Erməni işğalına tuş gəlmiş 56 nömrəli məktəb Füzuli
rayonunun bir çox sakinləri kimi Bakıda sığınacaq tapıb.
Məktəbdə tədrislə yanaşı şagirdlərin estetik tərbiyəsi
də diqqət mərkəzindədir. Bununla bağlı müxtəlif
tədbirlər, görüşlər keçirilir. Bu günlərdə həmin
silsilədən məktəbin müəllim və şagird heyəti ilə
tanınmış teatr və kino aktyoru, xalq artisti Nurəddin
Mehdixanlı və Akademik Milli Dram Teatrının ədəbi hissə
müdiri, əməkdar mədəniyyət işçisi, yazıçı-publisist
Atababa İsmayıloğlu ilə görüş keçirilmişdir.
Görüşü məktəbin direktoru, filologiya üzrə fəlsəfə
doktoru Ehtiram Səfərov açaraq belə görüşlərin
əhəmiyyətindən, şagirdlərin yaddaşında buraxdığı izdən
söhbət açmış, qonaqları təqdim etmişdir.
Məktəbin müəllimləri Nərgiz Familzadə, Eltac Ağayeva və
başqaları qonaqların yaradıcılığı haqqında məlumat
vermişlər. Qonaqlar şagirdlərin ədəbiyyat və sənətlə
bağlı çoxsaylı suallarını cavablandırmış,
yaradıcılıqlarından nümunələrlə çıxış etmişlər.
Nərgiz ALIYEVA |