M.V.Lomonosov adına MDU-nun Bakı filialında
Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının Rəhbər
Komitəsinin nümayəndə heyəti ilə görüş
2015-ci
il iyulun 20-29-da M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin (MDU) Bakı filialında Məktəblilərin
Beynəlxalq Kimya Olimpiadası (İCHO) keçiriləcək. Bununla
əlaqədar, Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya
Respublikası Soqanq Universitetinin professoru Dakuan Li
başda olmaqla Rəhbər Komitənin nümayəndə heyəti
Azərbaycan paytaxtına gəlib.
Rəhbər Komitənin tərkibinə 12 ölkənin nümayəndələri
daxildir. İki günlük səfərin məqsədi təşkilati işlərin
gedişi ilə tanış olmaqdır. Rəhbər Komitənin
nümayəndələri Olimpiadanın nəzəri və praktiki turlarının
keçiriləcəyi auditoriyalar və kimya laboratoriyaları ilə
tanış olacaqlar. Səfərin proqramına əsasən, Rəhbər
Komitənin nümayəndələri Beynəlxalq Kimya Olimpiadasının
rəsmi açılış və bağlanış mərasimlərinin keçiriləcəyi
Heydər Əliyev Mərkəzinə, habelə qarşıdakı Olimpiada
dövründə komandaların rəhbərlərinin, elmi
müşahidəçilərin və məktəblilərin yaşayacağı otellərə də
baş çəkəcəklər.
Yanvarın 16-da MDU-nun Bakı filialında 47-ci Beynəlxalq
Kimya Olimpiadasının və Olimpiadanın Təşkilat
Komitəsinin prezidenti, M.V.Lomonosov adına MDU-nun
Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü,
professor Nərgiz Paşayeva Rəhbər Komitənin üzvləri ilə
görüşüb.
Görüşdə Soqanq Universitetinin professoru Dakuan Li,
Meksika Milli Avtonom Universitetinin professoru Karlos
Kastro-Akuna, Tayvan Milli Pedaqoji Universitetinin
professoru Ay-Ji Çanq, Macarıstanın Etvoj Loran
Universitetinin Kimya İnstitutunun professoru Qabor
Madyarfalvi, Çexiyanın Ali Kimya Texnologiyası
Məktəbinin fakültə rəhbəri Petr Xolts Xauzer, Sinqapur
Milli Universitetinin və Münxen Texniki Universitetinin
fəlsəfə elmləri doktoru Funq Fun Man, Vyetnam Milli Elmi
Universitetinin kimya fakültəsinin dekan müavini Nquyen
Tyen Çao, M.V.Lomonosov adına MDU-nun Bakı filialının
kimya fakültəsinin dekan müavini İqrar Nəzərov,
Tailandın Çulalonqkorn Universitetinin dosenti Voravan
Bxantxumnavin, Kembric Universitetinin mühazirəçisi
Piter Uoters, M.V.Lomonosov adına MDU-nun professoru
Aleksandr Qladilin və Slovakiyanın Komenski
Universitetinin fakültə rəhbəri Martin Putala iştirak
ediblər.
Qonaqları Moskva Universitetinin Bakı filialında
salamlayan Nərgiz Paşayeva deyib ki, Təşkilat Komitəsi
Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün
məsuliyyətin dərəcəsini dərk edir və bu etimada görə
minnətdarlığını bildirir.
Nərgiz Paşayeva qeyd edib ki, bu Olimpiada böyük tarixə
malik neftçıxarma sənayesi və kimya elmində zəngin
ənənələri olan Azərbaycan üçün çox mühüm tədbir olacaq.
Rektor deyib: "Əsas vəzifələrdən biri Olimpiadanı şəffaf
keçirməkdir ki, onun nəticələri ədalətli olsun və heç
kəsdə şübhə doğurmasın". N.Paşayeva bu məqsədlə "qaynar
xətt" yaradılmasının mümkünlüyünü istisna etməyib ki,
Olimpiadanın bütün iştirakçıları onun keçirildiyi dövrdə
öz qeydlərini bildirsinlər.
Olimpiadada yaşı 20-yə qədər olan şəxslər iştirak edə
bilər. Buna baxmayaraq, onun iştirakçıları yalnız
məktəblilər olacaqdır. Nərgiz Paşayeva deyib: "Biz
məktəblilərə bu cür elmi müsabiqələrin ədalətli
keçirilməsinə inam, elmə maraq aşılamalıyıq".
Rektor qeyd edib ki, təhsil müəssisələrində işlədiyi
dövrdə tələbələrin və şagirdlərin rəyləri onun üçün ən
mühüm amil olub. Nərgiz Paşayeva deyib: "Bu prinsip
mənim üçün hər şeydən yüksək olub. Mən çox istəyirəm ki,
məktəblilər, hətta onlar qalib gəlməsələr də bilsinlər
ki, hər şey ədalətli olub. Heç kəs - istər bizim
universitetdən, istər olimpiadanın təşkilatçılarından,
istərsə də münsiflər heyətindən və bütövlükdə bu
tədbirdən narazı qalmamalıdır".
Professor N.Paşayeva bildirib ki, Olimpiadanın
təşkilatçıları qarşısında mühüm vəzifələr durur.
Məsələn, Olimpiadanın elmi sanbalı təmin edilməli,
kimyaya maraq güclənməlidir. Bundan əlavə, Olimpiada
istedadlı gəncləri aşkar etməyə imkan verəcək.
Olimpiadanın Rəhbər Komitəsinin sədri Dakuan Li
Azərbaycanda gördüklərinə və MDU-nun Bakı filialında
yaradılmış şəraitə heyran olduğunu bildirib.
Dakuan Li deyib: "Bizim çoxumuz üçün bu, Azərbaycana ilk
səfərdir. Biz buraya gəlmişik ki, Olimpiada daha uğurlu
və məhsuldar olsun. Olimpiadanı uğurla keçirməyinizi
arzu edirik. Biz bunun üçün əlimizdən gələni edəcəyik".
Olimpiadanın MDU-nun Bakı filialında keçirilməsi
haqqında qərar 2012-ci ilin iyulunda Vaşinqtonda
Beynəlxalq Kimya Olimpiadasının İdarəetmə Komitəsi
tərəfindən qəbul edilib.
Xatırladaq ki, MDB ölkələri arasında Azərbaycan
Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının
keçirilməsi hüququ qazanmış Rusiyadan sonra ikinci
dövlətdir. Bu qərar MDU-nun Bakı filialının nüfuzuna və
onun xidmətlərinin beynəlxalq miqyasda tanınmasına
dəlalət edir.
AzərTAc |