Neftçala RTŞ-nın metodisti Əlövsət Rzayevdən aldığımız
məlumatda deyilir ki, E.Həbibov adına şəhər 4
nömrəli tam orta məktəbdə şagirdlərin biliyini
möhkəmləndirmək məqsədi ilə müxtəlif bilik yarışları və
tədbirlər keçirilir. Proqram materiallarının nə dərəcədə
mənimsənildiyini yoxlamaq məqsədi ilə bütün siniflərdə
test yoxlamaları təşkil olunur. Məktəbdə metodiki
işlərin təşkilinə xüsusi tələbkarlıqla yanaşılır, fənn
müəllimləri metodbirləşmələrə cəlb edilir. Qabaqcıl
təcrübələrin öyrənilməsi və yayılması ön plana çəkilir.
Müəllimlərin yaradıcılıq axtarışlarını öyrənmək və
qabaqcıl təcrübələrini yaymaq məqsədi ilə "açıq
dərs"lər keçirilir. Qarşılıqlı dərsdinləmə yüksək
səviyyədə aparılır.
İstedadlı şagirdlər aşkara çıxarılır və onlara daim
qayğı göstərilir. Sinifdənxaric və məktəbdənkənar
tədbirlərin keçirilməsi hər bir şagirdin intellektual
inkişafında böyük rol oynayır. Şagirdlərin elmə, təhsilə
marağını artırmaq məqsədi ilə ədəbi-bədii
kompozisiyalar, fənlər üzrə viktorinalar, yarışlar və
digər tədbirlər keçirilir. Belə ki, 16 müəllim və
şagird "Elektron təhsil müsabiqəsi"nə müxtəlif
nominasiyalarda elektron dərslər göndərib.
Eyni zamanda təhsil ocağında şagirdlərin
hərbi-vətənpərvərlik tərbiyəsinə də xüsusi fikir
verilir. Pedaqoji kollektiv fəaliyyətində müasir dərsə
verilən tələbləri daim diqqət mərkəzində saxlayır.
Müəllimlər təlim prosesində İKT-dən səmərəli istifadə
edirlər. Müəllimlərin "Mədəd", "İntel" kurslarından
keçməsi onlara dərslərini elektron vasitələrlə
qurmalarına çox kömək edir. |