"Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə yığma
komandasının üzvləri kişilər arasında Azərbaycan
çempionatının qalibi olublar. İsveçrə sistemi ilə
keçirilən yarışda Azərbaycanın ən güclü 22 şahmatçısı
iştirak edib. "Təhsil" Respublika İdman Mərkəzi
çempionatda 9 şahmatçı ilə təmsil olunub.
"Təhsil" RİM-in direktoru Natiq Lahıcovdan aldığımız
məlumata görə, idman mərkəzinin şahmatçısı Rauf Məmmədov
9 oyundan 6,5 xal toplayaraq yarışın qalibi adına layiq
görülüb. Digər şahmatçı Eltac Səfərli 9 oyundan 6,5 xal
əldə etsə də oyun əmsalına uyğun olaraq II yeri tutub.
Mərkəzin daha 2 oyunçusu ilk onluğa daxil olub.
Yarışda I və II yeri tutan şahmatçılar dünya kubokuna
vəsiqə qazanıblar. |