Lənkəran Dövlət Universitetində 20 Yanvar faciəsinin
25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.
Konfransdan əvvəl universitetin professor-müəllim və
tələbə kollektivinin Lənkəran Şəhidlər kompleksinə
ziyarəti təşkil edilib, abidə önünə gül-çiçək dəstələri
düzülüb.
Tədbir öz işini universitetin böyük akt zalında davam
etdirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Konfransı açan LDU-nun rektoru, fizika-riyaziyyat
elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov qeyd edib ki, 20 Yanvar - ümumxalq hüzn günü
ilə əlaqədar universitetdə silsilə tədbirlər keçirilib.
Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə
bağlı fakültələrin tələbələri ilə görüşlər keçirilib və
mühazirələr təşkil edilib. Tədris aparılan akademik
qruplarda birinci saat 20 Yanvar faciəsinə həsr olunub.
LDU-nun dil və ədəbiyyat kafedrasının müdiri, dosent,
filologiya elmləri doktoru Yadulla Ağazadə, şəhid atası
Ələkbər Əliyev, universitetin mülki-müdafiə və tibbi
biliklər kafedrasının müəllimi, Qarabağ müharibəsi
veteranı Arif Məmmədov, tələbə və magistrantları Uğur
Qurbanzadə, Emin Həmidov, Qismət İsgəndərov, Mina
Hacızadə çıxış edərək 20 Yanvar hadisələrinə
münasibətlərini bildiriblər.
Sonra konfrans iştirakçıları universitetin Elmi
kitabxanasında 20 Yanvar faciəsini əks etdirən kitab
sərgisi və fotostendlərlə tanış olublar.
Konfransda rayon ictimaiyyətinin, elm, təhsil
müəssisələrinin nümayəndələri iştirak ediblər. |