Bakı şəhəri 220 nömrəli məktəb-liseydə Təhsil
Nazirliyinin təsisçisi olduğu "Azərbaycan məktəbi"
jurnalının 90 illik yubileyinə həsr olunmuş görüş
keçirilib. Görüşdə Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, "Azərbaycan məktəbi" jurnalının
baş redaktoru Nəcəf Nəcəfov, baş redaktorun müavini
Nəsrəddin Musayev, Təhsil Texnologiyaları Mərkəzinin
direktoru Muxtar Həsənov, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti Baloğlan Quliyev, Təhsil
Problemləri İnstitutunun professoru Vidadi Xəlilov,
Azərbaycan Müəllimlər İnstitutunun dosentləri Bilal
Həsənli, Şahrza Ağayev, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Oqtay Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
metodkabinetinin əməkdaşları Alı Məmmədov, Mövlan
Ömərov, məktəb direktorları, müəllimlər, jurnalın
kollektivi, mətbuat nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə 220 nömrəli məktəb-liseyin
direktoru Almaz Əsgərova açaraq qonaqları salamlayıb,
"Azərbaycan məktəbi" jurnalının müəllimlər üçün mühüm
əhəmiyyət kəsb edən elmi-nəzəri və pedaqoji mənbə
olduğunu diqqətə çatdırıb.
Jurnalın nəşr tarixi və fəaliyyətindən danışan baş
redaktor N.Nəcəfov qeyd edib ki, məzmunu və mündəricəsi
etibarilə ilk elmi-nəzəri və pedaqoji jurnal olan
"Azərbaycan məktəbi" "Yeni məktəb" adı ilə 1924-cü ilin
aprelindən nəşrə başlayıb. 1930-cu ilin noyabrınadək bu
adla çıxan jurnal həmin tarixdən 1941-ci ilədək
"Müəllimə kömək" adı ilə oxucuların görüşünə gəlib və
məktəb həyatının ən zəruri məsələləri ilə tanış olmaqda
müəllimlərə yardımçı olub. Dövrün təlatümlü hadisələri
arada jurnalı da fasilələrlə dərc olunmaq
məcburiyyətində qoyub. 1943-cü ildən jurnal nəşrini
"Azərbaycan məktəbi" adı ilə davam etdirib.
Qeyd olunub ki, xalq yazıçısı Mirzə İbrahimovun "idrak
və ədəb çırağı" adlandırdığı jurnal ölkənin ən mürəkkəb
zamanlarında təhsilimizə dayaq olub, pedaqogikamızın,
məktəbimizin keşiyində sərvaxt dayanıb. Azərbaycanın ən
tanınmış pedaqoqları ilk qələm təcrübəsini bu jurnalda
sınaqdan keçirib.
Baş redaktor görüş iştirakçılarının diqqətinə çatdırıb
ki, sovet dönəmində "Azərbaycan məktəbi" jurnalı ən
yüksək tirajlı mətbu orqanı kimi respublikamızın bütün
pedaqoji ictimaiyyətini əhatə edib, tirajı əlavələri ilə
birlikdə yüz min nüsxədən çox olub.
N.Nəcəfov çıxışında vaxtilə jurnala rəhbərlik etmiş və
burada işləmiş insanların adlarını çəkərək onların
aktual məsələlərə həsr olunmuş məqalələrinin təhsilin
salnaməsinin yaradılmasında mühüm rol oynadığını
bildirib.
Təhsil Şurasının sədri, professor Əjdər Ağayev çıxışında
"Azərbaycan məktəbi" jurnalının tarixi ənənələrindən
bəhs edib, jurnala rəhbərlik etdiyi dövrdə onun inkişafı
üçün görülən işlərdən danışıb.
Əjdər Ağayev vurğulayıb ki, "Azərbaycan məktəbi" jurnalı
fəaliyyəti dövründə müəllimlərə yalnız pedaqoji-metodiki
dəstək verməklə kifayətlənməyib, həm də öz
səhifələrində Uluqbəy, Ç.Aytmatov, Mollayi Rumi, Mir
Cəlal, Qara Qarayev, İsmayıl Şıxlı, Maqsud Şeyxzadə,
Asəf Zeynallı kimi şəxsiyyətlərin həyat və
fəaliyyətlərindən yazılar dərc etməklə müəllimlərin
ümumi dünyagörüşünün artmasına xidmət edib.
Pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov da
jurnalın zəngin tarixi ənənələrindən danışıb,
"Azərbaycan məktəbi"nin Azərbaycan müəllimləri üçün
məktəb rolunu oynadığını bildirib.
Görüşdə pedaqoq alimlər Şahrza Ağayev, Baloğlan Quliyev,
Bilal Həsənli də çıxış edərək "Azərbaycan məktəbi"
jurnalının elmi-metodiki əhəmiyyətindən söz açıb,
müəllimlərin bu dərgidən istifadəsinin vacibliyini
vurğulayıblar.
Tədbirdə müəllimlərdən Şakir Babayev (Lerik rayonu,
Lüləkəran kənd tam orta məktəbinin direktoru), Təranə
Axundova, Zeynəb Rzayeva (220 nömrəli məktəb-lisey),
Gülşən Vəliyeva, Dilarə Məcidova, Zabilə Əliyeva, Bayram
Mehrəliyev (70 nömrəli məktəb), Elnarə Məmmədova (Bakı
şəhəri MLK), Leyla Qurbanova (Heydər Əliyev adına
lisey) və başqaları jurnala dair qeyd və təkliflərini
bildirməklə, belə görüşlərin tez-tez keçirilməsini arzu
edib, pedaqogika, psixologiya elminin ən aktual
məsələləri ilə yanaşı, jurnalda ayrı-ayrı müəllimlərin
dərs nümunələrinin, qiymətləndirmə ilə əlaqədar əldə
olunmuş təcrübələrə dair yazıların müntəzəm verilməsini
vacib sayıblar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |