Nemət
Heydərov Atletika Federasiyası tərəfindən 2014-cü ilin
ən yaxşı hakimi adına layiq görülüb. Bu münasibətlə
onunla görüşüb söhbət etdik. Onunla birlikdə
tərcümeyi-halına qısa nəzər saldıq.
Nemət Əliməmməd oğlu Heydərov 1966-cı il avqustun 28-də
Masallı rayonunun Məmmədrzakücə kəndində anadan olub.
1983-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının atletika
ixtisasına qəbul olub. 1982-ci ildən 1985-ci ilə qədər
atletika üzrə yığma komandanın üzvü olub. 1989-cu ildə
akademiyanı bitirdikdən sonra atletika və onun
nəzəriyəsi kafedrasında müəllim vəzifəsində işləyib.
1997-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində
çalışır. Atletika Federasiyasının bayrağı altında
keçirilən yarışlarda hakimlik etməyə başlayıb. 2008-ci
ildən Azərbaycan Atetika Federasiyasının hakimlər
kollegiyasının sədr müavini vəzifəsində çalışır.
2006-2012-ci illərdə "İlin ən yaxşı hakimi" adına layiq
görülüb.
Nemət Heydərovun dediklərindən: 2013-cü ildə Beynəlxalq
Atletika Federasiyasının regional mərkəzi olan Moskva
şəhərində imtahan verərək yarış qaydaları üzrə
beynəlxalq kateqoriyalı mühazirəçi adına layiq
görülmüşəm. 2014-cü ildə yeniyetmələrə Avropa təsnifat
oyunlarının hakimlərinin hazırlanması prosesinə və
seminarların keçirilməsinə rəhbərlik etmişəm. Həmin
yarışda baş hakimin müavini vəzifəsində çalışmışam.
2014-cü ilin iyun ayının 21-22-də Gürcüstanın Tbilisi
şəhərində atletika üzrə Avropa kubokunun baş hakimi
olmuşam. Atletika Federasiyası tərəfindən 2014-cü ilin
ən yaxşı hakimi adına layiq görülmüşəm.
Bildiyimiz kimi, bu il ilk Avropa oyunları ölkəmizdə
keçiriləcək. Bu münasibətlə 2015-ci il Avropa
oyunlarının tərkib hissəsi olan atletika yarışlarına
hazırlıq proqramı çərçivəsində ötən il dekabrın 14-16-da
yerli hakimlər üçün Milli Olimpiya Komitəsində
seminarlar keçirilib. 2015-ci il fevral ayının 12, 13
və 14-də keçiriləcək böyük hakimlər üçün seminarlara
hazırlıq işləri davam edir. Avropa oyunlarının proqramı
çərçivəsində atletika yarışı bu il iyunun 21-22-də
Olimpiya stadionunda keçiriləcək. Həmin yarışların baş
hakiminin müavini vəzifəsinə təyin olunmuşam.
Nemət Heydərov bizimlə söhbətində idmana, idmançılara və
hakimlərə göstərilən diqqət və qayğıdan da danışdı və
bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə
minnətdarlığını bildirdi. |