Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Şagird şəxsiyyətinin formalaşmasında şəxsi nümunənin rolu

 

Rəna ASLANOVA,
Daşkəsən rayonu, İ.Nəsimi adına 1 nömrəli şəhər tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim

Müasir dövrdə təlimin başlıca rolu bəşəri dəyərlərə əsaslanan, məntiqi, tənqidi və yaradıcı təfəkkürə malik şəxsiyyətlər yetişdirməkdən ibarətdir. Elə şəxsiyyətlər ki, onlar yüksək əxlaqi keyfiyyətlərə malik vətənpərvər olsunlar. Vətənpərvərlik ən yaxşı ənənələri özündə əks etdirməklə, şagirdlərdə keçmiş tarixi irsə məhəbbət oyadır. Müdrik xalq kəlamlarında deyilir: "Keçmişi yaddan çıxarsan indinin və gələcəyin qədrini bilməzsən", "Keçmişə güllə atanı gələcək topa tutar", "Keçmişi bilməsən, gələcəyə irəliləyə bilməzsən". Keçmiş irsi öyrənmək ona görə vacibdir ki, hansısa bir aqilin dediyi kimi, "ağsaçlı keçmiş hər bir  şəraitdə bütün gələcək nəsillər üçün müstəsna dərəcədə əhəmiyyətli bir dövr olaraq qalacaqdır, çünki o, bütün sonrakı daha yüksək inkişafın özülünü təşkil edir".

Vətənpərvərlik hissi hər bir insanı öz vətəni üçün hər cür fədakarlığa hazır olmağa səsləyir. Bunun üçün şagird şəxsi nümunələr, müdrik və aqil şəxslərə bənzəmək, onların həyatda etdiklərini öyrənmək arzusu ilə yaşayır. Əlbəttə ki, bu işdə ən böyük örnək ümummilli liderimiz Heydər Əliyevin nümunəsidir. Bu müdrik şəxsiyyətin gənclərə ünvanladığı qiymətli kəlamlar da çox böyük əhəmiyyətə malikdir. "Hər bir gənc müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün vətənini sevməli, xalqımızı sevməli, dilimizi və milli ənənələrimizi sevməlidir".

Təcrübəmə əsasən deyə bilərəm ki, dərsin müəyyən mərhələsində Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məqamları açıqlamaq şagird şəxsiyyətinin formalaşmasında çox böyük rol oynayır. Bu zaman şagirdlərdə bu fenomenal insan haqqında daha ətraflı məlumat toplamaq, onun həyat və fəaliyyətini dərindən öyrənmək marağı oyanır.

V sinifdə ədəbiyyatdan "Qanadlı misralar" mətnini keçərkən şagirdlər dahi sənətkarlarımızın əbədiyaşarlıq  rəmzinə çevrilmiş hikmətli kəlamları ilə tanış oldular. Dahi şairimiz N.Gəncəvinin, B.Vahabzadənin, A.Səhhətin və digər sənətkarlarımızın qanadlı misraları şagirdlərin bir şəxsiyyət kimi formalaşması üçün zəmin rolu oynadı. Doğma vətənə məhəbbətdən yoğrulmuş bu misralar şagirdlərin qəlbinə yol tapır, onların hər birini Vətəni təkcə sözdə deyil, əməli işlərində sevməyə, Vətən üçün gərəkli vətəndaş olmağa çağırır. Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizdən biri - Ülvi Bünyadzadə haqqında məlumat şagirdlərin xüsusi marağına səbəb oldu. Məktəbimizin məzunu olmuş və hazırda "Şəhidlər guşəsi"ndə haqqında ətraflı məlumat olan Ülvinin hələ orta məktəbdə oxuyarkən öz inşa yazısında "Ovod" əsərinin  qəhrəmanı Artura bənzəmək istədiyini söyləyəndə şagirdlərin marağı daha da artdı. Onun 13 yaşı olanda yazdığı misralar şagirdlərin hər birində ona bənzəmək, onun kimi vətənpərvər olmaq hissini artırdı.

Hətta səhərisi gün şagirdlərdən Sabir Baxşıyev Ülvi kimi şeir yazdığını bildirdi. Şeirini oxudu və Ülvi haqqında geniş araşdırma apardığını da qeyd etdi. Bildirdi ki, biz fəxr edirik ki, Ülvi kimi qəhrəmanlarımız, hər birimiz üçün şəxsi nümunə və örnək olan vətənpərvərlərimiz var.

Məktəbimizin hərbi-vətənpərvərlik ruhu aşılayan "Şəhidlər guşəsi"ndə həm milli qəhrəmanlarımızın portretləri, həm də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan həmyerlilərimiz haqqında ətraflı məlumat vardır. Bəzi dərslərimizi orada keçməklə şagirdlərimizdə vətənpərvərlik hissini daha da artırmağa səy göstəririk.

Həm şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, həm də onlarda milli qürur və vətənpərvərlik hissinin artırılmasında şəxsi nümunələrin rolu böyükdür. Ona görə də biz müəllimlər hər zaman öz dərslərimizdə şəxsi nümunələrdən bacarıqla istifadə etməliyik.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov