Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın 5 nömrəli
tam orta məktəbinin yerləşdiyi bina 2006-cı ildə yüksək
keyfiyyətlə təmir edilmişdir. Müəllimlər kurikulum və
ixtisasartırma kurslarından keçərək, yeni proqram
materialını şagirdlərə dərindən aşılayırlar.
Hər bir uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq nə qədər
qüvvə, bilik, səbr tələb etsə də, nə qədər ağır,
mürəkkəb, məsuliyyətli olsa da bir o qədər şərəflidir.
Müəllimin məqsədi şagirdlərə həyatı sevdirmək və həyata
inam aşılamaqdır. Məlumdur ki, orta təhsilin
müvəffəqiyyəti ibtidai siniflərdə təlimin səmərəliliyi
ilə sıx bağlıdır. Bu cəhəti nəzərə alaraq məktəb
rəhbərliyi ibtidai siniflərə uşaq psixologiyasına yaxşı
bələd olan, onlarla ünsiyyət qurmağı bacaran müəllimləri
təyin edir. Rafiq Həsənov, Nəcibə Ömərova, Adilə
Nəbiyeva, Xatirə Əsədova təkcə aşağı sinif şagirdlərinə
əlifba öyrədib onları yuxarı siniflərə hazırlamaqla
kifayətlənmirlər. Onlar valideynlərlə sıx əlaqə
saxlayır, dərsdənkənar vaxtlarda uşaqların harada, nə
işlə məşğul olmasından xəbərdar olurlar. Bu da
şagirdlərin boş vaxtlarını daha faydalı, səmərəli
keçirmələrinə səbəb olur. Nəticədə elə aşağı siniflərdən
uşaqlar da bu cür yaxşı vərdişlərə alışırlar.
Pedaqoji kollektivin hamısı demək olar ki, laçınlıdır.
Bu insanların hər birini Laçından tanıyıram. Kimisi
ömrünü elə ordan şagirdlərlə yaşaya-yaşaya gəlib, kimisi
rayonun işğalından sonra ali təhsil alıb Laçınsız
laçınlı balalarına ömürlərindən pay verirlər.
Məktəbdə şagirdlərin əmək tərbiyəsinə, peşə yönümünə,
etik və estetik tərbiyəsinə, şagirdlərin müstəqilliyinin
artırılması, yaradıcı təfəkkürünün inkişafı məsələlərinə
xüsusi diqqət verilir. Burada ayrı-ayrı fənlərin tədrisi
yüksək elmi və metodiki səviyyədə aparılır. Azərbaycan
dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, riyaziyyat,
kimya, biologiya və s. fənlərin tədrisi maraqlı qurulur,
şagirdlərin mənimsəmə imkanları reallaşdırılır. Akif
Həsənov, Etibar Əzizov, Nərgiz Əkbərova, Dürdanə
Quliyeva, Sevinc Rəcəbova, Mahirə Şükürova, Günay
Absalamova, Tünzalə Əliyeva, Xuraman Salahova kimi
müəllimlər keçdikləri dərsi şagirdlərə mükəmməl
öyrətməyə nail olurlar.
Etibar Əzizov hələ Laçın rayonunun işğalından əvvəl
Sumqayıtdakı Texnologiya Texnikumunda müəllim işləyirdi.
Bu təhsil ocağında böyük nüfuz sahibi idi. Rayonun
işğalından sonra laçınlı uşaqların təhsili ilə məşğul
olmağı vacib sayaraq iş yerini Laçın məktəbinə dəyişib.
Məktəbdə təlimin səmərə və keyfiyyətinin
yüksəldilməsində məktəbdaxili nəzarətin xüsusi rolu
vardır. Bu, hər şeydən əvvəl, təhsilin məzmununun müasir
tələblərə cavab verməsinə, fənnin öyrədilməsində
ardıcıllığın nəzərə alınmasına, müəllim əməyinin elmi
təşkilinə və s. yaxşı təsir göstərir. Bu mühüm
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində
məktəbin direktoru Əli Polad Əzizovun, onun tədris
işləri üzrə müavini Adilə Nəbiyevanın əməyi
təqdirəlayiqdir. Məktəbdə tədris işinə nəzarət düzgün və
planlı şəkildə aparılır. Burada işgüzar, bacarıqlı,
savadlı, təşkilatçı, yenilik hissi ilə yaşayan
müəllimlər çalışır. Müəllimlər dərsin səviyyəsini
yüksəltmək, şagirdlərin idrak qabiliyyətini
motivləşdirmək üçün səmərəli yollar axtarırlar.
Şagirdlərin mənəviyyatını zənginləşdirmək üçün rəngarəng
tədbirlər keçirilir, görkəmli şəxsiyyətlərlə görüşlər
təşkil olunur. Belə tədbirlərin təşkilatçısı Məhi
Budaqovdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə laçınlı
alimlərlə və bir çox yaradıcı adamlarla məktəblilərin
maraqlı, yaddaqalan görüşü keçirilmişdir.
Müəllimlər fəal təlim metodlarını öyrənir, təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsinə çalışır, özlərinin
nəzəri və metodiki hazırlığını günün tələbləri
səviyyəsinə qaldırmağa səy göstərirlər. Bunun üçün
metodbirləşmə və sinif rəhbərlərinin bu sahədə birgə
çalışmaları, zəngin təcrübəyə yiyələnmələri və nəzarətin
möhkəmləndirilməsi əsas meyarlardan sayılır. Məktəb
rəhbərliyinin daim diqqətdə saxladığı bu məsələlər
pedaqoji şura iclaslarında vaxtaşırı müzakirə edilir.
Ayxan Əzizov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının məzunudur. O, vaxtaşırı idmanın müxtəlif
növləri üzrə yarışlar keçirir. Şagirdlərdən Sahib,
Mədət, Rövşən, İntiqam, Tural və başqaları Sumqayıt
məktəbləri arasında keçirilən yarışlarda fəxri yerləri
tutublar. Məktəbin məzunlarından ali və orta ixtisas
məktəbləri ilə yanaşı, hərbi akademiyalarda oxuyanlar da
var.
Pedaqoji kollektivə bacarıqla rəhbərlik edən Əli Polad
Əzizov fəaliyyətini möhkəm plan əsasında qurur. O, bütün
fənlərin tədrisinin təkmilləşdirilməsi, onların
səmərəliliyinin, keyfiyyətinin yüksəldilməsi, təlimin
müasir tələblər səviyyəsində qurulması üçün böyük səy
göstərir, pedaqoji kollektivə istiqamət verir. Xüsusilə
gənc müəllimlərə, sinfə, şagird qarşısına ilk dəfə çıxan
müəllimlərə özünün tövsiyələrini verir. Direktor
tədrislə yanaşı, ictimai işlərdə də müəllim və
şagirdlərin yaxından iştirakını vacib sayır.
Kollektivin birgə işinin nəticəsidir ki, məktəb bütün
göstəricilərinə görə hər il rayon icra hakimiyyətinin
fəxri fərmanına layiq görülür.
Vaqif ŞÜKÜROV |