AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar
hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir
keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli açaraq xalqımızın müstəqillik mücadiləsi ilə
bağlı danışıb. Akademik İsa Həbibbəyli 20 Yanvar gününün
xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil
olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri
tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı
şərh edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
bu hadisələrə verdiyi siyasi qiymətin böyük əhəmiyyətini
vurğulayan akademik Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca
tutulduğunu, bu istiqamətdə ardıcıl olaraq dövlət
səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi
qeyd edib. Xalqımızın müstəqillik və azadlıq
mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu
olduğunu xatırladan institut rəhbəri göstərilən
istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni
əsərlərin yaradılmasının vacibliyini bildirib.
Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan
Əhmədovun "Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik"
mövzusunda məruzəsi dinlənilib. Filologiya elmləri
doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri
doktoru, professor Asif Rüstəmli və başqaları çıxış
edərək 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq
tarixinin parlaq səhifəsi kimi səciyyələndirib,
ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik
məsələləri ətrafında fikir və mülahizələrini
bildiriblər.
Ağahüseyn ŞÜKÜROV |