Yanvarın 17-də Bakı Dövlət Universitetində 20 Yanvar
şəhidlərinin anım mərasimi keçirilib. Tədbir
iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin
qarşısına gül dəstəsi qoyaraq şəhidlərin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər.
Universitetin rektoru, akademik Abel Məhərrəmov
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi
daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il
keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet
imperiyasının həmin gün xalqımıza qarşı həyata keçirdiyi
vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır
cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə
olaraq qalacaqdır. Rektor 20 Yanvar faciəsinə ulu öndər
Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət
verildiyini, faciə qurbanlarının xatirəsinin hər il
dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin
bu siyasəti uğurla davam etdirdiyini bildirib. Rektor
çıxışında qeyd edib ki, Azərbaycan xalqının intellektual
potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20
yanvarda şəhidlər veribdir: "Biz buna görə fəxr edirik.
Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün
universitetimizin önündə ucaldılmış möhtəşəm abidə
qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez
ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər.
Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar".
Daha sonra çıxış edən beynəlxalq ümumi hüquq
kafedrasının müdiri, professor Rüstəm Məmmədov və hüquq
fakültəsinin I kurs tələbəsi Gülnaz Qurbanova 20
Yanvarla bağlı fikirlərini bölüşüblər.
Mətbuat və informasiya şöbəsi |