Yanvarın
30-da "İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim
heyətinin bilik və bacarıqlarının artırılması" layihəsi
çərçivəsində həyata keçirilən "Liderlik və idarəetmə"
təlimlərinin iştirakçılarına sertifikatların təqdim
olunması mərasimi keçirilib.
Mərasimdə Təhsil Nazirliyi və "GİZ" Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin
Qurbanov bildirib ki, Təhsil Nazirliyi və "GİZ" Almaniya
Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata
keçirdiyi bu layihənin məqsədi ilk peşə-ixtisas təhsili
müəssisələri direktorlarının və digər rəhbər işçilərin
bacarığını artırmaqla təhsildə keyfiyyət və səmərəli
idarəetməni təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi
yaradılıb və namizədlərə uzunmüddətli təlimlər keçirilib.
Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə
olunması, kurikulumun dizaynı, qiymətləndirmə,
məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi
kimi peşə təhsilinin əsas komponentlərini əhatə edib.
Çıxış edənlər bu layihənin ilk peşə-ixtisas təhsili
müəssisələrinin inkişafına layiqli töhfə verəcəyini
vurğulayıblar.
Sonda təlimdə iştirak etmiş 25 nəfərə sertifikat təqdim
olunub.
Qeyd edək ki, birinci mərhələdə təlimlər yalnız Bakı
şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbər və müəllim heyəti üçün təşkil
edilib. Növbəti layihələrdə regionlardakı ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və müəllim
heyəti də təlimlərə cəlb olunacaq.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |