Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Təhsilimizin uğurları

 

Pianoçu-bəstəkar beynəlxalq müsabiqələr laureatıdır 

Əli Məmmədov  parlaq istedad sahibidir. 2007-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə əməkdar müəllim Ədilə Rəhimovanın sinfində təhsil alır. Ötən bu müddət ərzində Əli mötəbər müsabiqələrdə iştirak edib, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Nümunəvi ifaçılıq qabiliyyəti ilə seçilən yeniyetmə 2010-cu ildə N.Əliverdibəyov adına gənc ifaçıların müsabiqəsində fortepiano nominasiyasında I yerə layiq görülərək əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın rəhbərlik etdiyi "Azərbaycan Bəstəkarlarının Antalogiyası"  layihəsində pianoçu kimi iştirak edib.

Ə.Məmmədov  bəstəkarlıq üzrə də istedadını nümayiş etdirərək   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirak etdiyi  Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində Prezident İlham Əliyevə həsr etdiyi əsərini fortepianoda məharətlə ifa edib.

Ə.Məmmədov dəfələrlə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə həm pianoçu, həm də pianoçu-bəstəkar kimi uğurla çıxış edib. 2012-ci ildə isə "ÜNS" yaradıcılıq səhnəsinin mövsüm açılışı ilə bağlı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin verdiyi konsert proqramında məhz ifaçı kimi deyil,  pianoçu-bəstəkar kimi çıxış edib.

Yeniyetmə 2012-ci ildə Ukraynada keçirilən gənc bəstəkarların  "PentaTon" Beynəlxalq müsabiqəsinin laureatı olub. 2014-cü il noyabrın 26-29 tarixlərində İngiltərənin Nyukasl şəhərində keçirilən Pianoçuların VII  Beynəlxalq müsabiqəsində iştirak edərək Azərbaycanı ləyaqətlə təmsil edib.


Muğam televiziya müsabiqəsinin üçüncüsü 

Hələ  uşaqlıq çağlarından ustad xanəndələrin muğam ifalarını maraqla dinləyən Gülnarın bu sənətə həvəsi artmağa  başlayıb. Canımıza, qanımıza hopan xalq mahnılarını, muğamlarını o, sanki ana laylası sanar və milli musiqimizin melodiyaları altında yuxuya gedərdi. Balaca qızcığaz böyüdükcə onun arzuları da pərvazlanır və artıq gələcəkdə xanəndə olacağına zəmin yaradırdı.

Belə ki, Gülnar Qüdrətli 2009-cu ildə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə bu arzularla qəbul olub  və hazırda əməkdar artist Nuriyyə Hüseynovanın xanəndəlik sinfində təhsil alır. Məktəbdə oxuduğu illərdə bir çox  müsabiqə və  festivallarda çıxış edib. 2012-ci  ildə Azərbaycan vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün  115 illik yubileyinə həsr olunmuş festivalda II yeri tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində  uğurla çıxış etmiş, münsiflər tərəfindən  I dərəcəli diploma layiq görülüb. Daim öz üzərində işləyir, müxtəlif konsertlərdə istedadını nümayiş  etdirir. 2013-cü ili Gülnar üçün ən uğurlu il hesab etmək olar. IV Muğam televiziya müsabiqəsinə qatılıb və III yerə layiq görülüb. Həmin ildə Türkiyədə türkdilli xalqların mahnı və rəqs müsabiqəsində  iştirak edərək laureat adını qazanıb və  milli musiqi alətləri ifaçıları və xanəndələrin II Respublika müsabiqəsinin qalibi olub.

 Sənətdə qazandığı nailiyyətlərə görə Gülnar Qüdrətli Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb.

 O,   Azərbaycan Dövlət Televiziyası və Radiosunun solistidir.


Doqquz yaşlı rəssamın sənət dünyası 

Rəşidə  Hacıyeva  Xırdalan  şəhər  2 nömrəli tam orta məktəbinin  IV sinfində  təhsil alır. Sinifdə  ən yaxşı oxuyan şagirdlərdən biridir.  Hələ kiçik yaşlarından onda  şəkil çəkməyə həvəs yaranıb. Gördüklərini  təxəyyülünün süzgəcindən keçirərək bir-birindən maraqlı rəsmlər yaradıb. Bir an belə rəngli karandaşlarından və çəkdiyi rəsmlərdən ayrıla bilməməsi  balaca rəssamın  gələcəkdə peşəkar rəssam olacağından xəbər verir.  Xırdalan şəhəri  9 nömrəli tam orta  məktəbində ingilis dili müəllimi işləyən anası  Leyla Əliyeva  Rəşidənin bu istedadını inkişaf etdirmək üçün onu  Abşeron İKT-nin Tədris Mərkəzinin rəsm dərnəyinə gətirib. O, burada rəsm müəllimi  Sevda  Bağırovadan rəssamlığın sirlərini öyrənir. Müəlliminin sözlərinə görə Rəşidə hara gedirsə, daim rəngli karandaşları yanında olur. Ağıllı, mədəni, tərbiyəli və çalışqan şagirdlərdən biridir. Rəsm çəkməyə çox həvəslidir, xüsusilə də qrafika janrına daha çox meyil göstərir. İstedadlıdır və öz  üzərində ciddi çalışır. İnanıram ki, gələcəkdə gözəl memar, dizayner  və  ya modelyer ola bilər.

   Rəşidənin isə gələcəklə bağlı öz planları var. O, hazırda  Böyük Britaniyanın Kembric Universitetində təhsil alan xalası Günel Hüseynovanın  davamçısı, tibb və biologiya elmləri  ilə məşğul olmaq arzusu ilə yaşayır. Xalası da rəsmlə məşğul olduğu üçün  gələcəkdə onunla  birlikdə rəsm studiyası açmaq  haqqında düşünür.

 

 


Qrupun lideri beynəlxalq ekoloji layihənin qalibidir 

Cavid Ələsgərov Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Gənc səyahətçilər" dərnəyində artıq 6 ildir ki, məşğul olur. 14 yaşı olmasına baxmayaraq bir çox şəhər, respublika üzrə təşkil olunan yarış, müsabiqə və yürüşlərdə  iştirak edib. "Gənc səyahətçilər" dərnəyinin üzvləri arasında təşkil olunan  "Qayayadırmanma", "Səmti müəyyənetmə", "Cəsurlar cığırı" və s. kimi turizm yarışlarının və yay düşərgələrinin fəal iştirakçısıdır. Hətta 2014-cü ilin yay düşərgəsinin nəticələrinə görə Cavid "Qrupun ən yaxşı lideri" adını qazanıb. Mərkəzin gənc səyahətçiləri ilə birgə o, "Vətənimizi yaxından tanıyaq" devizi altında respublikamızın bir çox görməli və tarixi yerlərində - Qobustan, Quba, Nabran, İsmayıllı, Lahıc, Xızı, Altıağac, Qala-altı, Qax, İlisu və Şəki rayonlarında səyahətdə olub.

 Gürcüstanın Bakuriani şəhərciyində uşaq dağ-xizək məktəbində təlim keçən gənc səyahətçi beynəlxalq tədbirlərdə də fəal iştirak edib. 2013-cü ildə Norveçdə təşkil olunan beynəlxalq düşərgədə, 2014-cü ildə isə Lahıcda keçirilən "Babadağ-2014" beynəlxalq ekoloji layihəsində iştirak edərək qalib adını qazanıb.

 Ötən ay Cavid  3 nəfər dərnək üzvü və məşğul olduğu dərnəyin rəhbəri Yevgeniya Nəcəfova ilə birgə Beynəlxalq Alpinizm Federasiyasının təşkilatçılığı ilə Avstriyanın Lienz şəhərciyində keçirilən Gənclərin 8-ci Alpinizm Düşərgəsində iştirak edərək vətənimizi layiqincə təmsil edib.


Bir neçə sahədə uğur qazanan qran-pri mükafatçısı 

Soltan Səmədli Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdidir. Hazırda  gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində tar ixtisası üzrə təhsil alır.  Yeniyetmə  tarzən  musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə  II Respublika Əlillərin V Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqələrində uğurlu çıxışına  görə diplomlarla mükafatlandırılıb. 2011-ci ildə  dövlət müstəqilliyinin bərpasının  iyirminci ildönümünə həsr olunmuş  Milli musiqi alətləri ifaçılarının respublika festivalında, 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında  gənc ifaçıların  II Respublika  müsabiqəsində çıxışlarına görə diplom və medala layiq görülüb. Səməd  2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər  Fondunun təşkil etdiyi sağlamlıq imkanları məhdud uşaqlar üçün  5 nömrəli Respublika xüsusi internat məktəbində həyata keçirilən "Mən də varam" fərdi qabiliyyət müsabiqəsində  qran-pri  mükafatına,  həmin il  Bakıda keçirilən  "Şərq nağılı" Beynəlxalq müsabiqədə  isə diploma sahib olub.

Dəfələrlə müsabiqələr qalibi olan  Səməd digər sahələrdə də nailiyyətlər qazanıb. O, 2013-cü ildə Gənclər və İdman Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə  "Bacarıqlara  məhdudiyyət yoxdur" devizi altında keçirilən yeniyetmələr üçün fotoqrafiya üzrə təlim kursunda fərqlənərək mükafatlandırılıb. 2014-cü ildə  "İçərişəhər-yaşayan tarix, keçmişimiz gələcəyimizin təqdimatında", "Şəhərin İçi-İçəri Şəhər" mədəni sosial layihələri çərçivəsində keçirilən "An Fototur" tədbirində fəal iştirakına görə sertifikat qazanıb.


