Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 16-da "Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün və əməkhaqqının
artırılması haqqında" sərəncam imzalayıb.
Sərəncamla diaqnostik qiymətləndirmədən keçən
müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq
vəzifə maaşları isə orta hesabla 2 dəfə
artırılıb.
Müəllimlərin maddi şəraitinin yaxşılaşdırılması
məqsədi ilə verilən bu qərarı dövlət başçımızın
şərəfli peşə sahiblərinə, ziyalılara diqqətinin
bariz nümunəsi hesab etmək olar. Bu addım onu
göstərdi ki, dünyada baş verən proseslər
nəticəsində yaranmış əlverişsiz şəraitdə belə
ölkə Prezidenti sadə insanların rifahı haqqında
düşünür. Müəllimə böyük qayğı ilə yanaşı
ölkədə insan kapitalının inkişafına yönəlmiş
növbəti addım kimi də mühüm dəyər daşıyan bu
sərəncamı müəllimlərimiz necə qiymətləndirirlər?
Bu sualla paytaxtın məktəblərində işləyən bir
neçə müəllimə müraciət etdik. Onların
fikirlərini oxuculara təqdim edirik.
|
|
Bu addım müəllimləri daha həvəslə
işləməyə sövq edəcək
Lalə
Alıyeva,
Bakı şəhəri 261 nömrəli məktəb-liseyin ibtidai
sinif müəllimi
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün və əməkhaqqının
artırılması haqqında" imzaladığı sərəncam bütün
müəllimlər kimi, məni də çox sevindirdi. Hamı
bir-birini təbrik edir, sevinirdi. Bu addım
nəinki müəllimlərin, həmçinin neçə-neçə
ailələrin sevincinə səbəb oldu. Belə bir vaxtda,
dünyada baş verən siyasi-iqtisadi çətinliklərə
baxmayaraq, Prezidentimizin müəllimlərin rifahı
haqqında düşünməsi bir daha onun xalqına diqqət
və qayğısından xəbər verir. Bizə bu diqqət və
qayğısına görə dövlətimizin başçısına
minnətdarlığımı bildirirəm.
İnanıram ki, bu sərəncam müəllimləri öz çətin,
məsuliyyətli və şərəfli işində daha həvəslə,
əzmlə çalışmağa sövq edəcək və təhsilin
keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edəcək.
Bununla da Azərbaycan təhsili özünün yeni
inkişaf dövrünə qədəm qoyacaq.
|
|
Bu inam və etibarı öz işimizlə
doğruldacağıq
Mətanət
Eminova,
Bakı şəhəri 26 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Təhsil müəllim əqlinin gücü ilə cəmiyyətin
inkişaf amilinə çevrilən bir prosesdir. Gənc
nəsil məhz müəllim zəkasının nurundan, müəllim
qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu
baxımdan mən sinif otağına daxil olarkən üzərimə
düşən məsuliyyətin önəmini hiss edirəm.
Bilirəm ki, dərs dediyim şagirdlərin hər biri
bu millətin gələcəyidir, sabahıdır.
Cəmiyyətimizdə müəllim əməyinə verilən yüksək
qiyməti, dövlətin təhsilə, müəllimlərə qayğısını
son illər daha çox hiss edirik. Xüsusilə də
"Dövlət ümumi təhsil müəssisələrində çalışan
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin dərs
yükünün və əməkhaqqının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar
2015-ci il tarixli sərəncamını müəllimlərin
əməyinə dövlət tərəfindən göstərilən diqqətin ən
gözəl nümunəsi sayıram. Bu sərəncam dövlət
başçımız cənab İlham Əliyevin daim sadə
insanların rifahı haqqında düşündüyünü bir daha
təsdiq edir. Müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məqsədilə verilən bu qərar,
əməyimizə göstərilən dövlət qayğısı deməyə əsas
verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı
və inamlı görmək əzmindədir. Bu inam və etibarı
öz işimizlə doğrultmaq üçün daha məsuliyyətlə
çalışacağıq. Belə bir humanist addıma görə
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarına dərin minnətdarlığımızı
bildiririk. |
|
Maaş artımı müəllimlərin sosial
durumunu xeyli yaxşılaşdıraçaq
Sevil
Musayeva,
Bakı şəhəri 53 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi
Müəllimin çətin, eyni zamanda şərəfli olan əməyi
həmişə dövlətimiz tərəfindən yüksək
dəyərləndirilir, onların fəaliyyətini
stimullaşdırmaq üçün mütəmadi tədbirlər həyata
keçirilir. Təsadüfi deyildir ki, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda da bu məsələ strateji hədəflər
sırasında qeyd olunmuş, bu istiqamətdə bir sıra
tədbirlərin həyata keçirilməsi, o cümlədən
səriştə və nəticə əsaslı diferensiallaşdırılmış
əməkhaqqı sisteminin yaradılması nəzərdə
tutulmuşdur. Ötən ilin yayından keçirilməsinə
start verilmiş müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsini bu yolda
atılan ilk addım kimi dəyərləndirmək olar. Həmin
qiymətləndirmə zamanı mən də yüksək nəticə
göstərmişdim və əməkhaqqımın artacağını
gözləyirdim.
Möhtərəm Prezidentimizin bu günlərdə imzaladığı
sərəncamla bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin aylıq
vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.
Bu, biz müəllimlərə göstərilən olduqca böyük
dövlət qayğısıdır. Müəllimlərin əməkhaqqı son
illər mütəmadi artırılsa da birdən-birə bu qədər
yüksək artım olmamışdı. Doğrusu, mən də artımın
bu qədər çox olacağını gözləmirdim. Ona görə də
sərəncamı oxuyanda hədsiz sevindim. Bu mürəkkəb
və çətin zamanda ölkə başçısının biz müəllimlərə
göstərdiyi böyük diqqət və qayğını yüksək
qiymətləndirir və möhtərəm Prezidentimizə atdığı
bu humanist addıma görə minnətdarlığımı
bildirirəm.
Əminəm ki, yeni əməkhaqqı artımı müəllimlərin
sosial durumunu xeyli yaxşılaşdırmaqla yanaşı,
təhsilimizin keyfiyyətinin yüksəlməsinə də
böyük təsir göstərəcəkdir. |
|
Ölkə başçısının bu qərarı gənclərdə
müəllimlik peşəsinə marağı artırıb
Zümrüd
QULİYEVA,
Bakı şəhəri 188 nömrəli tam orta məktəbin tarix
müəllimi
2015-ci ilin 16 yanvar tarixində möhtərəm
Prezidentimiz cənab İlham Əliyev Azərbaycan
dövlətinin təhsil sahəsinə necə önəm verdiyini
bir daha sübut etdi. Müəllimlərin əməkhaqqının
artırılması biz müəllimlər tərəfindən arzu
etdiyimiz bir məsələ olsa da, beynəlxalq aləmin
yeni ilə daxil oldugu iqtisadi çətinlik
şəraitində bir qədər mümkünsüz görünürdü. Neftin
qiymətinin aşağı düşdüyü bir vaxtda dünya
dövlətlərində iqtisadi böhran yaşanır, ayrı-ayrı
müəssisələr öz işçilərini ixtisar edirlər. Lakin
belə bir şəraitdə müəllimlərin əməkhaqqının
nəzərəçarpacaq dərəcədə artırılması ilə
Azərbaycan hökuməti həm beynəlxalq aləmə
iqtisadiyyatımızın nə qədər möhkəm əsaslar
üzərində qurulduğunu, onun neftdən asılı
olmadığını sübut etmiş oldu, həm də təhsilin
inkişafının dövlətimiz üçün necə prioritet bir
sahə olduğunu və bu sahədə həqiqi islahatlar
keçirildiyini nümayiş etdirdi. Biz müəllimlər
üçün gözlənilməz olan bu qərar təkcə özümüzü
deyil, ailələrimizi də sevindirmiş oldu. Bu
qərar bizdə işimizə olan sevgini və inamı daha
da gücləndirdi. Son bir həftə ərzində müəllimlik
peşəsinə olan marağın gənclər arasında da
artdığının şahidi olduq.
