Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində muğamşünaslıqla bağlı elmi seminarlara
start verilib. "Muğamşünaslığın aktual problemləri"adlı
ilk elmi seminar universitetin elmi şura zalında baş
tutub.
Seminarı rektor, professor Fərəh Əliyeva açaraq,
qonaqları salamlayıb. O, bu il Heydər Əliyev Fondunun
dəstəyi ilə keçiriləcək IV Beynəlxalq Muğam
Simpoziumuna qədər universitetdə belə seminarların
keçirilməsini təqdirəlayiq hesab etdiyini və buna böyük
ehtiyac olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun
musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Kamilə Dadaşzadə "Azərbaycan ənənəvi
musiqisində "Şah Xətai" termininin tətbiqinə dair",
sənətşünaslıq üzrə elmlər doktoru, dosent İradə Köçərli
"Aşıq musiqisinin səs sistemi Ü.Hacıbəylinin məqam
nəzəriyyəsi kontekstində", AMEA Memarlıq və İncəsənət
İnstitutunun "Muğamşünaslıq" şöbəsinin müdiri,
sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova
"Muğamşünaslığın konseptual əsasları", sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Aydın Talıbzadə "Muğamın
sillabik qəliblərinə dair bəzi mülahizələr",
sənətşünaslıq üzrə fəlsəfə doktor Güllü İsmayılova
isə "Azərbaycan bəstəkarlarının yaradıcılığında milli
semantikanın təcəssümü" adlı məruzələrlə çıxış ediblər.
Muğam biliciləri, AMEA-nın nümayəndələri, universitetin
professor-müəllimlərinin, magistr və doktorantlarının
iştirak etdiyi seminar maraqlı fikir mübadiləsi,
diskussiya şəklində keçib.
Mətbuat xidməti |