Cənubi
Koreyada
tədris
cədvəli
dəyişir
Məqsəd
ölkəyə Qərbdən daha çox əcnəbi tələbə cəlb etməkdir
Cənubi Koreya hökuməti yerli ali və orta məktəblərin
tədris cədvəlini Qərbdə qəbul olunmuş cədvəllə
uyğunluğunu təmin etmək niyyətindədir. Ölkənin Təhsil
Nazirliyindən verilən məlumata əsasən, qurumda ali və
orta məktəblərdə dərslərin, hazırda olduğu kimi, martda
deyil, sentyabr ayından başlanması müzakirə olunur.
Bu qərarın qəbul olunmasında başlıca məqsəd ölkəyə,
xüsusən də Qərbdən daha çox əcnəbi tələbə cəlb
etməkdir. Bu isə tələbələrə Cənubi Koreyada təhsil və
təcrübə praktikasını gələcəkdə akademik planlarla
uzlaşdırmağa imkan verəcək. Dərslərin Qərb cədvəlinin
xeyrinə olaraq dəyişməsi barədə qərar qəbul olunarsa,
onda bu sistem 2017-ci ildə tətbiq oluna bilər.
Paralel olaraq ölkədə dərs ilinin daha tez başlanması
məsələsi də müzakirə edilir. Bu məqsədlə yaz
tətilinin qısaldılması, yay tətilinin isə uzadılması
təklif olunur.
Təhsil Nazirliyində qeyd olunur ki, hələlik adıçəkilən
təkliflərlə bağlı son qərar qəbul olunmayıb. Bu məsələ
hazırda ekspertlərin, ictimaiyyət nümayəndələrinin,
valideynlərin və müxtəlif təhsil ocaqlarının
rəhbərlərinin iştirakı ilə müzakirə olunur. Yeni
qrafikə keçidin əleyhdarları qeyd edirlər ki, yenilik
ölkəyə əlavə olaraq 10 milyard dollara başa
gələcək. Bəziləri isə hesab edir ki, əcnəbi tələbələrin
axınına dərslərin martda başlaması yox, digər amillərin
təsiri var.
Təhsilin vəziyyətinə dair hesabat açıqlanıb
Dünyada 63 milyon uşaq məktəbə getmək imkanından
məhrumdur
BMT-nin elm və mədəniyyət üzrə qurumu UNESCO dünya
ölkələrində təhsilin səviyyəsi ilə bağlı hesabat
hazırlayıb. Təşkilatın baş direktoru İrina Bokova
BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə hazırlanmış
hesabatı açıqlayıb. "Uçitelskaya qazeta"nın məlumatına
əsasən, hesabatda qeyd olunur ki, bütün dünyada hər
beş yeniyetmədən biri məktəbə getmək imkanından
məhrumdur. Bu o deməkdir ki, dünyada 12-15 yaşlı 63
milyon uşaq təhsil hüquqlarından məhrumdur. Bunun
səbəbi uşaqların kasıb və zəif təminatlı ailələrdən
olması göstərilir. Hesabatı təqdim edən İ.Bokova qeyd
edib ki, sənəd özlüyündə hər bir uşağın baza
təhsilinin həmişəlik təmin olunması üçün zəruri olan
resursların səfərbərliyə alınması yolunda çağırışdır.
Orta yaşlı uşaqlar arasında hər 10 nəfərdən biri,
yeniyetmələr arasında isə hər 5 nəfərdən biri məktəbə
getmir. Beynəlxalq birliyin 2015-ci ildə bütün uşaqların
təhsillə təmin olunması barədə vədlərinə baxmayaraq
ümumi hesabla 121 milyon uşaq və yeniyetmə heç vaxt
məktəbə getməyib və ya dərsləri yarımçıq qoyub.
UNİCEF-in icraçı direktoru Entoni Leyk qeyd edib ki, bu
gün təhsil sahəsində eyni zamanda 3 məsələnin
həllinə - umumi ibtidai təhsilin əlyeterliyinin təmin
olunmasına, yeniyetmələrin, xüsusən də qızların orta
məktəbi bitirə bilməsinə kömək göstərilməsinə, eləcə də
təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq
lazımdır. Bütün 3 məsələ eyni dərəcədə vacibdir və
əlavə investisiya tələb edir.
Ukrayna ali məktəbləri tam müstəqilliyə keçir
Cari ilin sentyabrından yeni tədris proqramları tətbiq
olunacaq
Ukraynanın Təhsil Nazirliyi aparılan islahatlar
çərçivəsində cari ildə ali məktəblərə kadr, akademik,
maliyyə sahəsində tam müstəqillik verəcək. Bu barədə
ölkənin təhsil naziri Sergey Kvit bildirib. 2015-ci
il sentyabrın 1-dən yeni tədris proqramları tətbiq
olunacaq. Onlar muxtariyyət prinsipinə əsaslanacaq.
"Təhsil Nazirliyi əvvəlki kimi universitetlərə necə
tədris aparmağı, hansı qərarlar qəbul etməyi diktə
etməyəcək. Nazirlik yalnız gözlənilən təhsil
nəticələrini müəyyən edəcək", - deyə nazir bildirib.
S.Kvit əlavə edib ki, muxtariyyət məsələsi özəl ali
məktəblərin maliyyələşdirilməsinə də təsir edəcək.
Onlar öz vəsaitlərini bank hesablarında saxlaya və
istədikləri kimi sərf edə bilərlər. Onun sözlərinə
görə, nazirlik bundan əlavə, Ali Radanın profil
komitəsi ilə birlikdə məktəbi uşaqlar üçün daha
faydalı və maraqlı etmək üçün çərçivə qanunu işləyib
hazırlamaqdadır. Qanunda yeni peşə standartları da
öz əksini tapmalıdır.
Rusiya təhsilində yeni addım
200 innovasiya məktəb şəbəkəsi yaradılacaq
Yaxın beş il ərzində Rusiyada 200 innovasiya
məktəbindən ibarət şəbəkə yaradılacaq. Şəbəkənin
yaradılması təhsilin inkişafı Konsepsiyasının icrasına
uyğun olaraq yeni texnologiyaların işlənməsi üçün
eksperimental və innovasiya proqramı həyata keçirən
məktəblərin yaradılmasına xidmət edir. Qabaqcıl
pedaqoji təcrübənin ötürülməsi məqsədilə konkret təhsil
texnologiyalarının yayılması üzrə 30 milli metodik
şəbəkə yaradılacaq. Təlim nəticələri aşağı olan təhsil
müəssisələrində təhsilin keyfiyyətinin artırılması
məqsədilə normativ-metodiki bazanın modernləşdirilməsi
və pilot layihələrin həyata keçirilməsi nəzərdə
tutulur. Bu cür məktəblərdəki ən yaxşı təcrübə işləri
bütün bölgələrə yayılacaq.
Yeni dövlət federal standartlarına uyğun olaraq
təhsilin məzmununun müasirləşdirilməsini həyata keçirmək
məqsədi ilə müəllimlərin riyaziyyat, xarici dil, tarix,
ədəbiyyat və texnologiya fənləri üzrə şəbəkə metodik
birliklərinin yaradılması və dəstəklənməsi nəzərdə
tutulur. Ehtimal olunur ki, müəllimlərin təxminən
yarısı (43 faiz) fənlərarası texnologiya metodlarını
mənimsəyəcək.
Finlandiyada əllə yazı ləğv olunacaq
Şagirdlər yalnız məktub yazarkən qələmdən istifadə
edəcəklər
2016-cı tədris ilindən başlayaraq Finlandiya
məktəblərində əllə yazı təcrübəsindən imtina olunacaq.
Finlandiya hökuməti hesab edir ki, əllə yazı kompüterdə
çapdan geridə qalır, buna görə də ənənəvi tədris
forması kimi ləğv oluna bilər. Finlandiyanın Təhsil
Nazirliyində hesab edirlər ki, məktəblilər vaxtlarının
çoxunu dəftərlər üzərində deyil, kompüter arxasında
keçirməlidir. Onsuz da İKT texnologiyaları bütün
dünyada məktəblərdə geniş yayılıb. Əllə yazının icbari
tədris forması kimi ləğv olunması imkanlarına
baxmayaraq, ölkə məktəblərində təhsil alan şagirdlər
hələ məktub yazarkən qələm və karandaşlardan istifadə
edəcəklər. Lakin dərslər elə təşkil olunacaq ki, fin
məktəbliləri çap hərfləri ilə yazmağı öyrənəcəklər.
Finlandiya əllə yazı proqramında dəyişiklik edən ilk
Avropa ölkəsi deyil. Almaniyanın bir sıra regionlarının
ibtidai məktəblərində tədris artıq çap hərflərindən
istifadə olunmaqla təşkil olunur. "Şagirdlər uzun
müddət qələmlə yazdıqda onların əllərində sancılı
ağrılar və barmaqlarında döyənəklər yaranır",- deyən
müəllimlər həm də etiraf edirlər ki, bəzən şagirdlərin
əllə yazdıqlarını oxumaq olmur, buna görə də onların
qiymətlərini aşağı salmalı olurlar. Bundan başqa,
müasir şagirdlərin hafizədə hesablama vərdişləri də yox
olmaqdadır.
Daktiloskopiya və peşə seçimi:
onlar arasında ümumi nə var?
Son
vaxtlar internetdə yayılmış ən maraqlı məlumatlarda
qeyd olunur ki, yaxın gələcəkdə uşaqların peşə
seçimini onların barmaq izləri ilə aparmaq mümkün
olacaq. Bu ideyanın müəllifləri Rusiyanın Gənc Analar
Birliyidir. Birliyin üzvləri bu ideyanın həyata
keçirilməsinə təşşəbbüs ediblər. Yenilik
daktiloskoplar və dermotoqliflər assosiasiyası
tərəfindən də dəstəklənib. Qurumun prezidenti, tanınmış
alim, ixtiraçı və sahibkar Aleksandr Zubarevin
sözlərinə görə, barmaq izləri insanın bütün həyatı boyu
dəyişməz olaraq qalır. Üstəlik də barmaqdakı izlərin
naxışları ilə insan xarakteri, onun bacarıq və
meyilləri arasında dəqiq qarşılıqlı əlaqənın olması da
müşahidə olunur. Beləliklə də istənilən halda bu
əlaqənin insanın gələcək həyat yolu ilə birbaşa
bağlı olduğunu söyləmək olar. Söz yox, əgər bu
qanunauyğunluqlar həqiqətən varsa, bu isə elmi cəhətdən
artıq sübut olunub, onda yalnız sevinmək olar ki,
müəllimlərin bəxti gətirib: uşaqlara peşə seçimi
barədə kifayət qədər uzun və üzücü sinif saatı
və mühazirələrin əvəzinə sadəcə məktəblinin barmaq
izlərini əldə etmək və onları hansısa kompüter
proqramı ilə öyrənmək kifayətdir. Və hər şey aydın
olacaq: hansı şagird zehni əməklə məşğul ola bilər,
hansı şagirdə fiziki əməklə məşğul olmaq məsləhətdir.
Peşə seçiminə bu cür yanaşma həm də ona görə maraqlıdır
ki, o, ciddi elmlərin və xalq arasında kifayət qədər
inanılan klassik xiromantiyanın qovuşuğunda yerləşir.
Ona görə də ideyanı təkcə şagirdlərlə məhdudlaşdırmaq
yox, bir qədər də geniş inkişaf etdirmək olar.
Barmaqların formasına və əl sümüklərinə görə qarşıda
əyləşən insanın kim olduğunu müəyyn etmək olar. Vaxtilə
böyük filosof Bolter deyirdi ki, ona əlin baş
barmağını görmək kifayətdir ki, sahibinin müəyyən
xarakteristikasını verə bilsin. Əgər bəhs olunan
məsələ ilə bağlı tarixi şəxslər tərəfindən səslənmiş
fikirlər varsa, biz onlara niyə məhəl qoymamalıyıq?
Lakin bu da hələ hamısı deyil! Ən böyük zəka
sahibləri uzun illər ərzində insanın zahiri görkəmi,
onun burun, göz, dodaq, kəllə forması ilə digər
xüsusiyyətləri arasında səbəb-nəticə əlaqələrinin üzə
çıxarılması üçün güc və vaxt sərf ediblər. Söhbət
fizioqnomika, frenologiya və tərəqqinin digər
nailiyyətlərindən gedir. Güclü çənə iradəli, dolu
dodaqlar həssas, dar dodaq - qəddar, uzanıqlı
qulaqlar - musiqililiyi, alının ortasındakı qabarıqlıq
böyük zəkanın olduğu insanları göstərir. Doğrudanmı
bundan sonra kimin gələcəkdə nə ilə məşğul olması
aydın deyil? Gəlin hətta klassik variantlar, məsələn,
astrologiyanı nəzərə almayaq. Baxmayaraq ki, bu daha
asandır. İlin əvvəlində şagirdlərin siyahısı ilə tanış
olmaq, kimin nə vaxt anadan olması və bundan sonra
onun bürcünə görə nəticə çıxarmaq olar ki, hansı sahə
onun üçün "göstəriş"dir. Buraya insan taleyini və
xarakterini səciyyələndirən əlamətlər və doğum tarixinə
daxil olan rəqəmlər arasındakı qarşılıqlı əlaqəni əyani
şəkildə nümayiş etdirən numerologiyanı (rəqəmlərin təkcə
riyazi deyil, həm də magik xassələrə malik olduğunu
sübut etməyə çalışan elm sahəsi) da aid edək. Axı,
bunun da peşəyə birbaşa aidiyyəti var. Yəni, bunlar
insanın davranışı, meyillərini müəyyənləşdirir.
Ad, ata adı, soyad və təxəllüsün belə birbaşa taleyüklü
əhəmiyyət daşıdığını sübut edənlər heç də ağılsız
insanlar olmayıblar. Bəzi insan adları sahibinin hansı
sahədə, müəllim, tərcüməçi, psixoloq kimi işləməsi və
uğurlu karyera qurması, eləcə də onun əsəb sisteminin
nə qədər dayanıqlı olub-olmadığı barədə məlumat verir.
İnsan adlarının tədqiqatçıları da bu statistikanı
dəstəkləyirlər. İridodiaqnostika (gözün qüzehli
qişasının müayinəsi vasitəsi ilə bütün orqan və
sistemlərin sağlamlıq vəziyyətinin və ya xəstəliklərin
ilkin diaqnostika üsulu) kimi bir elm sahəsi var.
Gözlərə baxmaqla bu və ya digər orqanın vəziyyəti
dərhal məlum olur. Bu metodla müəyyən etmək olar ki,
şagird perspektivdə nə işlə məşğul ola bilər və ya
hansı işlə məşğul olmaq onun üçün zərərlidir.
Bundan əlavə, uşağın qan qrupu əsasında müəyyən
nəticələr irəli sürmək olar. Məlum olub ki, birinci qan
qrupuna malik insanlar lider olmağa can atırlar, onlar
ambisiyalı, şöhrətpərəst, qısqanc olurlar. İkinci qan
qrupuna malik insanlar əksinə, əmin-amanlıq, harmoniya
və qayda-qanuna üstünlük verir, daha inadkar və
mühafizəkardırlar və sairə. Burada da hər şey
aydındır ki, kimin müdir olmaq, kimin isə xidməti
heyətdə yer almaq şansı daha çoxdur.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
xarici mətbuat materialları əsasında |