Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

"Məktəblilərin informatika olimpiadaları"

 

Bütün bilik yarışlarında olduğu kimi, olimpiadalarda da uğurlu iştirak və qalib yerlər tutmaq üçün onlara yaxşı hazırlaşmaq lazım gəlir. Belə hazırlıq üçünsə mütləq müvafiq materiallar,  elmi-metodik ədəbiyyat olmalıdır. Ölkəmizdə məktəblilərin respublika olimpiadaları keçirilən ayrı-ayrı fənlər üzrə materiallar az da olsa mövcuddur və bu bilik yarışlarına qatılan məktəblilər hazırlıq prosesində onlardan geniş istifadə edirlər. İnformatika üzrə isə bu sahədə indiyədək bir boşluq özünü göstərirdi. Belə ki, bu fənn üzrə olimpiadaların təşkili və keçirilməsi yönündə xeyli müsbət təcrübə toplansa da bilik yarışlarına qoşulanlara kömək üçün Azərbaycan dilində müvafiq vəsaitlər, 2012-ci ildə çap olunmuş "Beynəlxalq İnformatika Olimpiadaları" kitabı istisna olmaqla, demək olar ki, yox idi.

Lakin budur, artıq bu sahədə də ilk və faydalı addım atılıb.

Respublika informatika olimpiadalarının uzun illər münsiflər heyətinin sədri olan nüfuzlu pedaqoq-alim Ramin Mahmudzadə, Təhsil Nazirliyinin şöbə müdiri, informatika sahəsində tanınmış mütəxəssis İsmayıl Calallı və informatika olimpiadası münsiflər heyətinin məsul katibi Akif Əliyevin bu günlərdə  "1989-2014. Məktəblilərin informatika olimpiadaları" kitabı işıq üzü görüb.

"İnformatika və hesablama texnikasının əsasları" kursunun ölkəmizin  ümumtəhsil məktəblərində tədrisinə başlanmasının 30, informatika üzrə respublika olimpiadalarının keçirilməsinin 25 illiyi ərəfəsində "Bakı nəşr" tərəfindən nəfis tərtibatla çapdan buraxılmış kitab "Ön söz" və 7 bölümdən ibarətdir.

"Ön söz"də müəlliflər istedadlı uşaqların aşkara çıxarılması və inkişafı, informatika fənninin keyfiyyətli tədrisi üçün zəruri şəraitin yaradılması istiqamətində görülən işləri, olimpiada qaliblərinə edilən güzəştləri qısa qeyd edib, kitabın yazılma səbəbini əsasdlandırıblar. 

Kitabın ikinci bölümü məktəblilər arasında informatika olimpiadalarının tarixinə həsr olunub. Burada informatika fənninin tədrisinə başlanılması ilə bağlı görülən işlərdən, respublika informatika olimpiadalarından xronoloji qaydada söz açılır, qazanılan nəticələr diqqətə çatdırılır.

"Respublika informatika olimpiadalarının təşkili və keçirilmə qaydaları" adlı ikinci bölümdə  olimpiadaların keçirilmə mərhələləri, rəhbər orqanları, iştirakçılarının tərkibi haqqında məlumatlar yer alıb.

Kitabın üçüncü bölümündə müəlliflər olimpiada məsələlərinin məzmunu və olimpiadaya hazırlıq üçün zəruri olan metodik tövsiyələr veriblər.

Kitabın ən mühüm məziyyəti burada olimpiadanın müxtəlif turları üzrə hazırlıq üçün məsələlərin yer almasıdır. 4, 5 və 6-cı bölümlərdə həlləri ilə birgə verilmiş bu məsələlər şagirdlərin olimpiadalara praktik hazırlaşmasında olduqca mühüm əhəmiyyətə malikdir.

Kitabın ən maraqlı bölümlərindən biri də "Əlavələr" adlandırılan 7-ci bölümdür. Burada informatika üzrə bütün respublika olimpiadalarının qalibləri, beynəlxalq informatika olimpiadalarının medalçıları haqqında məlumatlar, bir sıra sənədlər, eləcə də "Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları" öz əksini tapıb.

Müəlliflərin böyük zəhmətinin nəticəsi olaraq meydana gələn "Məktəblilərin informatika olimpiadaları" kitabı əsasən informatika müəllimləri, istedadlı uşaqlarla işləyən pedaqoqlar üçün nəzərdə tutulsa da buradakı materiallar  informatika üzrə olimpiadalara hazırlaşmaq istəyən şagirdlər, tələbələr, eləcə də proqramlaşdırmaya marağı olanlar üçün də faydalıdır. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov