Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Məktəb direktorları Prezidentin sərəncamından razılıq edirlər

 

Müəllimə qayğının daha bir nümunəsi 

Gülşən ORUCOVA,
Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir.  Ölkə Prezidentinin dəstəyi və səyləri nəticəsində respublikanın hər yerində geniş abadlıq və quruculuq işləri aparılır. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla nəticələnməsinə yönəlmiş tədbirlərin, nəhəng layihələrin həyata keçirilməsi sayəsində bütün sahələrdə ciddi uğurlar əldə edilib. Təhsilin  inkişafına göstərilən dövlət qayğısı da göz qabağındadır. Möhtərəm Prezidentimizin  30 sentyabr 2014-cü il  tarixli sərəncamları ilə  60 müəllimə "Əməkdar müəllim" fəxri adı, 60 müəllimə  isə "Tərəqqi" medalı verilib. 17 dekabr 2014-cü il tarixdə  "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə respublikanın 100  müəllimi 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.

Ölkə başçısının bu  il  yanvarın 16-da imzaladığı sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının  2 dəfə artırılması isə bu diqqət və qayğının növbəti bir təzahürü oldu. Möhtərəm Prezidentimiz müəllimlərin sosial vəziyyətinin və güzəranının yaxşılaşdırılması ilə bağlı imzaladığı həmin sərəncamla  bir daha sübut etdi ki, Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin ən böyük himayədarıdır. Təhsilimizə və Azərbaycan müəlliminə diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidentinə  təşəkkür dolu minnətdarlığımızı bildiririk. Dünya iqtisadiyyatının hazırda böhran vəziyyətində olduğu, neftin qiymətinin  düşdüyü və respublikanın  I Avropa Oyunlarına hazırlaşdığı  bir şəraitdə ölkə başçısı tərəfindən atılmış bu addım hər cür alqışa layiqdir.  Əməyimizə verilən yüksək qiymətin müqabilində biz də çaışacağıq ki, bu etimadı yeni-yeni nailiyyətlərimizlə doğruldaq.


Pedaqoji kollektivimiz əməkhaqqı artımını böyük rəğbətlə qarşılayıb 

Fikrət XƏLİLOV, 
Bakı şəhəri  Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim
 

Dövlətimizin gələcəyi bu gün parta arxasında oturan məsum, qayğısız, hələ varlığının vacibliyini tam dərk etməyən şagirdlərdən asılıdır. Həmin şagirdləri bir vətəndaş, vətənpərvər, Azərbaycanın gələcəyi kimi  yetişdirən isə məhz  müəllimlərdir. Respublikamızda müəllim zəhməti daim yüksək qiymətləndirilmiş və müəllim cəmiyyətin aparıcı qüvvəsi olmuşdur. Cəmiyyətimizdə baş verən bütün həyati məsələlərdə müəllim birinci olaraq öz sözünü demiş, xalqın önündə getmişdir. Bu baxımdan, bu gün dövlətimizin siyasi xəttinin əsas prioritet məsələlərindən biri də təhsil və elmdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə dediyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikri buna bariz nümunədir.

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm  bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Bütün dövrlərdə olduğu kimi bu gün də cəmiyyətin inkişafı təhsilin inkişaf səviyyəsi ilə birbaşa əlaqədardır. Təhsilin aparıcı qüvvəsi isə müəllimdir. Odur ki, ulu öndərimiz çox gözəl deyib: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimimizə borcluyuq". Ulu öndərin siyasətini bu gün layiqincə həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyev daim müəllimlərin qayğısına qalaraq onların maddi durumlarının daha da yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Ölkə başçısının "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" imzaladığı  2015-ci il 16 yanvar tarixli sərəncamı  ilə müəllimlərin  həftəlik dərs yükü normasının 1.5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması bu şərəfli peşə sahiblərinin  dövlətin diqqət mərkəzində olduğunu bir daha aşkarladı.

Əgər ümummilli liderimiz Heydər Əliyev "Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir" - demişdirsə, bu gün Prezident İlham Əliyev həmin mövqeyi davam və inkişaf etdirərək deyir: "Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər ölkəmiz müharibə şəraitində olmasaydı, təhsil xərcləri birinci yerdə olardı".

Təhsil işçilərinin vəzifə maaşlarının artırılması ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan liseyin pedaqoji kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı. Bu münasibətlə təşkil olunan tədbirdə kollektivimiz müəllimlərə göstərilən dövlət qayğısından məmnun olduğunu söylədi, bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirdi, bu qayğıya öz əməli işləri ilə cavab verəcəyini vurğuladı.


Bu inam və etibarı öz işimizlə doğrultmağa çalışacağıq 

Aygün ƏHMƏDLİ,
Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyinin direktoru,  əməkdar müəllim, biologiya üzrə fəlsəfə doktoru

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsindən  irəli gələn vəzifələrin həlli bu gün dövlətimizin, təhsil sistemimizin qarşısında duran əsas məsələlərdəndir.  Dövlət Strategiyasının əsas istiqamətlərinin həyata keçirilməsi ilə bağlı son dövrlər bir sıra qərarlar qəbul olunub ki, bunların da içərisində möhtərəm  Prezidentimizin bu il yanvarın 16-da imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamı xüsusi əhəmiyyət kəsb edir.

Dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə Prezidentin belə bir sərəncam imzalaması dövlət başçısının  müəllimlərə göstərdiyi diqqət və qayğının,  daim sadə insanların rifahı haqqında düşünməsinin bariz nümunəsidir. Bununla yanaşı, sərəncam həm də müəllimlərin biliyinə və səriştəsinə görə əməkhaqqı sisteminin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Strategiyasında yer almış hədəflərdən birinin həyata keçirilməsi yönündə atılan mühüm bir addımdır. Biz müəllimlərin maddi şəraitini yaxşılaşdırmaq məqsədi ilə verilən bu qərara görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk. Sərəncama əsasən liseyimizin müəllimlərinin böyük əksəriyyətinin əməkhaqqısı artacaq.

Fikrimcə, bu sərəncam həm də  diaqnostik qiymətləndirməyə cəlb olunmamış region müəllimlərinin də təkmilləşmək üçün səy göstərəcəyinə stimul olacaq. Bu da öz növbəsində təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəkdir.

Bütün təhsil işçiləri kimi "Zəkalar" liseyinin kollektivi də  təhsil sistemində gedən sürətli inkişafı ölkəmizin nüfuzunun artması üçün əsas göstərici kimi qəbul edir, təhsilə, xüsusilə müəllimlik peşəsinə cavan, peşəkar, səriştəli kadrların cəlb olunacağına inanır və ölkə Prezidentinin diqqətinə cavab olaraq daha yaxşı işləməyə  və təhsildə keyfiyyətin artırılmasına çalışacağına söz verir.


Müəllim ordusuna verilən yüksək dəyər 

Yuliya KƏRİMOVA,
Bakı şəhəri 23 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixdə "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" imzaladığı sərəncamın məktəblərin hazırkı durumuna böyük təsirini gözləyirəm. Sərəncam dövlət başçısı tərəfindən müəllim ordusuna yüksək dəyər verilməsi deməkdir. Amma biz,  təhsil işçiləri, başa düşməliyik ki, bu yalnız dəyər deyil, həmçinin böyük bir etimad və müvafiq olaraq, böyük məsuliyyətdir. Sərəncama görə, müəllimlərin maddi şəraitinin yaxşılaşdırılması və dərs yükünün artırılması məhz sınaq qiymətləndirmədə qənaətbəxş nəticə göstərən müəllimlər üçün nəzərdə tutulub. İşinə məsuliyyətlə yanaşan müəllim həm maddi, həm mənəvi cəhətdən fərqləndirildi. Bir məktəb direktoru kimi, mənim üçün ən mühum cəhət məhz budur. Müəllimlərin peşəkarlığı daim dəyərləndirilməlidir, keyfiyyətli və məsuliyyətli iş ön plana çəkilməlidir, digərləri bu işdən nümunələr götürməlidir. Bu bizim sistemimizdə ilk presedentdir: yaxşıya dorğu irəliləmək üçün motivasiya məhz iş yerində yaradılmalıdır və həm maddi, həm də mənəvi aspektləri əhatə etməlidir.

Haqqında danışdığımız sərəncam böyük və geniş əhatəli işin başlanğıcıdır. Mən ümidvaram ki, bizim məktəblərimiz və müəllimlərimiz bu böyük işdə məsuliyyətlərini dərk edəcək və daha yüksək nəticə göstərmək üçün çalışacaqlar.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov