47-ci
Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan
milli komandasına namizədlərin seçilməsi üzrə
müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.
Bu mərhələdə ümumilikdə, X və XI siniflər üzrə 1472
şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 684
şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın
günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq. Zona
mərhələsinin Təşkilat Komitəsi tərəfindən müəyyən
edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur.
Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən
ümumi təhsil müəssisələri arasından seçiləcək.
Zona mərhələsində iştirak edəcək şagirdlər ilk
mərhələnin nəticələrinə əsasən, Təşkilat Komitəsinin
qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar
nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli
formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün
şagirdlərə 4 saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına
MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə
iştirak edəcək şagirdlər də zona mərhələsinin nəticələri
nəzərə alınmaqla, Təşkilat Komitəsinin qərarına əsasən
müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş
qapalı testi və açıq tipli sualları cavablandıracaqlar.
Qeyd edək ki, 80 ölkədən 300-dən artıq məktəblinin
iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası
iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5
ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada)
keçirilib. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75
ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy
şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu
olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək
onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24
medal qazanıblar.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının
rəsmi internet saytı (http://icho2015.msu.az/)
istifadəyə verilib. |