Yanvarın
19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar
faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri
keçirildi.
Öncə universitetin foyesində kitabxananın
əməkdaşlarının təşkil etdiyi kitab sərgisinə baxış
oldu.
20 Yanvar məzun şəhidlərinin universitetin həyətindəki
abidəsi önünə tər güllər düzüldü. Anım mərasimində
ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından
keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elxan
Hüseynov faciənin mahiyyətindən danışdı. Bildirdi ki, bu
faciə Azərbaycanın və bütövlükdə türk dünyasının
faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet qoşunları Bakıya girərək dinc əhaliyə qarşı
qəddarlıqlar törətmişdir. O müdhiş gecədə əliyalın
insanlara, o cümlədən uşaqlara və qocalara divan
tutulmuş, günahsız qanlar axıdılmışdır. Faciə
nəticəsində 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər
yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həmin gün
xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə,
torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik
uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya
sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla,
ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı
məkrli niyyətini bir daha sübut etdi. Hadisədən dərhal
sonra xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl
niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu
qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi.
Rektor Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli
hadisələr zamanı ölkəmizin azadlığı, suverenliyi uğrunda
həlak olanların əziz xatirəsinin daim yad edildiyini
bildirdi. Qeyd etdi ki, Prezident cənab İlham Əliyev
şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və
onlara dövlət qayğısını artırmaq məqsədilə 19 yanvar
2006-cı il tarixində müvafiq fərman imzalamışdır.
Çıxışlarda qeyd edildi ki, 20 Yanvar günü xalqımızın
milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin,
mübarizəsinin şanlı səhifəsidir.
O da qeyd olundu ki, Azərbaycan dövləti və xalqı 20
Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq,
onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman
silinməyəcək.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru Elxan
Hüseynov şəhid ailələri ilə görüşdü. Onların
maddi-mənəvi problemləri ilə maraqlandı. Şəhid Fuad
Əhmədovun valideynlərinin xahişini dinlədi və yerindəcə
həll edilməsi üçün tapşırıq verdi. Qəbulda iştirak edən
şəhid ailələrinə maddi yardım göstərildi.
SDU-nun Mətbuat xidməti |