Zəhmətimizə verilən bu qiymətə görə ilk növbədə
cənab Prezidentimiz İlham Əliyevə dərin
minnətdarlığımızı bildiririk. İnanırıq ki, hər
bir müəllim dövlətimizin ona göstərdiyi etimadı
doğruldaraq cəmiyyətimiz üçün tərbiyəli, savadlı
insanlar yetişdirilməsində əlindən gələni
əsirgəməyəcəkdir. |
|
Gələcək uğurlarımız təhsilin
keyfiyyətinə bağlıdır
Südabə
Muradova,
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin kimya
müəllimi
Dünyada və ölkəmizdə baş verən sürətli
dəyişikliklərlə bağlı təhsil sahəsində çalışan
insanların üzərinə xüsusi məsuliyyət düşür.
Siniflərdə təhsil alan bugünkü şagirdlər
gələcəyin elm və mədəniyyət xadimləri,
təsərrüfat işçiləri, idarəçilikdə yer alan
insanlar olacaqlar. Odur ki, xalqın rifahı və
gələcək yeni uğurlarımız birbaşa təhsilin
keyfiyyətinə bağlıdır.
Ümumtəhsil məktəblərində müəllimlərin öz peşəkar
səviyyəsini daim artırması, biliklərini
yeniləməsi, baş verən dəyişiklikləri gözdən
qaçırmaması vacib şərtdir.
Mən 2014-cü ildə Təhsil Nazirliyinin Bakı
müəllimləri arasında keçirdiyi sınaq
imtahanlarında kimya fənni üzrə yüksək bal
toplamağa müvəffəq oldum. Təbii ki, istənilən
insan öz əməyinin qiymətləndirilməsinə, ona
dəyər verilməsinə ehtiyac duyur. Ona görə də
cənab Prezidentin müəllimlərin maaşının
artırılması ilə bağlı verdiyi məlum sərəncamı
təhsil işçilərinin əməyinin stimullaşdırılması
istiqamətində atılmış mühüm addım sayır və
dövlət başçısına minnətdarlığımı bildirirəm.
Prezidentimizin təhsil sahəsinə xüsusi
qayğısının ifadəsi olan bu qərar müəllimləri
daha yüksək nəticələr əldə etməyə ruhlandırır.
|
|
Müəllimlərin biliyinə görə
əməkhaqqının müəyyənləşdirilməsi düzgün
yanaşmadır
Afət
Axundova,
Bakı şəhəri 60 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi
Xəbər verildiyi kimi, möhtərəm Prezident İlham
Əliyev cənabları diaqnostik qiymətləndirmədən
keçən müəllimlərin əməkhaqqının artırılması
barədə sərəncam imzalayıb. Fürsətdən istifadə
edib cənab Prezidentə öz təşəkkürümü bildirirəm.
Doğrusu, bu mənim üçün gözlənilməz və çox
sevindirici xəbər oldu.
Mənim fikrimcə, müəllimlərin biliyinə görə
əməkhaqqı sisteminin müəyyən edilməsi doğru
yanaşmadır. Ümid edirəm ki, əməkhaqqımız
hesablanarkən sınaq qiymətləndirilməsində
göstərdiyimiz nəticələr nəzərə alınacaq.
Müəllim cəmiyyətdə həmişə aparıcı qüvvə olub,
insan kapitalının inkisafinda mühüm rol oynayır.
Təhsil sahəsində islahatlar uğurla həyata
keçirilir, bu danılmazdır. Bizim savadlı,
işgüzar və dərin intellektə malik nazirimiz var.
Dövlət başçısının düzgün kadr seçimi öz
nəticəsini göstərir. Bugünkü gündə cənab nazir
müəllim nüfuzunun qalxması və əvvəlki
hörmət-izzətinin müəllimə qaytarılması üçün var
qüvvəsi ilə çalışır. Mən buna görə cənab nazirə
də öz dərin minnətdarlığımı bildirirəm. Biz
müəllimlər təhsil sahəsində irəliyə doğru atılan
bütün addımlarda dövlət başçımıza öz əməli
fəaliyyətimizlə dəstək verməliyik və veririk. |
|
Dövlətimizin müəllimlərə qayğısının
daha bir nümunəsi
Xatirə
Əsədova,
Bakı şəhəri 271 nömrəli tam orta məktəbin tarix
müəllimi
1979-cu ildə Bakı şəhərində anadan olmuşam.
1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tarix fakültəsinə daxil olub,
2001-ci ildə həmin universiteti fərqlənmə
diplomu ilə bitirmişəm. Həmin ildən bu günə kimi
Bakı şəhəri 271 nömrəli tam orta məktəbdə tarix
fənnini tədris edirəm.
Pedaqoji fəaliyyətim dövründə təhsildə aparılan
islahatlara biganə qalmayaraq, daim öz üzərimdə
çalışmış, "Yeni fənn kurikulumlarının tətbiqi və
fəal təlim" mövzusunda UNİCEF-in təşkil etdiyi
təlimçilərin təlimi, "Öyrədənlərin öyrədəni", "Prometan"
interaktiv lövhələrdən istifadə, "Dymo", "Mimio
İnteraktiv Texnologiyaları ilə tədris", "Sosial
servislərin, informasiya-kommunikasiya və yeni
təlim texnologiyalarının köməyi ilə tədris
prosesinin təşkili", "İnsan alveri: təhlükələr
və qabaqlayıcı təşəbbüslər" üzrə təlim
kurslarında iştirak etmişəm və örəndiyim bütün
yenilikləri işlədiyim məktəbdə yüksək səviyyədə
tətbiq etməyə çalışıram.
2014-cü il iyun ayının 12-də Bakı Şəhəri
üzrəTəhsil İdarəsi tərəfindən keçirilən
müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsində 100 faizlik nəticə
göstərmişəm.
2015-ci il yanvarın 16-da ölkə başçısı cənab
İlham Əliyev həmin sınaq qiymətləndirilməsində
iştirak edən müəllimlərin əməkhaqqlarının iki
dəfə artırılması haqqında sərəncam imzaladı. Bu
addım dövlətin Azərbaycan təhsilinə və onun
müəlliminə verdiyi ən yüksək qiymətdir. Mənim
fikrimcə, bu addım müəllimin pedaqoji sahədə
fəaliyyətini daha da artıracaq. Bütün bu diqqət
və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə
öz dərin minnətdarlığımı bildirirəm. |
|
Liseyimizin bütün müəllimləri
əməkhaqqı artımını alqışlayır
Ramiz
Kazımov,
"Zəngi" liseyinin riyaziyyat müəllimi
Mən, eləcə də işlədiyim "Zəngi" liseyinin bütün
müəllim kollektivi möhtərəm Prezidentimiz İlham
Əliyevin apardığı daxili və xarici siyasəti
bəyənir və daim dəstəkləyirik. Ümummilli lider
Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın
qüdrətli bir dövlət olmasında, şübhəsiz, ölkə
başçısının böyük əməyi var. Dövlətimiz müharibə
şəraitində olsa da, Prezident İlham Əliyev heç
bir iqtisadi çətinlik çəkməyən ölkəmizdə maaş
və təqaüdləri dəfələrlə artırıb.
Azərbaycan xalqı tanınmış alim və ziyalılarla
dünyada məşhurdur. Gələcək nəsildə belə
ziyalıların yetişməsində müəllimlərin müstəsna
rolu var. Məhz buna görə də dövlətimiz
müəllimlərə xüsusi diqqət yetirir.
Bunun bariz nümunəsi bütün dünyada baş verən
iqtisadi böhranlara baxmayaraq, müəllimlərin
əməkhaqqının artırılması haqqında Prezidentin bu
günlərdə imzaladığı sərəncamdır. Mən həm öz
adımdan, həm də "Zəngi" liseyinin kollektivi
adından möhtərəm Prezidentimizə təşəkkür edir və
bu diqqəti özümüzə məsuliyyət bilirik. Ölkə
başçısının bu sərəncamı biz müəllimlərə böyük
sevinc və fərəh hissi yaşatdı.
|
Səhifəni hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |