Bahar İSMAYILOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala
filialının əməkdaşı, əməkdar müəllim
Təhsil
sisteminin başlıca vəzifələrindən biri ölkənin
modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf
etdirmək və bununla Azərbaycan Respublikasının
beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" ölkəmizdə keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı
mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə,
qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik
təhsil sisteminin yaradılması üçün beş strateji
istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutur.
Sənədin "Strateji hədəflər və tədbirlər" bölməsində
distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili,
peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən regional universal mərkəzlərin
yaradılması əsas məqsədlərdən biri kimi qeyd
olunmuşdur.
Distant təhsilin (DT) texnologiyalardan istifadə,
tədrisin açıqlığı, iqtisadi səmərə, məsafə, zaman
məhdudiyyətinin olmaması, təhsilin kütləviliyi,
əhatəliliyi, elastiklik, keyfiyyətli təhsilə əlyetərlik,
əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların
təhsilalma imkanı və s. kimi üstünlükləri vardır.
İstədiyi yerdə, özü seçdiyi vaxtda təhsil almaq
təhsilalanlara vərdiş etdikləri şəraitdə qalmağa, həyat
ritmini saxlamağa, fərdi tədris qrafikini hazırlamağa
imkan verir. Müxtəlif səbəblərə görə (yaş, cəmiyyətdə
tutduğu mövqeyi, vəzifə, kompleksləri və s.) tanınmadan
distant öyrənmək mümkündür.
Müasir texnologiyaların tətbiqi nəhəng elektron
kitabxanalardan istifadə etməklə tədrisin keyfiyyətinin
yüksəldilməsinə, vahid tədris mühitinin yaradılmasına
(bu məsələ korporativ təlimlərdə xüsusilə aktualdır)
şərait yaradır.
DT daha individual xarakter daşıyır, daha elastikdir,
dinləyicilər ayrılıqda hər hansı dərsə təkrar-təkrar
qayıda, öyrənməyə ehtiyac duymadıqları bölmələri
öyrənməyə bilərlər. Dinləyici tədris materialını təkcə
sessiya müddətində deyil, bütövlükdə tədris prosesi
zamanı öyrənir, yəni məqsəd imtahan vermək deyil,
materialı mənimsəməkdir (öyrənən imtahan prosesinə
özündə olan zəiflikləri aşkara çıxarmaq kimi
baxmalıdır). Bu da dərin biliklərin qazanılmasını təmin
edir. Belə öyrənmə sistemi təhsilalanı müstəqil məşğul
olmağa, özünüöyrətmə, özünütəkmilləşdirmə bacarıqları
qazanmağa məcbur edir. Təcrübə göstərir ki, DT alan
tələbə daha müstəqil, mobil və məsuliyyətli olur.
DT-in çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında
birbaşa canlı ünsiyyətin olmaması, praktik məşğələlərdə
çatışmazlığın hiss olunmasıdır. Distant tədrisi
reallaşdıran tədris müəssisələrinin çoxunda axşam və ya
istirahət günlərində əyani məşğələlər də keçirilir. Bu
məşğələlər məcburi deyil, amma təhsilalanların praktik
bacarıqlarının formalaşması üçün çox faydalıdır. Tədris
müəssisələri sırasında istirahət günlərində öyrənənlərin
qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük)
"gəzən" məktəblərdən də istifadə olunur.
Ümumtəhsil məktəbləri, AMİ Zaqatala filialının
müəllimləri və təhsilalanlar arasında keçirilən
sorğunun nəticələrindən məlum olur ki, bir çox fənlərin
(kimya, fizika, biologiya və s.) tədrisində müxtəlif
yollardan (Skayp proqramından, qabaqcıl müəllimlərin
müxtəlif mövzular üzrə hazırladıqları elektron tədris
vəsaitlərindən, maraq kursları, dərnəklər və s.)
istifadə etməklə sadə formada distant dərslər keçmək
təhsil ocaqlarında keyfiyyətin yüksəlməsinə çox böyük
təsir edə bilər (indi məktəblilərin, tələbələrin
əksəriyyəti qrup şəklində Skayp proqramından istifadə
edir).
Müasir dövrdə televiziya vasitəsilə ikitərəfli "açıq
dərs"lər (xüsusilə kimya, fizika dərsləri, laboratoriya
işləri, reaksiyaların aparılması və s.) keçirmək, canlı
bağlantı ilə sorğu aparmaq, diskussiya təşkil etmək də
faydalı ola bilər. Dərsdə verilən tapşırıqların
cavabını e-mail vasitəsilə verilişə göndərmək olar.
Bir çox məktəblərdə kimya dərsində praktik işlərin
yerinə yetirilməsi, reaksiyaların aparılması üçün lazımi
şərait, təchiz olunmuş laboratoriya yoxdur.
Maddi-texniki bazası olan məktəblərin qabaqcıl
müəllimlərinin dərsinin elektron versiyası hazırlanıb
disk şəklində yayılma imkanı yaradılsa, müəllim və
şagirdlərimiz çox sevinər. Belə dərslərin TV ilə yayımı
da arzulayanlara onu əldə etmək, diskə yazmaq imkanı
yarada bilər.
Neçə illərdir respublikamızda dövlət səviyyəsində,
müxtəlif layihələr çərçivəsində Azərbaycan cəmiyyəti
üçün son dərəcə aktual olan bu məsələnin tədqiqi,
müzakirəsi, Azərbaycanda tətbiqinin müxtəlif
aspektlərinin işıqlandırılması, bu istiqamətdə aparılan
islahatlara vətəndaş cəmiyyətinin dəstəyinin təmin
edilməsi məsələləri ilə bağlı bir çox işlər
görülür.
Ümumtəhsil məktəblərində yeni təhsil proqramının
(kurikulum) tətbiqi ilə bağlı fənn müəllimləri 10 günlük
kurslarda iştirak edir, dərslərini fəal (interaktiv)
təlim metodlarından istifadə edərək qururlar. Ali
məktəblərdə (müəllim hazırlığı istiqamətində fəaliyyət
göstərən) işləyən müəllimlərin əksəriyyəti tədris
prosesini müasir tələblərə uyğun qurmaqda çətinlik
çəkirlər. Tələbələrə məqsədəuyğun olaraq seçilmiş
şəkillər, animasiyalı, audio-video materiallarla zəngin
təqdimatlar, elektron tədris vəsaitlərindən (ETV),
interaktiv təlim metodlarından istifadə etməklə
mühazirələrin oxunması, seminarların keçirilməsinin
dərsin maraqlı, canlı qurulması, tələbələr tərəfindən
mövzunun daha yaxşı mənimsənilməsi, tələbənin XXI əsrin
müəllimi kimi formalaşmasına çox böyük köməyi ola bilər.
Bu günün tələbəsi bir və ya bir neçə ildən yeni təhsil
proqramının tələbləri ilə dərs keçmiş şagirdlərlə
işləməli olacaq, ona görə də tələbənin ali məktəbdə bu
istiqamətdə hazırlanması çox gözəl nəticələr alınmasına
kömək edə bilər.
Ümummilli lider Heydər Əliyev deyirdi: "Əsl mütəxəssis
zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər
qabaqlamalıdır". Neçə ildir ki, Zaqatala Tədris
Mərkəzi ilə əməkdaşlıq etməklə müxtəlif layihələr,
müsabiqələr, beynəlxalq konfranslarda iştirak etməklə
bəzi işlər görməyə çalışmış, müəyyən nəticələr almağa
nail olmuşuq. 2008-ci ildən elektron təhsillə bağlı bir
sıra müsabiqələrdə iştirak edir və qalib yerlər tuturuq.
Ötən dərs ilində Təhsil Nazirliyinin keçirdiyi "İctimai
təşəbbüslərin dəstəklənməsi" layihəsinin qalibi olaraq
40 nəfər müəllimə elektron tədris resurslarının
hazırlanması ilə bağlı 4 aylıq təlim keçdik, "İnnovativ
müəllimlər qrupu" yaradıldı, müəllimlər informativ,
praktik işlərlə bağlı və qiymətləndirmə vəsaiti kimi
istifadə olunacaq elektron resurslar hazırladılar,
"Elektron təhsil" müsabiqəsinə qoşuldular. Bu il yenə
həmin müsabiqənin qalibi olduq və 10 nəfər innovativ
ibtidai sinif müəllimi və məktəbəqədər təhsil
müəssisələrinin tərbiyəçilərinə məşğələləri müasir
dövrün tələblərinə uyğun qurmaq, tədrisyönümlü cizgi
filmləri hazırlanmasını öyrətmək məqsədilə 4 aylıq
təlimlər keçirəcəyik. |