Parlaq gələcəyə aparan yolun astanasında 

Səidə İslam qızı Babışova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X   sinfində oxuyur. Muğam sənəti üzrə xalq artisti Ağaxan Abdullayevdən dərs alır.  Bir çox respublika müsabiqələrinin  laureatıdır. 2012-ci ildə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Hünər" vətənpərvərlik festivalında  istedad və bacarıq nümayiş etdirərək diplomla mükafatlandırılıb. Həmin il SSRİ xalq artisti, dahi vokalçı Bülbülün anadan olmasının  115 illik  yubiliyinə həsr olunmuş musiqi festivalında I,  milli musiqi alətləri ifaçıları və xanəndələrin I respublika müsabiqəsində isə II dərəcəli diplomlara layiq görülüb. 2013-cü  ildə  ümummilli lider  Heydər Əliyevin anadan olmasının  90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların  II Respublika müsabiqəsində I dərəcəli diplom qazanıb.   İstedadlı yeniyetmənin  dəfələrlə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxışları olub.  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 May Respublika Gününə həsr edilmiş konsertdə "Qaragilə" xalq mahnısını məharətlə  ifa edərək  tamaşaçılarda xoş ovqat yaradıb.

Tədbirlərdə və hesabat konsertlərində  maraqlı  ifaları ilə tamaşaçıları məmnun edən  S. Babışova  dəfələrlə respublika müsabiqələrində  birincilik qazanıb. Azərbaycan muğamını gələcəkdə layiqincə təmsil edəcəyinə müəllimləri kimi biz də inanırıq.


Yaşıdları arasında ilk qızıl medalın sahibi 

Haqq Rüstəmov  Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün  5 nömrəli Respublika  xüsusi internat məktəbində oxuyur. O, təhsil ocağında  keçirilən tədbirlərdə  fəal iştirak  edir. Qeyri- istedad sahibi olan  Haqqın uşaqlıq çağlarından  idmanın şahmat  növünə böyük marağı olub. İstər ölkə,  istərsə də Avropa yarışlarında vətənimizi layiqincə təmsil edib.  2007-ci ildə  Moskvada və Rusiya Federasiyasının Krasnodar vilayətinin Adler şəhərində uşaqlar arasında  keçirilən şahmat turnirlərində II yeri tutaraq gümüş medal qazanıb.

2009-cu  il  onun  həyatında yaddaqalan olub.  Belə ki,   Penza şəhərində keçirilən XIX  Beynəlxalq şahmat  turnirində I yeri qazanaraq öz yasıdları arasında ilk qızıl medalın sahibi olub. İstedadlı şahmatçı  göstərdiyi yüksək nəticələrə görə "İlin ən yaxşı şahmatçısı"  diplomuna  layiq görülüb. Çoxlu sayda diplomlar alan H.Rüstəmov  Hollandiyada keçirilən şahmat turnirində də  II yerə çıxıb. 2013-cü ildə isə görkəmli oftalmoloq  alim,  akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş, gözdən əlil uşaq, yeniyetmə və gənclər arasında keçirilən Respublika çempionatının qalibi olub.

Yeniyetmə şahmatçı "İstedadlı uşaqlar festivalı - 2013" layihəsi üzrə  qazandığı uğurlara görə  və 2014-cü ildə "Öyrən, idarə et, lider ol" mükafatlarına layiq görülüb.


Arzusu Bakı Musiqi Akademiyasına daxil olmaqdır 

Aysel Əlizadə gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alır. 2007-ci ildə Türkiyədə keçirilən uşaq mahnı müsabiqəsinin  laureatı olan Ayselin uğurları bir-birinin ardınca təkrarlanıb. O, həmin il əlillərin IV Ümumrespublika festivalının qalibi  olaraq  diplomla, 2009-cu ildə isə əlillərin  VI Ümumrespublika yaradıcılıq  baxış müsabiqəsinin təşəkkürnaməsi ilə, eyni zamanda  estetik tərbiyə  üzrə respublika  tədris metodik mərkəzində keçirilən müsabiqənin  diplomu ilə təltif olunub.

Öz üzərində səylə çalışan istedadlı yeniyetmənin müsabiqə və festivallarda qazandığı nailiyyətlər bununla bitmir. Aysel 2010-cu ildə Çingiz Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində keçirilən dram, əlil uşaqlar arasında təşkil olunan mahnı müsabiqələrinin qalibi olub. 2014-cü ildə isə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən "İstedadlı uşaqlar festivalı"nın  qalibi olaraq  diploma layiq görülüb. Müxtəlif vaxtlarda  telekanallarda ifaları maraqla qarşılanıb. 

Hazırda o, X sinifdə oxumaqla bərabər musiqi təhsilini də davam etdirir. Arzusu gələcəkdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmaqdır.

 Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov