General-leytenantın keçdiyi yol gənc nəsil üçün
örnəkdir
Ağstafa
Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli
Əliyevdən aldığımız məktubda bildirilir ki, Ağstafa
şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə
məşhur Azərbaycan sərkərdəsi, artilleriya
general-leytenantı Əliağa Şıxlinskinin anadan olmasının
150 illik yubileyi qeyd edilib. Rayon təhsil şöbəsi
nümayəndələrinin, şagird və valideynlərin iştirak
etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa
Tağıyeva açaraq Azərbaycan xalqının iftixarı olan Əliağa
Şıxlinski haqqında məlumat verib.
Bildirilib ki, Ə.Şıxlinskinin aldığı hərbi təhsil,
tərbiyə, orduda xidməti, şanlı döyüş fəaliyyəti və
keçdiyi yol gənc nəsil üçün örnəkdir.
Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ə.Əliyev
görkəmli şəxsiyyətin topçuluqda, xüsusilə rus-yapon və
dünya müharibələrində keçdiyi şanlı xidmət yolu,
həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi
nazirin müavini kimi milli ordunun yaradılması və
formalaşdırılmasında səmərəli fəaliyyəti haqqında
danışıb.
Məktəbin tarix müəllimi Afaq Rəhimovanın hazırladığı
tədbirdə Gülşən, Aytac, Fatimə, Zaur və digər şagirdlər
Azərbaycanın hərb sənəti barəsində və general-leytenant
Əliağa Şıxlinskinin hərbi xidmətlərindən danışıblar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
hərb tariximizə dair fikirlərini və Prezident İlham
Əliyevin rəhbərliyi altında ordu quruculuğuna dair
fraqmentləri əks etdirən geniş videoçarx tədbir
iştirakçılarına nümayiş etdirilib. |