməkhaqqına əlavələr edilir.
Tədbirdə iştirak edən gənc müəllimlər onlara göstərilən
diqqət və qayğıya görə ölkə rəhbərinə dərin
minnətdarlıqlarını və "Kənd təsərrüfatı ili"ndə öz
üzərlərinə düşən vəzifələri layiqincə yerinə
yetirəcəklərini bildiriblər. |