Tərtər Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
qeyd edilir ki, rayonun Azadqaraqoyunlu kənd tam orta
məktəbinin şagirdləri tərəfindən Azərbaycanın Milli
Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb.
Qəhrəmanın ailə üzvləri və döyüş dostları, rayon
ictimaiyyətinin nümayəndələri, məktəblilər Tərtər
şəhərində onun adını daşıyan küçədəki büstü önünə əklil
və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və
igidliklə dolu döyüş yolundan danışıblar. Bildirilib ki,
Elman Süleyman oğlu Hüseynov 1952-ci il fevralın 28-də
Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub.
Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət
Politexnik İnstitutunda təhsil alıb. 1973-1975-ci
illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit
rütbəsində xidmət edib. 1980-1982-ci illərdə təhsilini
Bakı Ali Partiya Məktəbində davam etdirib. Müxtəlif
məsul vəzifələrdə çalışıb. Nazirlər Kabineti nəzdində
Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə
diplomu ilə bitirib.
1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün
tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət
edib. Həmin ilin sentyabrında Tərtər özünümüdafiə
batalyonu qərargahının rəisi, noyabr ayında isə Tərtər
ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub.
Tərtər rayonunun və ətraf kəndlərin müdafiəsi üzrə
mühüm strateji postların yaradılmasını təşkil edib.
Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin
düşməndən azad olunmasında fəal iştirak edib.İgid
komandirin şəxsi şücaəti və rəhbərliyi altında
keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin
xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə
iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng
yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid
olub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15
yanvar tarixli Fərmanı ilə mayor Hüseynov Elman Süleyman
oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilib.
Mərasimdə Azadqaraqoyunlu kənd tam orta məktəbinin
şagirdləri Milli Qəhrəmana, Vətənə, Qarabağa aid şeirlər
söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Səhifəni hazırladı:
Şakir CƏFƏROV, "Azərbaycan müəllimi" |