Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Südün
yaşından asılı olmayaraq bütün insanların orqanizminə
çox böyük faydası var. Əzələlərin möhkəmlənməsi və
bərpası üçün vacib olan zülallar süddə çoxluq təşkil
edir. Süd həmçinin orqanizmin enerji alması üçün vacib
olan yağlarla da zəngindir.
Südün tərkibində şəkər də var ki, ona laktoza deyilir.
Laktoza şəkər qamışı və çuğundurdan hazırlanan şəkər
kimi şirin olmasa da, insan orqanizmi tərəfindən çox
rahat həzm olunur. Süd insan orqanizmini çox
əhəmiyyətli olan mineral maddələrlə təchiz edir. Bu
maddələr sümükləri möhkəmləndirir və qanı təzələyir.
Süddə həmçinin fosfor, kalsium, dəmir, bal, manqan,
natrium, kalium, xlor, yod, kobalt və sink kimi çox
xeyirli kimyəvi elementlər var. Süd bizi B2, A, B1, C və
D kimi bir çox vitaminlərlə təmin edir. Südün tərkibində
su çoxluq təşkil edir.
Uşaqların sağlam və balanslı qidalanması üçün də
qidaların başında süd və süd məhsulları gəlir. Süd həm
də müxtəlif xəstəliklərdən qorunmaq üçün bir vasitədir.
Ona görə də uşaqlar davamlı olaraq süd içməlidir.
Süd içməyi artırmaq üçün dünyada həyata keçirilən ən
məşhur layihələrin başında "Məktəb Südü" proqramı
gəlir. Məktəb çağındakı uşaqların süd içməsini artırmaq
və doğru bəslənmə vərdişləri əldə etməsini təmin etmək
məqsədi ilə həyata keçirilən proqram Avropadan Asiyaya,
Amerikadan Afrikaya qədər dünyanın bir çox ölkəsində
illərdir tətbiq olunmaqdadır.
"Məktəb Südü" proqramı sayəsində uşaqların fiziki
inkişaflarının yanında zehni fəaliyyətlərinin artdığı və
məktəbdəki davamiyyətlərinin daha yaxşı olduğu müəyyən
edilib.
Məktəb Südü;
- Xüsusilə vitamin və mineral əskikliklərindən
qaynaqlanan sağlamlıq problemlərinin qarşısını almağa
kömək edir;
- İrəlidəki yaşlarda da normal qidalanma vərdişi
qazandırır;
- Uşağın sosiallaşmasına kömək edir.
Dünyada "Məktəb Südü" necə tətbiq olunur?
Dünyanın bir çox ölkələrində tətbiq olunan proqramın
faydaları da çox olub. Bir çox uşaqlarda kalsium azlığı
aradan qalxıb, boylarında süd içməyənlərə nisbətən artım
daha çox olub.
Türkiyə Cümhuriyyəti.
Qardaş Türkiyə bu proqrama 2011-2012-ci tədris ilinin
ikinci yarısında "sağlıq üçün süt için" sloqanı altında
başlayıb. Proqram Türkiyənin bir neçə nazirliyinin
dəstəyi ilə həyata keçirilir. Belə ki, proqramın tətbiq
olunduğu ilk il 32 min 500 məktəbin 7 milyon 200 min
şagirdinə 144 milyon qutu süd paylanıb. 2012-2013-cü
tədris ilinin ikinci dövründə, özəl təhsil müəssisələri
və uşaq bağçaları da nəzərə alınaraq ölkədəki bütün
ibtidai məktəblər də daxil olmaqla 6 milyon 172 min 692
uşağa 296 milyondan çox qutu süd paylanıb. 10 fevral
2014-cü ildən etibarən 6 milyon 330 min 215 şagirdə
həftədə 3 gün (bazar ertəsi, çərşənbə, cümə) olmaq üzrə
303 milyon qablaşdırılmış süd paylanılıb.
Avropa İttifaqı (Aİ).
Avropa Süd Dərnəyi tərəfindən həyata keçirilən proqramın
məqsədi, tələb və davamlı olaraq süd içilməsinə qatqı,
regional iqtisadiyyatın inkişafı, kənd təsərrüfatının
dəstəklənməsi, uşaqların sağlam gələcəyini təmin
etməkdir. Proqram çərçivəsində 2007-2008-ci illərdə
ittifaqın 27 ölkəsində olan məktəblərə 300 min tondan
çox süd paylanılıb. 2008-ci ilin iyul ayından etibarən
proqramın genişləndirilməsi üçün tədbirlər həyata
keçirilməyə başlayıb. 2008-2009-cu tədris ilində
məktəblərə daha çeşidli qidalar verilməsi təmin olunub.
2011-2012-ci illərdə Yunanıstan və Xorvatiya istisna
olmaqla, AB-nin üzvü 26 ölkə iştirak edib. 20 milyon 358
min uşaq 312 min 700 ton süd içib.
Amerika Birləşmiş Ştatları (ABŞ).
Bu proqram ABŞ-da 4 iyun 1940-cı ildə Çikaqoda başlayıb.
Daha sonra oktyabr ayında Nyu-York da bu proqrama
qoşulub. Bundan sonra proqram yavaş-yavaş digər ştatlara
yayılmağa başlayıb. ABŞ-da məktəbəqədər dövrdən
başlayaraq daha çox süd içən 3-9 yaş arası uşaqlarda 10
illik bir müddətdə daha az dərialtı yağlanması olduğu
müşahidə olunub. Süd içməyin artması, hər yaşda bel
ətrafının daha az genişlənməsi və daha az çəki artımı
ilə nəticələnib.
Yaponiya.
Məktəblərdə yalnız süd deyil, yemək də paylanılan
Yaponiyada uşaqlarda süd qəbul edildikdən sonra kalsium
əskikliyi 25,5% müşahidə olunub. Halbuki bu rəqəm süd
qəbul edilməzdən əvvəl 67% olub.
Rusiya.
"Məktəb Südü" proqramına Rusiyada BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı FAO tərəfindən 2005-ci ildə iki
şəhərdə cəmi 25 min uşaqla başlanılıb. Bu gün dövlət
tərəfindən dəstəklənən proqram ölkənin yarısından
çoxunda tətbiq olunur.
Çin. "Məktəb Südü" proqramı dövlət
tərəfindən 2000-ci ildə başlanılıb. Çində, yüksək qida
dəyəri və uşaq sağlamlığına faydası nəzərə alınaraq
proqram 28 əyalət, 660 şəhər və 60 min məktəbə tətbiq
olunur.
Yeni Zelandiya.
Dünyanın qabaqda gələn süd istehsalçılarından olan Yeni
Zelandiyada Fonterra firması tərəfindən həyata keçirilən
proqram, 2012-ci ildə pilot layihə kimi 13 min ibtidai
məktəb çağındakı uşaqla başlanılıb. Pilot layihənin
müvəffəqiyyəti nəticəsində uşaq sayı 350 min nəfərə
yüksəlib.
Meksika.
Meksikada səhər yeməyi olaraq reallaşdırılan proqramın
nəticəsi ürəkaçan olub. Belə ki, proqram başlayandan
sonra uşaqların dərslərinə daha çox diqqət ayırması,
oyunlarda daha aktiv iştirak etməsi müşahidə edilib.
Tailand.
"Məktəb Südü" proqramının 1992-ci ildə başlanılan
Tailandda da çox təəccüblü nəticələr əldə edilib.
Qeyri-kafi bəslənmə 1997-ci ildə 10%, 2006-ci ildə 5%
nisbətində azalıb. Uşaqların boyları proqramın
başlamasıyla birlikdə 3 sm artıb. 2010-cu ildə uşaqların
boylarında 5 sm-dən də çox artım müşahidə edilib. Məktəb
çağında süd içən 18 yaşında gənclərin orta boyu
oğlanlarda 169,5, qızlarda 164,5 sm olub. Adambaşına süd
içmək 1987-ci ildə 2 litr, 2003-cü ildə 23, 2011-ci ildə
31 litrə qədər artıb.
Mərakeş.
Şimali Afrika ölkəsi Mərakeşdə, pis bəslənməyə bağlı
olan vitamin çatışmazlığını aradan qaldırmaq üçün
tərkibi A və D3 vitaminləri cəhətdən zənginləşdirilmiş
süd, biskvit ilə birlikdə paylanır. Bu da uşaqlara həm
fiziki, həm də zehni cəhətdən müsbət təsir edir.
Araşdırmalara görə, zənginləşdirilmiş süd içən uşaqlarda
normal süd içənlərə görə 8 ayda A vitamini əskikliyi
aradan qalxıb, D vitamini əskikliyi geriləyib. |