Naxçıvan
Dövlət Universitetində bu yaxınlarda boks üzrə böyüklər
arasında keçirilən Azərbaycan çempionatının qalibi və
universiteti təmsil edən digər iştirakçıları ilə görüş
keçirilib. Görüşdə universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına
göstərilən diqqət və qayğıdan bəhs edib. Rektor tələbə
boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə
idmançı tələbələrə stimul verəcək, onların daha böyük
qələbələrə ruhlanmasına səbəb olacaq.
Universitetin müəllimi, boks üzrə idman ustası, çempion
Tayfur Əliyevin məşqçisi Valeh Əlixanov çempionat
haqqında məlumat verib. Bildirib ki, ilk dəfə böyüklər
arasında yarışda iştirak edən 17 yaşlı boksçu Tayfur
Əliyev (56 kq) 4 döyüşü tam üstünlüklə başa vurub,
yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib.
Tələbə boksçu finalda Fövqəladə Hallar Nazirliyinin
idman klubunun boksçusu, uzun illər seçmə komandamızın
kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Tayfur Əliyev
çempionatda ən yüksək texnikalı boksçu üçün təsis
olunmuş "Qızıl əlcək" mükafatının da qalibi olub.
Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak
etmək hüququ qazanıb.
Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti,
Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov
universitetin idman uğurlarına nəzər salıb.
Boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev qələbə
sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə
şəraitində, güclü rəqiblərlə keçirildiyini bildirib,
universitet rəhbərliyinə, məşqçilərinə minnətdarlıq edib.
Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov
çempion Tayfur Əliyevi və onun məşqçisi Valeh Əlixanovu
pul mükafatı və hədiyyələrlə təltif edib, çempionatın
iştirakçısı olan digər tələbələrə hədiyyələr təqdim
olunub.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |