Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə
yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin
fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir.
Müşahidələrimiz göstərir ki, əgər uşaq dərs oxumamaq
üçün hər vasitəyə əl atırsa, burada nə isə bir
çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq,
yazı masasında oturmursa və ya oturduqdan sonra qələm,
pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi
bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman
məktəbdə müəllimi ilə danışmalı, onun davranışını,
diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməlisiniz.
Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə
mütəxəssislə görüşmək lazımdır.
Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf
mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə
tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız
dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə yazı
masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə
otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da
uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.
Xüsusilə ibtidai sinifdə evə verilən tapşırıqları çox
vaxt valideynlər həll edir. Ancaq bu doğru hərəkətdirmi?
Əsla yox. Valideyn ev tapşırıqlarının yerinə
yetirilməsinə yalnız nəzarət edə bilər, prosesdə iştirak
edə bilməz.
Statistikaya görə, məktəbə tez gedən uşaqlar ev
tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər.
Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Bunun
üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama
səviyyəsinə uyğun verməlidirlər.
Narınc RÜSTƏMOVA,
uşaq psixoloqu |