İnformatika üzrə Olimpiada Mərkəzinin əməkdaşı Valid
İbrahimov danışır
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
2014-cü
il təhsil sahəsində bir çox yenilikləri ilə yadda qaldı.
Onlardan biri də fizika-riyaziyyat və informatika
təmayüllü liseyin nəzdində yaradılan İnformatika üzrə
Olimpiada Mərkəzidir. Təxminən 5 ay əvvəl yaranmış
mərkəzin fəaliyyəti ilə tanış olmaq üçün liseyə
yollanırıq. Mərkəzin əməkdaşı və liseyin informatika
müəllimi Valid İbrahimovla görüşürük. Mərkəzə daxil
olanda informatika müəllimi Nazim Süleymanovun
şagirdlərlə məşğul olması diqqətimizi cəlb edir. Onunla
da salamlaşıb, mərkəzlə tanış oluruq. Suallarımızı
Valid müəllim cavablandırır.
- İnformatika üzrə Olimpiada Mərkəzi hansı zərurətdən
yarandı?
- Bilirsiniz ki, hər il riyaziyyat, fizika, kimya,
biologiya və infromatika fənləri üzrə beynəlxalq
olimpiadalar keçirilir. Biz istərdik ki, məktəblilərimiz
beynəlxalq olimpiadalarda qalib olsun. Bunun üçünsə
olimpiadalara yaxşı hazırlıq lazımdır. Bu hazırlığı
təmin etmək üçün belə bir mərkəzin yaranmasına və
fəaliyyətinə zərurət var idi. İdeya əsasən Təhsil
Nazirliyindən gəldi. 2014-cü il sentyabrın 18-də bizim
liseydə mərkəzin açılışı oldu. Oktyabrın 1-dən
fəaliyyətə başladıq. Mütəmadi olaraq səviyyələr üzrə
dərslər keçilir. Üç səviyyə var-U1, U2, U3. U1 ilk dəfə
öyrənənlər, U2 informatika, proqramlaşdırmadan müəyyən
qədər biliyi olanlar, U3 isə proqramlaşdırmanı 80%-dən
çox bilən şagirdlər üçündür.
-
Hazırlığa neçənci sinifdən başlayırsınız və hazırda
mərkəzdə neçə şagird var?
- Burada siniflər üzrə fərq qoyulmur. 7-11-ci sinflərdən
seçilən şagirdlərə mərkəzdə dərslər keçilir. Amma
üstünlük 7-9-cu siniflərə verilir. Çünki onlar öyrənməyə
daha maraqlı olurlar.
- Şagirdlərin səviyyələri necə yoxlanılır?
Şagirdlərin səviyyəsi mərkəzin rəhbəri,
fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin
Mahmudzadənin rəhbərliyi altında yoxlanılıb. Bizə
müraciət edən məktəblərin şagirdləri seçilib. Qəbul
olunanlar səviyyələr üzrə bölünüb.
- Mərkəzdə dərs deyənlər ancaq bu liseyin
müəllimləridir?
- Hələ ki, tədrislə Ramin Mahmudzadənin rəhbərliyi
altında mən və Nazim Süleymanov məşğul oluruq. Günorta
məktəblərdə dərslər bitəndən sonra mərkəzdə iki saat
mütəmadi şagirdlərə dərs keçirik. Şagirdlərin bir-biri
ilə və bizimlə onlayn əlaqələri var. Dərsdən sonra da
şagirdlər bizim e-mail ünvanlarımıza hansı məsələdə
çətinlik çəkdiklərini yazıb göndərirlər. Biz də onlara
köməklik edirik. Ümumiyyətlə, şagirdlər çox
həvəslidirlər.
-
Başqa müəllimlərin gətirilməsi ilə bağlı hansı tədbirlər
görülür?
- Bununla bağlı planlar var. Bakı şəhərində fəaliyyət
göstərən məktəblərdən bu işlə maraqlanan müəllimləri
mərkəzə cəlb edəcəyik. Müəllimlərin də məşğələ aparmaq
imkanını yoxlayıb bu işi genişləndirəcəyik.
- Bu mərkəz beynəlxalq aləmə çıxış üçün bir vasitədir.
Xaricdən təlimçilər dəvət etmək planınız varmı?
- Belə planlar da var. Amma yeni başlamışıq və hələ ki,
öz gücümüzlə davam etdiririk.
- Mərkəzə başqa hansı məktəblərin şagirdləri cəlb
olunub?
- Heydər Əliyev adına lisey, akademik Zərifə Əliyeva
adına lisey, Bakı İstedadlar Təhsil Kompleksi, 160
nömrəli klassik gimnaziya, 6 nömrəli məktəb-lisey, 283
nömrəli tam orta məktəb, 267 nömrəli məktəb-lisey, 177
nömrəli tam orta məktəb, Dəyanət Vəqfi Bakı Türk Liseyi,
"Gənc istedadlar" liseyindən ümumilikdə 50-dən çox
şagird bu məşğələlərə cəlb olunub. Bundan əlavə,
Sumqayıt şəhərində mərkəzimizin filialı işə başlayıb.
Filialın işə başlamasında liseyimizin və mərkəzin
müəllimi Nazim Süleymanovun böyük rolu olub. Belə bir
planımız var ki, fevral ayının ortalarında akademik
Zərifə Əliyeva adına lisey, 160 nömrəli klassik
gimnaziya, Sumqayıt məktəbliləri və bizim lisey arasında
Zərifə Əliyeva adına liseydə olimpiada keçirək. Yarışma
ənənəvi kağız üzərində yox, kompüter sistemi ilə
keçiriləcək.
www.i-olimp.az/ saytımız var. Həmin sayt vasitəsi
ilə istənilən infromatika olimpiadalarını keçirmək olur.
İstənilən yerdən də olimpiadaların gedişini izləmək
mümkündür. Şagirdlər özləri də olimpiada başa çatan kimi
neçə bal topladıqlarını öyrənə bilər.
- Bu vaxta qədər şagirdlər hardasa iştirak ediblər?
Mərkəz yeni fəaliyyətə başlayıb. Uğurlarını yəqin ki,
gələcəkdə görəcəyik. Bizim liseyin şagirdləri əvvəllər
də beynəlxalq olimpiadalarda iştirak ediblər. İndi onlar
dünyanın nüfuzlu universitetlərinin məzunları və hətta
professorlarıdır. Keçən il şagirdimiz Elgün Cəbrayılzadə
beynəlxalq olimpiadada iştirak edib, amma yer tuta
bilməyib. Yenə də mərkəzdə, hazırlıqlarda iştirak edir.
160 nömrəli klassik gimnaziyadan Şərif Əfəndi adında
8-ci sinif şagirdi var, ümidverici şagirddir.
Liseyimizdən Ayxan Həsənov keçən il respublika
olimpiadasında 4-cü yer tutub.
- Hazırladığınız şagirdlər 2015-ci ildə beynəlxalq
olimpiadada iştirak edəcəklər?
- Olimpiada Qazaxıstanda keçiriləcək və mərkəzin
şagirdlərinin də orda iştirakı planlaşdırılır. Olimpiada
adətən iyun-iyul aylarında keçirilir. Amma vaxtı hələ
tam bəlli deyil.
Şagirdlərin olimpiadalara hazırlaşması üçün dərs
vəsaitləri olmalıdır. Maraqlıdır ki, görəsən mərkəzdə
hansı tədris vəsaitlərindən istifadə edirlər? Valid
müəllim kitabları və elektron vasitələri əyani olaraq
göstərir.
- Müxtəlif vəsaitlərdən istifadə olunur. Onlardan biri
"Məktəblilərin informatika olimpiadaları-1989-2014",
digəri "Beynəlxalq informatika olimpiadaları
1989-2011"-dir. Olimpiada ilə bağlı əvvəldə qeyd
etdiyim
www.iolimp.az, bundan başqa
www.informatika.az,
www.e-olimp.com.ua/az kimi xüsusi saytlarımız var.
Bölgələrimizdə də kifayət qədər istedadlı şagirdlərimiz
var. Onları bu işə necə cəlb etmək olar? Söhbətimizi bu
istiqamətdə davam etdiririk.
- Bölgələrimizdə necə, bu mərkəz, saytlar barədə
məlumatı olanlar var?
- Saytlarımızda olan məlumatlarla bağlı müxtəlif
bölgələrdən bizə zənglər, onlayn sual-cavablar olur ki,
bu məsələni biz necə edək? Deməli, bu işlə də
maraqlanırlar.
- Regionlarda olimpiada mərkəzləri məsələsinə necə
baxırsınız?
- Hər bir rayonun təhsil şöbəsi bu işə marağı olan,
təşəbbüs göstərən müəllimləri dəstəkləsə, regionlarda
da belə mərkəzlər yaratmaq olar.
- Siz beynəlxalq olimpiada mərkəzinin yaradılmasını
təklif etmişdiniz?
- Respublikamızın bütün bölgələrində olimpiya idman
kompleksləri var. Yaxşı olardı ki, elm sahəsində belə
mərkəz Bakıda yaradılsın. Mərkəz dedikdə, təkcə
informatikanı nəzərdə tutmuram. Bütün beynəlxalq
olimpiadalara hazırlıq aparılacaq bir mərkəzi nəzərdə
tuturam. Yaxşı olar ki, həmin şagirdlər orta təhsilini
də həmin mərkəzdə alsınlar.
- Beynəlxalq olimpiadalarda medal qazananlar
universitetlərə imtahansız qəbul olunurlar.
- Bəli, düz vurğuladınız. Nəinki Azərbaycanda, dünyanın
bir çox universitetləri də yaxşı nəticəsi olanları öz
tələbələri sırasına qəbul etməyə hazırdır. Bunu
şagirdlərə tez-tez xatırladıram. Keçənilki beynəlxalq
olimpiadanın nəticələrini açıram və şagirdlərə
göstərirəm (bizə də göstərir). Deyirəm ki, baxın,
2013-cü ildə bürünc medal qazanan 2014-cü ildə qızıl
medal qazanıb. Siz də çalışın.
Söhbətimizin sonuna doğru Valid müəllimdən gələcək
planlar barədə soruşuram.
- Əsas məqsədimiz respublika və beynəlxalq
olimpiadalarda medallar qazanmaqdır.
- Hamısı da qızıl olsun?
- Qızıl, gümüş, bürünc. Medallar bol olsun (gülür).
Digər plan məktəblərə kömək məqsədi ilə kitablar
hazırlamaqdır. Bundan başqa, olimpiada mərkəzimizin
"Alqoritm" jurnalı dərc olunur (jurnalı bizə də
göstərir). Rəsmi veb saytı (www.alqoritm.ucoz.org)
fəaliyyət göstərir. Jurnalın 4-cü nömrəsini hazırlmağa
başlamışıq.
Söhbətimizin əvvəlində diqqətçəkən məqam Sumqayıtda
yaradılan mərkəz idi. Bu mərkəzin yaradıcısı Nazim
müəllimlə söhbətimizi davam etdiririk.
- Sumqayıtda işi təhsil şöbəsinin rəhbərinin köməkliyi
ilə qurmuşuq. Artıq Sumqayıtda mərkəz üçün seçdiyimiz
şagirdlərin sayı təxminən Bakıdakı qədərdir.
Sumqayıtdakı mərkəzdə iki müəllim tədris aparır. Mərkəz
Təbiət Elmləri Təmayüllü Gimnaziyada fəaliyyət göstərir.
Burada gimnaziyadan, Sumqayıt şəhər 12 nömrəli tam orta
məktəbdən və 21 nömrəli orta məktəbdən seçilən
şagirdlərlə tədris aparılır. Amma fevral ayında mərkəzi
mənim təsis etdiyim "Peşəkar təlim" müəssisəsinə
köçürəcəyik. Ümidverici uşaqları seçib həmin müəssisədə
fəaliyyətimizi davam etdirəcəyik. Təkcə Sumqayıtda yox,
bütün ölkə üzrə bu işi genişləndirməyə çalışacağıq.
Nazim müəllimə təşəkkür edib, mərkəzin şagirdlərindən
birinə yaxınlaşırıq. 10-cu sinif şagirdi Anar Verdiyev
web səhifələr hazırlayır. Hətta keçən il qalib də olub:
- 1998-ci ildə Ukraynada anadan olmuşam. Hazırda
İnformatika Layihə Olimpiadasına təqdim edəcəyim web
səhifə üzərində işləyirəm. Google şirkətinin əsas
məhsullarını tərcümə etmişəm. "Google"da
nələr var, o barədə web səhifədə asanlıqa məlumat əldə
etmək olacaq. Keçən il həmin olimpiadada qalib olmuşdum.
Olimpiada mərkəzinə gəldikdə isə, orada mütəmadi iştirak
edirəm. Bir neçə proqramlaşdırma dillərini öyrənirik.
Olimpiada mərkəzi məni qane edir. Belə davam etməyini
istərdim. Ali təhsilimi isə Kanadanın Toronto
Universitetində almaq istəyirəm.
- Sən Toronto Universitetinə qəbul olandan sonra yenidən
görüşərik, - deyib sağollaşırıq.
Fotolar: Rəşad RAMAZANOĞLU
r.ziyadov@muallim.edu.az |